Fotos
BƏXTİYAR VAHABZADƏ PUBLİSİSTİKASINDA SOYQIRIM
İyl 08 , 2015 | 06:00 / Elmi nəşrlər
Oxunma ( 7003 )

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı

Paşayeva Aynurə Niyaz qızı, aynure8@mail.ru

BƏXTİYAR VAHABZADƏ PUBLİSİSTİKASINDA SOYQIRIM

(“Azərbaycan” jurnalının materialları əsasında)

      1988-ci ildən başlayaraq Dağlıq Qarabağla bağlı yaranmış gərgin siyasi vəziyyət, 1990-cı il xalqımıza qarşı törədilən 20 Yanvar faciəsi, eyni zamanda güclənən milli özünüdərk prosesi nəticəsində ictimai rəyə daha operativ münasibət bildirən bədii publisistikada erməni separat­çılarının törətdikləri qırğınların tarixi köklərinin araş­dı­rıl­­masına qarşı böyük maraq oyandı. Xal­qımızın milli özünüdərkində, milli ruhu­nun oya­nışında, həmçinin bədii-fəlsəfi, po­etik fikir tarixi­mi­zin inkişafında özünə­məxsus xidmət­ləri olan, əsərlərini böyük vətəndaş­lıq narahatlığı ilə qələmə alan xalq şairi Bəxtiyar Vahab­zadə xalqımıza qarşı törə­dilən ağır genosid siyasətinə hiddətli etiraz sə­sini qaldırdı. Siyasi pro­­seslərə ayıq münasibət bildirən, ötən əsrin 50-ci illərindən qələmi ilə mü­ba­rizə apa­ran, ən yük­sək kürsülərdə, Azər­baycan SSR Ali Sovetinin ses­­siyalarında öz sözünü de­mək­dən çə­kin­­­məyən, döyüşən şair, publisist Bəxtiyar Va­hab­zadə baş verən faci­ələrə qarşı mü­na­sibətini 1990-cı ildə yazdığı “Şən­bə gecəsinə gedən yol” məqa­lə­sində qəzəbli şəkildə bil­dir­­di.

     Real tarixi faktlardan çıxış edə­rək erməni yalan­larına qarşı mübarizə müasir dövrümüzdə xüsusi aktuallıq kəsb edir. Əsər gərgin siyasi vəziyyətlərin cərəyan etdiyi şəraitdə -Dağ­lıq Qarabağın Azərbay­candan ilhaq edil­məsi, 70 il Sovet hakimiyyəti altında əzilən xalqın üsyanı, tarixdə misli gö­rünməmiş şənbə gecəsində törədilən 20 Yanvar faciəsi və bu hadisələ­rin fövqündə milli mən­liyi alçaldan qüvvələrə qarşı milli özünüdərk hissinin güc­ləndiyi bir zamanda ər­sə­yə gəldi. B.Vahabzadə erməni genosidinin tarixi köklərini araşdırıb onun ideoloji yönlərini, istiqa­mət­lərini həmin adı çəkilən məqalədə oxu­cusuna böyük vətən yanğısı ilə çatdırdı. Erməni lob­bi­sinin dəstəyi ilə bütün dünya mətbuatında çıxış edərək 1988-ci ildən bu yana azərbaycanlılara qarşı törətdikləri müsibətlərin üstündən xətt çəkib ədalətin xilafına çıxaraq bizi “vəhşi”, “mədəniy­yət­siz” millət adlandırıb özlərini “əzi­lən xalq” kimi qələmə verən ermə­nilərə qarşı son­suz qəzəbini publisist bu əsərində açıq şəkildə, böyük cəsarətlə bildirdi. Çünki sərt senzura nəzarəti, mətbu orqanlara “yuxarıdan” edilən təzyiqlər, münaqişələri işıq­lan­dır­maq təcrübəsizliyi və s. kimi amillərin təsiri altında olan, 70 il­lik “sovet xofu”nun və 30-cu illərin repressiyasını unutmayan KİV-in böyük hissəsi o dövrdə çox şeyi mətbuatda açıq söyləməyə cəsa­rət etmirdi. Ancaq “Azərbaycan” jur­na­lının 1990-cı il 9 və 10-cu sayında çap olunan “Şənbə gecəsinə gedən yol” mə­qa­­lə­sində müəl­lif 20 Yan­var faciəsinin yüz­lərlə dəhşətli epizodları fonunda sovet impe­riyasının Azər­bay­can xalqı­na qarşı tö­rət­diyi genosid aktını ifşa etmişdir. Müəl­li­fin genosid barədə in­for­masiyası müşahidə etdiyi, şahidi olduğu hadisələr, gündəlik iz­lədiyi mətbuat or­qanlarından qaynaq­lanır­dı. Ancaq bir şeyi də nəzərə almaq la­zım­dır ki, B.Vahab­zadə bu əsəri qələmə alan zaman hələ xalqın taleyinə qara hərf­lər­lə yazı­la­caq Xocalı soy­qı­rı­mından, itirilə­cək Azər­bay­can torpaqlarından xəbərsiz idi.

