Fotos
AMEA-nın Rəyasət Heyətində yeni bioloji fəal maddələrin sintezi və tədqiqinə həsr olunan müştərək beynəlxalq tədqiqatlarla bağlı elmi məruzə dinlənilib
Noy 15 , 2017 | 04:37 / Mühüm hadisələr
Oxunma ( 2483 )

Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin “Yeni bioloji fəal üzvi birləşmələrin sintezi, tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” mövzusunda məruzəsi dinlənilib.

Akademik vurğulayıb ki, müxtəlif kimyəvi mənşəli üzvi birləşmələr olan bioloji fəal maddələr biokimyəvi proseslərə stimullaşdırıcı və ya dəfedici təsir göstərə bilər. Karbohidrogen təbiətli maddələrin mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit olduğunu deyən natiq mikrobioloji zədələnmə nəticəsində həmin maddələrin yararsız vəziyyətə düşdüyünü, böyük maddi itkiyə səbəb olduğunu əlavə edib. Bildirib ki, bu problemi aradan qaldırmaq üçün ən səmərəli yol bioloji fəal maddələrdən – biosidlərdən istifadə etməkdir. V.Fərzəliyev institutda neft məhsullarının biosidlər vasitəsilə mikrobioloji zədələnmədən mühafizəsi istiqamətində elmi işlərin aparıldığını, çoxlu sayda bioloji fəal üzvi birləşmələrin sintez edildiyini, bir neçəsinin isə artıq tətbiq edildiyini diqqətə çatdırıb.

Akademik rəhbərlik etdiyi institutda Mikrobiologiya və Fiziologiya institutları ilə birgə yeni bioloji fəal birləşmələrin sintezi və tədqiqi sahəsində multidissiplinar elmi proqramın icra olunduğunu da qeyd edib: “Proqram çərçivəsində tərkibində müxtəlif funksional qruplar olan 125 yeni üzvi birləşmə sintez edilib”.

V.Fərzəliyev vurğulayıb ki, Aşqarlar Kimyası İnstitutunda sintez edilmiş yeni fizioloji fəal maddələrin canlı orqanizmlərə təsiri Türkiyənin Atatürk Universiteti, İtaliyanın Florensiya Universiteti və Səudiyyə Ərəbistanının Kral Saud Universitetinin iştirakı ilə yaradılmış Müştərək Beynəlxalq Tədqiqat qrupu tərəfindən təsdiq olunub. Alınan ilkin nəticələrin yüksək impakt faktorlu beynəlxalq jurnallarda işıq üzü gördüyünü əlavə edib.

Məruzə dinlənildikdən sonra suallar cavablandırılıb, mövzu ətrafında AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevBiologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman ƏmiraslanovFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxış edib, təkliflərini səsləndiriblər.

Sonda Rəyasət Heyəti qərar qəbul edib. Aşqarlar Kimyası İnstitutuna zərif üzvi sintez üsullarından istifadə edərək yeni bioloji fəal üzvi birləşmələrin sintezi, onların quruluşu və tərkibi ilə bioloji fəallığı arasında asılılığın öyrənilməsi sahəsində elmi-tədqiqat işlərinin praktiki məqsədlərə yönəldilməsi, Müştərək Beynəlxalq Tədqiqat qrupu çərçivəsində sintez edilmiş yeni üzvi birləşmələrin bioloji fəallığının tədqiqinin davam etdirilməsi tapşırılıb. Qərarda mövcud sahədə fəaliyyət göstərən İtaliyanın Milli-tədqiqat Şurasının Biostruktur və Biotəsvir İnstitutu, Belarus Milli Elmlər Akademiyasının Bioloji Fəal Maddələrin Biokimyası İnstitutu və "World Medicine" şirkəti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi yer alıb. Həmçinin Kimya Elmləri Bölməsi ilə Biologiya və Tibb Elmləri Bölməsinə bioloji fəal maddələrin sintezi və tədqiqi sahəsində müştərək tədqiqatların davam etdirilməsi və alınan nəticələrin tətbiq problemlərinin həll edilməsi tapşırılıb. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.