31 MART QUBA SOYQIRIMI GƏNC ALİMLƏRİN YADDAŞINDA
Apr 04 , 2016 | 12:52 / Musahibələr, çıxışlar
Oxunma ( 989 )

Aqil ƏHMƏDOV

AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun

Gənc alim və mütəxəssislər şurasının sədri, tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

Bakı, 26 mart 1998

 

Son ikiyüz illik müstəqillik tarixində Azərbaycan xalqı zamanın ağır sınaqları ilə üzləşmiş, bir çox məhrumiyyətlər və itkilərə məruz qalmışdır. Lakin bütün çətinliklərə baxmayaraq milli istiqlalını qoruyaraq, müasir dövrdə qüdrətli dövlət olmağı bacarmışdır. XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif ictimai-siyasi hadisələr yaşanmışdır. Bu hadisələrdən biri, miqyası və qəddarlığı ilə seçilən bolşevik-daşnak birləşmələrinin 1918-ci ilin 31 martında, Quba daxil olmaqla Azərbaycanın bir sıra bölgələrində törətdiyi soyqırımı cinayətləri olmuşdur. Üzərindən bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq ermənilərin “Daşnaksütun” quldur dəstəsinin törədiyi əməllər xalqın yaddaşında dərin iz qoymuşdur. Milli istiqlal uğrunda aparılan mücadilənin sonu Şərqdə ilk parlamentli respublika, Azərbaycan Xalq Cümhuriyyətinin bütün dünyaya elan olunması ilə nəticələnmişdir. Bu tarixi nailiyyət beş min illik dövlətçilik ənənələrinin mövcud olduğu Azərbaycanın ərazi bütövlüyünün dünya birliyi tərəfindən tanınmasına şərait yaratmış və xarici siyasətinin inkişafında mühüm dönüş nöqtəsi olmuşdur. Hazırda Azərbaycan Xalq Cümhuriyyətinin varisi, müasir və müstəqil Azərbaycan Respublikası dinamik inkişaf yolunu tutan hüquqi-demokratik dövlətdir.

Xalqımızın başına gətirilən soyqırımlar dövlət siyasətinə dəstək ifadə edən alimlərimizin əsərlərində, tədqiqat işlərində öz əksini tapmışdır. Belə mühüm məqamlar gənc alimlərimizin də diqqət mərkəzindədir və heç şübhəsiz ki, gələcək elm və texnologiyaların inkişafı ilə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyində elmi-ictimaiyyət ilə görüşərkən bir daha çox əsrlik tariximizə dövlətin sahib çıxdığını vurğulayaraq, tarixi həqiqətlərin yayılmasında alimlərimizin yüksək potensialını qiymətləndirdiyini dilə gətirmişdir. Prezident İlham Əliyev hazırda Ermənistanın Cənubi Qafqaz regionunda davam etdirdiyi işğalçı siyasətinə toxunaraq son ikiyüzillik tariximizdə daşnakların azərbaycanlılara qarşı törətmiş olduqları soyqırımlarından bəhs etmiş və Dağlıq Qarabağın Azərbaycanın tarixi, əzəli torpağı olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Cənab Prezidentin nitqində diqqət çəkən bir məqam xüsusilə qeyd olunmalıdır: “Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş

şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır”. Dövlət başçısının səsləndirdiyi müdrik kəlamlar görkəmli alimlərimizlə yanaşı gənclərimiz, gənc alimlərimiz üçün dəyərli tövsiyə olmuşdur. Bu gün Azərbaycanda yaşayan əhalinin yüksək faizini gənclər təşkil edir və gənclər gləcək nəsillərin sağlam ruhda yetişməsində bilavasitə rola malikdirlər. Azərbaycan tarixi və mədəniyyətinin təbliğ olunmasında onların əhəmiyyətli rolu getdikcə daha çox görünür. İqtisadi və siyasi potensialı durmadan inkişaf edən Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Elmə, biliyə yiyələn gənc alimlərimiz ölkə həqiqətlərinin təbliğ olunmasında həmrəy addımlar atmaqdadırlar.

