May 21 , 2015 | 11:00 / Elmi müsabiqələr
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, iclasda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nərimanov rayonu Bağça-Məktəb-Lisey kompleksində X siniflər arasında fizika fənnindən keçirilmiş olimpiadanın və 2014-cü ilin yekunlarına əsasən, 35 yaşa qədər olan gənc alimlər arasında elmi tədqiqat işlərinin (məqalə, tezis, patent və.s) qiymətləndirilməsi istiqamətində təşkil olunmuş müsabiqənin mükafatlandırma mərasimi olub. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov açıb. İlk olaraq o, mayın 19-da Azadlıq prospektində yerləşən yaşayış binasında baş vermiş yanğın nəticəsində dünyasını dəyişmiş qurbanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.
Tədbir elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun çıxışı ilə davam etdirilib. O, iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib. Daha sonra olimpiadanın qalibləri mükafatlandırılıb. I yerə Aynur Nağızadə (202 saylı məktəb), II yerə Gülçöhrə Qazıbəyova (207 saylı məktəb), III yerə isə Fidan Əliyeva (43 saylı məktəb) layiq görülüb. Qaliblər pul mükafatı (150, 100 və 50 AZN) və diplom, seçilmiş digər iştirakçılar isə həvəsləndirici diplomlarla təltif olunublar. İclasda gənc alimlər arasında elmi tədqiqat işlərinin (məqalə, tezis, patent və.s) qiymətləndirilməsi istiqamətində təşkil olunmuş müsabiqənin qalibləri də mükafatlandırılıb. Aparılan qiymətləndirməyə əsasən, Tural Nağıyev (I yer), Ülkər Səmədova (II yer ), Mobil Kazımov və Vüsalə Cəfərova isə (III yer) qalib olub.
Qaliblər elmi müəssisənin müdriyyəti və Həmkarlar İttifaqı tərəfindən I,II, III dərəcəli diplom və pul mükafatı (400,300 III yer iki nəfər arasında bölünüb 150150AZN) ilə təltif olunublar.
İclas İnsitutun laboratoriya rəhbərləri və şöbə müdiri vəzifələrinə seçkilər keçirilməsi ilə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.