    Əsərdə genosidə tarixilik aspektindən yanaşan B.Vahabzadə öz xalqının başına gətirilən dəhşətli faciəni araşdıran zaman şəxsi mühakimələrində genosidi mənəvi və fiziki adlandırmaqla iki yerə ayırır. Ermənilərin separatçı-bölücü siyasətinə, xalqımı­za qarşı yürüdülən hiylə, böhtan dolu yazı­lara etiraz edən, erməni və erməni yönlü mətbu informasiya mənbələrinə qarşı müqavimət gös­tər­məyə çalışan, xarici mətbuatın bizə qarşı çıxışlarına vaxtlı-vaxtında layiqli cavab verən B.Va­hab­zadənin ruhunu mənəvi genosid daha çox sarsıdırdı. Ancaq o, erməni­pərəst çıxışlarla mətbu­at­­da iştirak edən­lərə, erməni əhalisini açıq-aşkar azərbaycanlı­lara qarşı qoyanları, milli münaqi­şənin gedişinə göz yumanları görəcək qədər ayıq, ona qarşı dayanan qüv­vələr içəri­sində belə baş verən prosesləri oxucusuna çatdıra biləcək qədər cəsa­rətli qələm sahibi idi. Əsərdə mənəvi genosid tarixi saxtalaşdıran, Qafqazda əsassız ide­­oloji bünövrə yarat­mağa çalışan ermənilərin uzun illərdən bəri bizə qarşı yürütdükləri məkrli məq­səd­lərinin məcmusunu təşkil edir. Mənəvi genosidin gücləndiyi vaxta təsadüf edən yeni­dən­qurma və aşkarlıq dövrünün “geniş imkanlar” açdığı bir zamanda ermə­ni­lər üçün öz mən­fur niyyət­lərini açıq şəkildə ifadə etməyə münbit zəmin yarandı. Mənəvi ge­no­sidin əsas his­səsini təşkil edən ekoloji genosid anlayışının mahiyyətini aydınlaş­dıran publisist vaxtilə xal­qın böyük səadəti kimi qələmə verilən “ölü zona”ya çevrilən Sumqayıt zavodları, zəhərli dər­manlarla yetişdirilən pambıq əkinini göstərərək səbəb­kar­ları Moskvadan alqışlar qazan­maq üçün çalışan öz rəhbərlərimizi də bu hadisədə qınayır: “Yenə plan xatirinə məktəbli ba­la­la­rımızı pam­bıq tarlalarında min cür əzab-əziyyətə qatlaşmağa məcbur etmək, ilin dörd-beş ayını təhsildən məhrum etmək mə­nə­vi genosid deyilmi? “Genosid” deyəndə ağzına çullu dov­şan sığışmayan, vay-şi­və­­ni ilə dünyaya səs salan qonşuları­mız bəs bizim genosidi niyə gör­­mür­lər? Niyə SSRİ-də yaşayan xalqlar içərisində yalnız türkdilli xalqlar pambıq əkib-becər­məlidir” [1, s.13]. Vahid ideoloji konsepsi­yanın olmadığı 1990-cı illərdə mənəvi ge­no­sidə qar­şı cə­sarətlə mübarizə aparan, xal­qın milli heysiyyətini tapdalayanlara qarşı etiraz sə­­sini ucaldan B.Vahab­zadə­ X.Rza­nın, A.Zamanovun və başqalarının cəza­landırıl­ma­sı­nı bö­­­yük təəssüf hissi ilə qeyd edir, oxucuda vətənpərvərlik, təəssübkeşlik hissini da­ha da artırırdı.