Belə tarixi həqiqətlərdən biri üzərindən 98 il ötən 1918-ci ilin 31 mart soyqırımıdır. Azərbaycan ərazilərində soyqırımı törədən, xalq düşmənləri Lenin, onun əlaltısı Şaumyan və onun da əlaltıları kimi tanınan Mikoyanlar, Avakyanlar, Lalayanlar, Hamazasplar və s. mənfur daşnak-bolşeviklər bir zamanlar gənclərimizə “qəhrəman” kimi tanıdılmış, Lenin kimi cəlladın uşaqlıq şəklini əks etdirən döş nişanları sovet totalitar rejiminin hökm sürdüyü illərdə gənclərimizin yaxasından asılmış və ya qaniçən Şaumyanın adına mədəniyyət evi fəaliyyət göstərmişdir. Lakin çox keçmədən SSRİ-nin parçalanması ittifaq dövlətlərinin istiqlalının bərpa olunması ilə nəticələnmiş, həqiqətləri uzun müddət pərdələmək mümkün olmamış və haqq ədalət öz yerini tutmuşdur. İndi Azərbaycan gəncləri belə mənfur simalar haqqında daha çox məlumat almaq imkanına malikdirlər və arxiv materiallarının üzə çıxarılmasında gənc alimlərimizin də əməyi danılmazdır. Gənclərimiz sosial şəbəkələrdə, beynəlxalq tədbirlərdə, konfrans və seminarlarda tutarlı faktalar əsasında məruzələr oxuyur, ölkə həqiqətlərinin tanınmasına ciddi dəstək verirlər.

Qeyd etmək lazımdır ki, AMEA-da Azərbaycan elminin gələcəyi olan gənc alimlər yetişir və onlar da dövlət başçısının həyata keçirdiyi praqmatik siyasətə dəstək verməyə hazırdırlar. Bu baxımdan AMEA-nın Gənc alim və mütəxəssislər şurasının fəaliyyəti bütün ölkə gənclərinə bir nümunə ola bilər. Ümumilikdə AMEA-nın Gənc alim və mütəxəssislər şurası elmi-ictimai işlərdə fəalllıq göstərir, milli elmimizin təbliğinə dəstək ifadə edir. Müxtəlif elm sahələri ilə yanaşı tariximizin dərin qatlarından müasir dövrədək yetişən problemləri elmi-nəzəri baxımdan tədqiqat işlərinə cəlb edir, bununla yanaşı məktəblərdə şagirdlərlə görüşərək onların elmə cəlb olunmasına yardım edir, bölgələrə səfərlər edərək gənclərin elm və təhsilə həvəsləndirilməsi kimi maarifləndirici layihələr və tədbirlər həyata keçirirlər.

Belə tədbirlərdən biri hər il 31 mart soyqırımının ildönümündə, şəhidlərimizi anmaq və gənc alimlərimizin mövzu ilə bağlı tədqiqat işlərinin geniş müzakirə edildiyi seminar və dəiyirmi masaların təşkil olunması artıq ənənəvi hal almışdır. Bu səbəbdən 1 aprel 2016-ci ildə AMEA-nın Gənc alim və mütəxəssislər şuralarının sədrləri və bir qrup üzvlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmiş, çoxsaylı görüşlər keçirərək Quba gənclərini, tarixdə xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri haqqında yeni arxiv materiallarına əsaslanan faktlarla tanış etmişlər. Burada diqqət çəkən məqamlardan biri, gənc alimlərimizin tarixi həqiqət ilə bağlı tədqiqat apardıqları zaman, konkret olaraq yaxın tariximizdə baş vermiş soyqırımı cinayətlərini araşdırarkən problemin 1) tarixşünaslığına; 2) siyasi əhəmiyyətinə; 3) nəhayət hüquqi baxımdan necə qiymət verilməsi ilə bağlı üç aspektə həssas yanaşılmasının əhəmiyyəti vurğulanmışdır. Digər tərəfdən bölgələrdə təhsil alan gənclərimzin soyqırımı faktları ilə bağlı, məsələn: XX əsrdə sivil dünyanın gözləri qarşısında törədilmiş Xocalı həqiqətlərindən danışarkən Ağdaban və ya Qaradağlı faciələri ilə bağlı məlumatlarının kifayət qədər olmadığı anlaşıldı. Bu haqda AMEA Dilçilik İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Cahid İsmayıloğlu qubalı gənclərə ətraflı məlumat verdi. Həmçinin AMEA Tarix İnstitutunun Gənc alim və mütəxəssislər şurasının üzvü tarix üzrə fəlsəfə doktoru Raisə Cəfərova haqlı olaraq qeyd etdi ki, hər üç prizmadan, tarixi, siyasi və hüquqi baxımdan 31 mart soyqırımına və ümumilikdə soyqırımı hadisələrinə baxmağımızdan asılı olmayaraq bu cinayətlərin tək adı yenə də soyqırımı olaraq qalır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilov da 31 mart soyqırımı zamanı sağ qalmış və bu günlərədək yaşamış olan canlı şahidlərin dilindən alınmış maraqlı faktların olduğunu qeyd etdi və şərhlər verərək gənclərin marağına səbəb oldu.

