Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2017-ci il üzrə son iclası keçirildi
Dek 22 , 2017 | 04:00 / Mühim hadisələr
Oxunma ( 378 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) İdarə Heyətinin iclasında bölmə hesabatları davam edib. Şura sədri Famin Salmanov qalan iki bölmənin hesabat məruzələrinin dinləniləcəyini vurğulayıb.

GAMŞ-nın Yer Elmləri bölməsinin hesabatını AMEA Coğrafiya İnstitutu GAMŞ sədri, c.ü.f.d. Samirə Ələkbərova və Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinin hesabat məruzəsini AMEA Fizika İnstitutunun GAMŞ sədri, f.ü.f.d. Qafil Dəmirov təqdim etdilər. Onlar müvafiq bölmələrə daxil olan institutlarda elmin təbliği, gənclərin elmə cəlb olunması, marifləndirmə seminarları, gənclərin beynəlxalq konfrans və təcrübəkeçmələrdə iştirakı, qazandıqları uğurlar və dərc etdikləri məqalə-tezislər haqqında müqayisəli məlumat verdilər.

Hər iki hesabat məruzəsi geniş müzakirə olunduqdan sonra qəbul olundu.

Sonra Azərbaycan Gənc Alimlərinin I Qurultayının nəticələri  və "Elmin populyarlaşdırlması fəaliyyətinə görə AMEA Rəyasət Heyətinin Mükafatı" məsələləri müzakirə olundu və sözügedən mükafata namizəd müəyyənləşdirildi.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.