     Azərbaycanın çətin iqtisadi şəraitində 250 min köçkünün Türkiyə Bolqarısta­nından, 40 min məhsəti türkünün Özbəkistandan ölkəmizə köçürülməsi xalqımızın assimilyasiyaya uğ­raması məqalədə mənəvi genosidin örnəklərindən biri kimi diqqəti cəlb edir. “Şənbə gecəsinə gedən yol” məqaləsində Moskva tərəfindən Azərbaycanın siyasi səhnəsindən sıxışdırılması, kölgədə saxlanıl­ması, ancaq ermənilərə yüksək maddi və mənəvi imtiyazların tətbiq olun­ması bizə qarşı qərəzli, ayrıseçkili münasi­bət kimi mənalandırılır. Mənəvi genosidin daha çox dərinləşməsinə səbəb olan amil isə xalqımıza qarşı səsləndirilən “vəhşi”, “genosid cəl­lad­­ları” kimi təhqirləri qarşısın­da öz rəh­bər­lərimizin susmaq mövqeyini tutmasıdır.

B.Vahabzadə əsərdə 1918-ci ildə Azərbaycanda tö­rədilən qırğınların sahibi, vaxtilə adına heykəllər ucaltdığımız S.Şaumyan, onun havadarı S.Lalayanı lənət­ləyir, ermənilərin Dağlıq Qarabağ iddiaları, tarixi saxtalaşdır­maq cəhdləri, xalqımıza qarşı törədilən faciələrin səbəblərini aydınlaşdırır, tutarlı arqumentlərlə böhtançı erməni siyasətini ifşa edir, bu siyasi prosesə şərait yaradan Qarbaçov və bəzi azərbaycanlı rəhbərləri də tənqid etməkdən çə­kinmirdi. Publisist faciənin səbəbkarlarını aydın şə­kildə görür: “Bizə çoxdan məlumdur ki, başımıza açılan bu oyunlar təkcə balaca xal­qın, erməni lobbisinin işi deyil. Bu işlərin başında erməni mafiyasına istiqamət verən, onu güclü silahlarla təchiz edən, hətta açıq-açığına müdafiəsinə keçib hər məsələdə Azərbaycan xalqını təkləyən M.S. Qarbaçov özü durur” [2, s. 17]. Genosi­din arxa­sında dayanan əsil həqiqəti araşdıran publisist gəldiyi qənaətləri tarixi faktlar əsasın­da təsdiq edir. Baş verən siyasi proseslərə ağlın, məntiqin gözü ilə baxan B.Va­hab­zadə bu doğru qənaətini tarixşünaslığımızda öz əksini tapan faktlarla müqayisə etdik­də publisitin düzgün qərar verdiyinin şahidi olarıq: “Və əvvəlcədən heç bir xəbər­darlıq edilmədən, qəflətən Yanvarın 19-dan 20-nə keçən gecə Qorbaço­vun göstərişi, güc nazirləri Yazov, Bakatin və Kryuçkovun bilavasitə başçılığı ilə müxtə­lif növ ordu hissələri Bakıya yeridildi. Kommunist diktaturası 1956-cı ildə Macarısta­na, 1968-ci il­də Çexoslovakiyaya və 1979-cu ildə Əfqa­nıstana qarşı törətdiyi cinayətkar hərbi mü­daxiləni 1990-cı ildə Azər­baycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəl­xalq cinayət öz qəddarlığına görə kommunist diktaturasının bütün əvvəlki cina­yətlə­rin­dən fərqlənirdi. Fərq onda idi ki, Azərbay­cana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbər­liyə alınan erməni əsgər və zabitləri, Azərbay­can­dakı sovet hərbi his­sə­lərində xidmət edən ermənilər, hət­ta erməni kursantlar da daxil edilmişdi. Beləliklə, Rusi­ya imperi­yasının və çariz­min milli münaqişələr və qırğınlar törətmək sahəsindəki «zən­gin» tarixi təcrübəsi də 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı, bütün­lüklə nəzərə alınmışdı” [3, s.4].

