Fotos
AMEA Fizika İnstitutu gənc alimləri 233 saylı məktəbdə "Kiçik Akademiya"nın açılışında iştirak ediblər
İyn 05 , 2018 | 02:06 / ELMİN TƏBLİĞİ
Oxunma ( 48 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Qaradağ rayonu 233 saylı məktəbdə görüş keçirib. Görüşdə məqsəd məktəbdə yeni yaradılan “Kiçik Elmi Akademiya”nın strukturu ilə tanış olmaq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülər Bəbirova yeni yaradılmış “Kiçik Akademiya”nın fəaliyyəti haqqında məlumat verib və onun idarə heyəti ilə tədbir iştirakçılarını tanış edib.  Bildirib ki, “Kiçik Akademiya”nın prezidenti məktəbin fizika müəlliməsi Günay Məmmədovadır.

Daha sonra tədbir Fizika İnstitutu GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirovun çıxışı ilə davam edib. Q.Dəmirov qeyd edib  ki, elm və təhsilə dövlət səviyyəsində diqqət və qayğı günbəgün artmaqdadır. Bu da ayrı-ayrı vaxtlarda qəbul olunan dövlət proqramlarında öz əksini tapır. Bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi bir sıra aidiyyatı qurumlarla, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bir çox layihələr həyata keçirir. Bu uğurlu layihələrdən biri də orta təhsil müəssislərində kiçik akademiyaların yaradılmasıdır.  Bu cür akademiyaların yaradılmasında məqsəd respublika ümumtəhsil məktəblərində istedadlı gənclərin bilik və bacarıqlarının vaxtında aşkar edilməsi, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onlara dəstək olmaq və birgə elmi layihələrdə iştirak etmək vərdişlərinin aşılanmasından ibarətdir. Q.Dəmirov məktəblə əməkdaşlıqlarının gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd edib.

Tədbirdə GAMŞ-ın üzvü, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova da çıxış edib. O, şagirdlərə dəstək olduqlarına görə müəllimlərə minnətdarlığını bildirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Tədbirin sonunda elmi-əyləncəli şou nümayiş olunub. Məktəblilər də öz elmi-təcrübələrini Fizika İnstitutu GAMŞ-ın üzvlərinə təqdim ediblər.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.