Fotos
AMEA FİZİKA İNSTİTUTUNUN GƏNC ALİMLƏRİ S.C.PİŞƏVƏRİ ADINA RESPUBLİKA HUMANİTAR FƏNLƏR GİMNAZİYASINDA MƏKTƏBLİLƏRLƏ GÖRÜŞ KEÇİRİBLƏR
Apr 12 , 2018 | 06:33 / ELMİN TƏBLİĞİ
Oxunma ( 307 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında görüş keçirib. Görüşdə məqsəd Gimnaziyada yeni yaradılan “Kiçik Elmi Akademiya”-nın strukturu ilə tanış olmaq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub. Tədbiri giriş sözü ilə açan Gimnaziyanın direktor müavini Cəmilə Allahverdiyeva “Kiçik Akademiya”nın fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası daima AMEA institutları ilə xüsusən Fizika İnstitutu ilə əməkdaşlıq edir. C.Allahverdiyeva 2016-cı ildə Fizika İnstitutunun təşəbbüsü və AMEA GAMŞ-ın təşkilatçılığı ilə IX-XI siniflər arasında keçirilmiş “Gələcəyin tədqiqatçıları” adlı layihədən bəhs edib. Qeyd edib ki, həmin layihənin yekunlarına əsasən fərqlənən şagirdlər mükafatlara layiq görülmüşdülər. O, Gimnaziyanın  humanitar fənlər üzrə ixtisaslaşmasına baxmayaraq, burada texniki fənlərə də xüsusi diqqət ayrıldığını bildirib. Çıxışının sonunda C.Allahverdiyeva yeni yaradılmış “Kiçik Akademiya”nın idarə heyəti ilə tədbir iştirakçılarını tanış edib.  Bildirib ki, “Kiçik Akademiya” nın prezidenti Ləman Hacıyevadır.

Daha sonra tədbir Fizika İnstitutu GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirovun çıxışı ilə davam edib. Q.Dəmirov bildirib ki, elm və təhsilə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu da ayrı-ayrı vaxtlarda qəbul olunan dövlət proqramlarında öz əksini tapır. O, Fizika İnstitutunun gənc alimlərinin fizika fənninə şagirdlərin marağını  artırmaq məqsədilə irəli sürdüyü təşəbbüsdən bəhs edib. Bildirib ki, təşəbbüsün əsas hissəsi 2017-ci ilin  sentyabr ayından  etibarən  Gimnaziyanın VII sinif şagirdləri üçün əlavə məşğələlər keçirmək, ikinci hissəsi isə fizika fənninin əyləncəli istiqamətlərini elmi-əyləncəli şou vasitəsilə məktəblilərə çatdırmaq ibarətdir. Q.Dəmirov bu cür əməkdaşlıqların gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd edib.

Tədbirdə GAMŞ-ın üzvləri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, elmi işçilər Səbinə Zeynalova, Aynur Qəhrəmanova və Humay Məmmədova çıxış ediblər.

Tədbirin sonunda elmi-əyləncəli şou nümayiş olunub.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.