     B.Vahabzadə əsərdə Azərbaycan xalqını nahaq günahlandıranlar, Qarabağ hadisə­lərini 1988-ci ilin fevralında Sumqayıtda baş verənlərlə əlaqələndirənləri sorğu-suala çəkir, haqlı olaraq onları ittiham edir: “Bəs Xocalı faciəsindən niyə danışmırsan? Bəs Ermənistanın Qu­qark rayonunda 12 nəfər azərbay­canlının başının kəsilib yandırıl­masından niyə danışmır­san? Sumqayıt hadisəsinin genosid hesab edən cənablar vax­tilə Ermənistan əhali­sinin 43 faizinin azərbaycanlılar olduğu halda, bu gün orda bir nə­fər də azərbaycanlının qalmasını ni­yə geno­sid adlandırmırlar? Niyə bu faktı danır­lar ki, Ermənistandan qovulan zaman öldürü­lən azər­baycanlıların sayı Sumqa­yıt­da öldürülən ermənilərin sayından on qat çoxdur” [1, s.24-25]. Publisist er­məni­lərin mə­nə­vi genosid iddialarına məhəl qoymur. B.Vahab­zadənin geno­sidi əya­ni faktlardan çıxış edərək canlandırmaqda əsas məqsədi xalqın milli şüur və düşüncə tərzinə təsir etmək, milli yaddaşı dirçəltmək, geniş oxucu kütləsi arasında azadlıq, müs­­təqil­lik toxumu səpmək, fiziki genosidi təsvir etməklə məqsədi cinayət­karları ittiham etmək, mey­­dan oxumaqdır. Bəxtiyar Vahabzadə qarşı düşmən tərəfin tarixini, keçmiş mənfur siy­asə­tini anlayacaq qədər ayıq düşüncə sahibi idi. Onun geno­sid yaddaşı ötəri, keçici deyil, bu yad­daş özündə milliliyi və həqiqəti əks edən bədii ruhu, mənəvi özünə­məxsusluğu yaşa­dır. Genosidə qarşı nifrətli emosiya­larla çıxış edən pub­­lisist bütün diletant yanaşmalar, böh­tanlar içərisində ictimai mezaxizm xəstəliyinə tutulan ermə­nilərə qarşı millətin yeganə çıxış yolunu öz gedə­cəyi yolda qibləsini düz­gün təyin et­məkdə, Azərbaycan xalqının milli istiqlal müba­rizə­­sinin mənəvi-ide­oloji ha­zır­lıq mər­hələsində görürdü. Əsrlərdən bəri dəniz­dən dənizə “Böyük Er­mə­nistan” ya­ratmaq xülyası ilə yaşayan, dünya xəzinəsinə Ü.Hacı­bəyov, Niyazi, Niza­mi, Füzuli ki­mi böyük simalar bəxş eləmiş milləti “vəhşi”, “qey­ri-mədəni” adlan­dır­maq­­la törət­dik­ləri cinayət­lə­ri ört-basdır edən erməniləri publisist kəs­kin şəkildə ifşa etmişdir.

    Ancaq emosiya ilə məntiqin sərhədini çətin müəyyənləşdiyi “Şənbə gecəsinə ge­dən yol” məqa­ləsində publisist qanlı faciənin törədildiyi şənbə gecəsindən sonra xal­qın ağır baryerlər qar­şısında qələbəsinə qarşı əminlik hissi oyadır. B.Vahab­zadə qə­zə­bi­ni tək qələmi ilə bildirmir,o dövrdə siyasi proseslərə müdaxilə etmiş, bir neçə ziyalı şəxslərlə birlikdə Qırmızı Ordunun Bakıdan çıxarılmasını Azərbaycan SSR Ali So­ve­tindən tələb etmiş, öz qəzəb və hiddətini M.Qarbaçova gön­dərdiyi teleq­ramda açıq bil­­dirmişdir: “Xalqımın qanını töküb sonra ona başsağlığı gön­dər­mək dəhşətli iki­üz­lü­lükdür. Sənin rəhbər olduğun partiyadan çıxmağı özümə şərəf sayı­ram” [2, s. 15].

