Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələrinin hesabatına yekun vurulub
Dek 21 , 2018 | 06:00 / Mühim hadisələr
Oxunma ( 80 )

21 Dekabr 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin cari ilin yekunlarına həsr olunan növbəti hesabat yığıncağı davam edib. İclası açan Şuranın sədri, dosent Famin Salmanov bildirib ki, bu günki toplantının gündəliyinə Kimya, Humanitar və İctimai elmlər bölmələri olmaqla qalan 3 elmi bölmənin hesabatının dinlənilməsi daxil edilib. Şura sədri bildirib ki, bu bölmələr üzrə də AMEA Rəyasət Heyətinin müəyyən etdiyi prioritet sahələrə uyğun olaraq həm elmlə təhsilin vəhdətinin yaradılması, həm elmin populyarlığının artırılması, həm də Akademiya gənc mütəxəssislərinin timsalında Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində ənənəvi və qeyri ənənəvi layihələr həyata keçirilib. Bütün bu işlərdə isə ayrı-ayrı bölmələrə daxil olan institutların yerli şuraları da əhəmiyyətli rol oynayıb, ümumilikdə Akademiyanın elmi-ictimai fəaliyyətinə gənclər böyük töhvələr verib.

İlk olaraq Kimya elmləri bölməsinin hesabatını təqdim edən GAMŞ Kimya elmləri bölməsinin katibi, dosent Faiq Məmmədov, rəhbərlik etdiyi bölməyə aid olan institutların yerli şuraları tərəfindən elmin təbliği, elmin populyarlaşdırılması, gənclərin elmə həvəsləndirilməsi və sair istiqamətdə həyata keçirilən ictimai və elmi tədbirləri, gənclərinin beynəlxalq və yerli konfranslarda iştirakı, marifləndirmə seminarları haqqında geniş məlumat verib.

Sonra Şuranın Humanitar Elmləri Bölməsinin ümumiləşdirmiş şəkildə hesabat məruzəsi ilə çıxış edən AMEA GAMŞ sədrinin müavini, fil.ü.f.d., dosent Eşqanə Babayeva bölməyə aid olan institutlarda əsasən gənclərin elmi-ictimai fəaliyyəti, il ərzində əldə etdikləri elmi nailiyyətlər və dərc etdikləri monoqrafiya, məqalə, tezis, həmçinin, xaricdə keçdikləri təcrübəartırma, iştirak etdikləri beynəlxalq konfrans, elmi simpoziumlar haqqında geniş məlumat verib.

Məruzəçi, müvafiq institut gənclərinin statistik və elmi göstəricilərinə konkret nümunələrlə aydınlıq gətirərək, onların həm beynəlxalq, yerli konfranslarda iştirakına, həm də dərc etdikləri monoqrafiya, məqalə-tezislərin sayına görə əvvəliki illərlə müqayisədə artım olduğunu deyib.

Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun GAMŞ sədrinin müavini t.ü.f.d. Valeh Əlizadə GAMŞ İctimai elmlər bölməsinin hesabat məruzəsi ilə çıxış edib. O vurğulayıb ki, bu bölməyə daxil olan institutların yerli şuraları tərəfindən əsas istiqamətlər üzrə bir sıra işlər görülüb. Belə ki, il ərzində həm elmin təbliği, həm həvəsləndirmə tədbirləri olaraq, marifləndirmə seminarları, məktəblilərin ekskursiyası, açıq qapı günləri, gənc mütəxəsislərin xarici ölkələrin aparıcı elmi müəssisələrində keçdikləri təcrübəkeçmə, eyni zamanda gənclərin əldə etdikləri nailliyətlər, qazandıqları mükafatlar haqqında məlumat verərək, ayrı-ayrı institutların gəncləri tərəfindən il ərzində fəallıq göstərdiyini diqqətə çatdırıb.

GAMŞ İdarə Heyətinin üzvləri hər iki bölmənin hesabatları haqqında öz rəy və təkliflərini səsləndirdiblər və yekunda səsvermə ilə hesabatları yekdilliklə qəbul ediblər.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.