Qeyd etmək lazımdır ki, daşnakların 1918-ci ildə Qubada törətdiyi soyqırımının qarşısının alınmasında quabalı bəylərin maddi vəsaiti hesabına ərsəyə gətirdikləri kiçik dəstələr də milli istiqlal uğrunda aparılan mübarizədə yaxından iştirak etmişlər. Belə mühüm məqamlar vətən tarixşünaslığında yetərincə araşdırılmamışdır. 1918-ci il hadisələri zamanı qəhrəmanlıq göstərmiş vətən oğulları haqqında sovet tarixşünaslığı mənfi obraz yaratmış, vətənpərvər, xilaskar insanları gənclərimizə düşmən kimi tanıtmışlar. Xüsusilə Bakı və Quba qırğınlarının qarşısının alınmasında dövrünün tanınmış bəylərindən və ictimai baxımdan tanınan simalarından polkovnik Əli bəy Harun bəy oğlu Zizikskinin adını çəkmək olar. Yaxud Həmdulla Əfəndi, Bəybala bəy Alpanski, Qaçaq Mayıl kimi və s. insanların şücaətini qeyd etmək olar. Onlar

haqqında müstəqil tədqiqat işlərinin yerinə yetirilməsi aktual olaraq qalır. Əsasən kitab və məqalələrdə, internet saytlarındakı cüzi məlumatlar vətən oğullarının tanınması baxımından yetərli deyil. Gənc alimlərimizin milli istiqlal mücadiləsi tarixində iz qoymuş belə vətən oğulları haqqında gələcəkdə daha dolğun və samballı əsərlər ərsəyə gətirəcəyinə inanıram. Bunun tək yolu respublikada və qonşu dövlətlərin arxivlərində mühafizə olunan və az bilinən mənbələrin üzə çıxarılaraq araşdırılması ilə mümkündür.

Hazırda erməni iqtidarı və onların havadarları 1918-ci ilin soyqırımı hadisələrini, 1992-ci ildə törətdikləri Xocalı soyqırımını və ya 1915-ci ildə tarixə məlum olmayan sözdə “erməni soyqırımı” ilə bağlı bir çox tarixi hadisələri öz xeyirlərinə siyasiləşdirməklə, beynəlxalq ictimaiyyətdə Azərbaycana və Türkiyəyə qarşı mənfi rəy formalaşdırmağa cəhd edirlər. Hər il aprel ayının 24-də isə yuxarıda adı çəkilən 1915-ci il hadisələrinin saxta “ildönümünü” keçirir, bununla qalmayaraq uydurduqları “abidənin” qarşısına əklil qoymaq üçün beynəlxalq təşkilatların və ya diplomatik nümayəndəliklərin rəhbərlərinin ermənistana səfər etmələri üçün onlara az qala yalvarırlar. Yazıq və bədbəxt erməni rolunu oynamağa başlayırlar. Əslində müasir dövrün daşnakları belə əməllərə il boyu rəvac verməkdədirlər. Bu üzdən unutmamaq lazımdır ki, ermənilərin Daşnaksütun, Qnçak, Asala və s. kimi terror şəbəkələrinin müasir dövrdəki varisləri fərqli siyasi hiylələrə əl ataraq Azərbaycan əleyhinə Avropa və Yaxın Şərq ölkələrində təbliğat aparır, məskən saldıqları dövlətlərdə siyasi dairələrə təsir göstərməyə çalışırlar. Belə məqamda Azərbaycan gənclərini, gənc alim və tədqiqatçılarımızı xüsusilə sosial şəbəkələrdə daha aktiv olmağa çağırıram. Digər tərəfdən, qeyd olunduğu kimi mənfur daşnaklar hər il aprel ayında aktivləşir, sərhəd rayonlarında ictimai vəziyyəti gərginləşdirdiklərini, Azərbaycana psixoloji təsir etdiklərini zənn edirlər. Lakin güclü Azərbaycan əsgəri düşmənə layiq olduğu cavabı verir və bundan sonra da ölkə sərhədlərini ayıq-sayıq qoruyacaq.

Bütün gəncliyimizə milli maraqlarımızın müdafiəsi və təbliğ olunması işində, elmi yaradıcılıq və ictimai işlərində uğurlar arzu edirəm. Qubada baş tutan, 1918-ci ilin 31 mart soyqırımına həsr olunmuş seminar bu baxımdan gənclərimiz üçün elmi-tarixi əhəmiyyəti ilə seçildi. Kreativ düşüncəli gənc alimlərimizin bu istiqamətdə elmi-praktik konfransların, maarifləndirici layihə və tədbirlərin keçirilməsində göstərdikləri səyləri yüksək qiymətləndirir və davamlı olcağına inanıram.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.