      B.Vahbzadə məqalədə yalnız öz adından danışıb genosidə qarşı öz subyektiv münasibətini bildirmir, öz şəxsi fikir və həyəcanları ilə çıxış edərək üzərinə cəsarətlə məsuliyyət götürür. O, analitik təhlillə araşdırdığı genosidin arxa səhnəsində dayanan pərədarxası mətləbləri oxucusuna çatdırırdı. Xalq şairi emosional ifadələrlə oxucuda tarixi prosesə, siyasi hadisələrə qarşı fi­kir formalaşdırır, analitik təhlili polemik key­fiyyətlərlə zənginləşdirir. AMEA-nın müxbir üz­vü Nizami Cəfə­rov “Azərbaycan” jurnalının 2000-ci il 8-ci sayında  nəşr et­dirdiyi “Mil­lət şairi, yaxud B.Va­habzadə fenomeni” məqaləsində yazırdı: “Bəxtiyar öz böyük po­eziyası, müdrik fəlsəfə­si, coşğun publisistikası üçün birinci növbədə na­ra­hat ehtiraslarına borcludur, narahat ehtiras­lar insanı dağa-daşa sala bilər, onu “nor­mal” hə­yatdan məhrum edər, ancaq həmin insanı, hər ne­cə olursa-olsun, nəticə eti­barilə həqi­qətin astanasına gətirib çıxarır.” [5, s. 39]. Böyük hə­qi­qətə sədaqətlə xid­mət edən B.Vahabzadə məqalədə faktların mahiyyəti, özü­nə­məx­sus keyfiy­yətləri, çev­rəsi və analogiyaları, bədii suallarla açılır, dəyərləndirilir. Təhlil etdiyi ha­di­sə və fak­tın ger­çəkliyə uyğunluğu aydınlaşır. Bəzən təhlil dərinləşdikcə, faktın ümumi­ləş­dirmə miq­ya­sı da böyü­yür. Genosidin mahiyyətini aydınlaşdır­maq­dan ötrü publi­sis­tin tez-tez səs­lən­dirdiyi suallar onun siyasi və elmi hazırlığını, pole­mika ustalığını, kəs­kin mən­tiqini, inan­­dırma qüvvəsini sübuta yetirir.

      B.Va­habzadə 20 Yan­var fa­ci­əsinin dəh­şətli epi­zod­larını deyil, daha çox onun arxa­sında duran genosid aktını həya­ta keçirən məkr­li məq­sədləri mən­tiqi inandırma yolu ilə ifşa etmiş­dir. Ona görə də milli özü­nü­dər­kin ilkin rüşeym­lərini ədəbiyyatımıza gətirən, qan yad­daşımızın bərpa­sında xü­susi ro­lu olan Bəxtiyar Vahab­zadənin “Şənbə gecəsinə ge­dən yol” məqa­ləsi tarix­şü­nas­lı­ğı­mızda, ədə­biyyatşü­naslığı­mızda, publisis­tikamızda təd­qi­qa­ta cəlb olu­nub er­mə­ni soyqırımı­nın araş­dırıl­ması baxımın­dan əhə­miy­yət kəsb edir.

Ədəbiyyat:

  1. Vahabzadə Bəxtiyar. Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı, 1990, №9, səh.3-20.
  2. Vahabzadə Bəxtiyar.Şənbə gecəsinə gedən yol//Azərbaycan, Bakı,1990, №10, səh.7-27.
  3. Mehdiyev Ramiz. Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri. Bakı, Azərbay­can Res­pub­likası Milli Məclisinin mətbəəsi, 2000, 204 səh.
  4. Gündoğdu Bayram. Bəxtiyar Vahabzadənin publisistikası: filologiya üzrə fəlsəfə dok. Dissertasiyasının avtoreferatı, Avtoreferat, Bakı, 2010, 28 səh.
  5. Nizami Cəfərov. Millət şairi, yaxud B.Vahabzadə fenomeni. //Azərbaycan, Bakı, 2000, №8, səh.39-42.

 

AYNURA NIYAZ GYZY PASHAYEVA

Genocide in Bakhtiyar Vahabzadeh’s publicism

(On the basis of “Azerbaijan” journal)

ABSTRACT

Bakhtiyar Vahabzadeh who was operativ regarded political processes, prescient writer said his angry attitude against 20 January tragedy 1990 years in “The road to Saturday night”. Approaching the historical aspect to genocide B. Vahabzadeh when analysed tragedy divided genocide into two parts named after spiritual and physical genocides. Bakhtiyar Vahabzadeh’s aim to reflect spiritual genocide with visual facts to influence to the thought and consciousness of the people, to spread independence ideas, the aim of reflection of physical genocides to accuse criminals.

АЙНУРА НИЯЗ ГЫЗЫ ПАШАЙЕВА

Геноцид в публицистике Бахтияра Вагабзаде

(На основе материалов журнала «Азербайджан»)

РЕЗЮМЕ

Оперативно реагирующий на политические процессы, дальнозоркий  публицист Бахтияр Вагабзаде в статье «Дорога, ведущая к субботнему вечеру»  выразил свое возмущение и боль по поводу трагедии 20 января 1990- года. Рассматривая это понятие с исторической точки зрения,  он различает два вида геноцида: физический и духовный. Если подробно останавливаясь на нагляд­ных примерах духовного геноцида, Б. Вагабзаде  хотел повлиять на наци­ональное самосознание народа, а также распространять идеи независи­мос­ти, то  факты  физического геноцида он использовал для  обвинения пресс­туп­ников.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.