II Azərbaycan Elm Festivalında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2015-2016-cı il fəaliyyətini əks etdirən slayt-şou nümayiş olunacaq
Okt 27 , 2016 | 11:28 / Mühüm hadisələr
Oxunma ( 2757 )

Bu ilin 31 oktyabr - 5 noyabr tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində II Azərbaycan Elm Festivalı keçiriləcək.
Tədbirin açılış mərasimi oktyabrın 31-də saat 10:30-da AMEA-nın Əsas binasının Dairəvi zalında baş tutacaq.
Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, Akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də Akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Sərgi salonunda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının 2015-2016-cı il fəaliyyətini əks etdirən slayt-şou nümayiş olunacaq.
Festivalda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər qurumlardan rəsmi qonaqlar iştirak edəcəklər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.