Fotos
Elmin İnkişafı Fondu tərəfindən dəstəklənən “Palçıq vulkanları və geoekoloji risk” mövzusunda elmi-tədqiqat layihəsi üzrə müştərək tədqiqatlar tamamlanıb
Yan 09 , 2017 | 08:14 / Elmi müsabiqələr
Oxunma ( 3530 )

     Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin (EİF/GAM-3-2014-6(21)) qalibi olmuş EİF/GAM-3-2014-6(21)-24/11/2-M-02 nömrəli“Azərbaycan palçıq vulkanlarının fəaliyyətində geoekoloji riskin qiymətləndirilməsi” mövzusunda müştərək elmi-tədqiqat layihəsinə dair araşdırmalar 2016-cı ilin yanvar ayından başlayaraq bir il müddətində AMEA Geologiya və Geofizika və Radiasiya Problemləri institutlarının gənc tədqiqatçılarından ibarət kollektiv tərəfindən yerinə yetirilib. Layihənin rəhbəri Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun verdiyi məlumata görə, tədqiqat işinin yerinə yetirilməsində ümdə məqsəd Azərbaycanın Abşeron, Şamaxı-Qobustan, Quba-Xəzəryanı və Bakı arxipelaqı rayonlarında inkişaf tapan palçıq vulkanlarının periodik geoloji-geokimyəvi fəaliyyətlərinin araşdırılması, onlara qarşı yönələn antropogen və texnogen təsirlərin qiymətləndirilməsi, geoekoloji cəhətdən xüsusi təhlükə riski daşıyan vulkanik ərazilərin ayrılması, eləcə də təbii və süni yaradılan vəziyyətin proqnozlaşdırılması olub.

   Layihə çərçivəsində qarşıya qoyulan məsələlərin yüksək səviyyədə həlli üçün gənc mütəxəssislər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu” Dövlət Təbiət Qoruğunun, Fransanın Lil Universitetinin,  Rusiya Elmlər Akademiyasının Novosibirsk Bölməsinin V.S. Sobolev adına  Geologiya və Mineralogiya İnstitutunun və Ukrayna Milli Elmlər Akademiyasının “Dəniz Geologoyası və Çöküntü-Filiz Əmələgəlməsi” Bölməsinin əməkdaşları ilə birgə tədqiqatlar və  informasiya mübadilələri aparıblar.

     Tədqiqatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarının periodik geoloji fəaliyyətləri və onların yerləşdiyi inzibati ərazilər təhlil olunaraq xüsusi risk daşıyan palçıq vulkanları (Abşeronda Qobu-Bozdağı, Pilpilə-Qaradağ, Keyrəki, Lökbatan və s.; Şamaxı-Qobustanda Bahar, Şıxzərli və s.; Quba-Xəzəryanıda Qaynarca) müəyyənləşdirilmişdir.

     Məlum olmuşdur ki, bu rayonlarda intişar tapan palçıq vulkanlarının geoekoloji təhlükə risk amili: qeyd olunan rayonlarda periodik püskürən və aktiv (qrifon-salaz faəliyyəti olan) palçıq vulkanlarının fəaliyyəti nəticəsində xaric olunan zərərli maddələrin miqdarı; xüsusən Abşeron və Qobustanda palçıq vulkanlarının fəaliyyəti ilə əlaqədar Yer səthinə gətirilən müxtəlif fazalı məhsullar hesabına yeni tip landşaftların yaranması və mövcud landşaftların differensasiyası, həmin ərazilər üçün ekoloji-landşat vəziyyətinin dəyişilməsi, eləcə də palçıq vulkanlarınin geniş yayıldığı ərazilərin otlaq sahələri kimi istifadə olunması və s. ekoloji nöqteyi nəzərindən həm təhlükəli mühitin, həm də qida məhsullarının meydana gəlməsi; Qobu-Bozdağı, Bozdağ-Güzdək, Keyrəki, Bahar, Qaynarca və s. palçıq vulkanlarının yaşayış və müxtəlif təyinatlı obyektlərə daha qısa məsafədə yerləşməsi ilə əlaqədar, yaxında aparılan təsərrüfat-tikinti işlərinin vulkanın aktivləşməsinə təsiri və eyni zamanda, vulkanların ehtimal olunan güclü püskürmələri, eləcə də gündəlik fəaliyyətləri nəticəsində həmin obyektlərin qəzalı vəziyyətə düşməsi, dağılması, və hətta insan tələfatının mümkün olması ilə əlaqədardır. 

     Palçıq vulkanlarının fəaliyyəti və ətraf ərazilərdə yerləşən müxtəlif təyinatlı obyektlərin təhlükə riski məsələsinin aydınlaşdırılması məqsədilə, son illər inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına nisbətən yaxın məsafədə yerləşən Şamaxı-Qobustan rayonunun Bahar və Bakı arxipelaqının Gil adası palçıq vulkanlarında aparılmışdır.

     Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, genişləndirilməsi nəzərdə tutulan Liman ərazisində palçıq vulkanı ilə bağlı vəziyyət kritik həddədir. Çunki Bahar və Ələt pilpiləsi (Bala Bahar) palçıq vulkanın iki axını məhz Limanın hüdudlarına qədər çatır. Vulkanın fəaliyyətilə Yer səthinə çıxarılan və həmin əraziyə istiqamətlənən məhsulun geokimyəvi və s. tərkibi də başqa tərəfdən təhlükə riski doğuran faktor anlamındadır. Bundan başqa, vulkan sahəsində və ona yaxın ərazilərdə aparılan hər hansı təsərrüfat-tikinti fəaliyyəti onun aktivləşməsinə səbəb ola bilər. Əgər vulkanın təxmin edilən püskürməsi baş verərsə, həm Liman ərazisindəki infrastrukturlar, həm də vulkan sahəsində mövcud olan tikililər, eləcə də qaz borusu üçün faciə ilə nəticələnən təhlükə qaçılmazdır. Bu riskdə ən böyük faktor insan tələfatı ilə bağlı ola bilər.

     Palçıq vulkanlarının gündəlik qrifon-salza fəaliyyəti, antropogen və texnogen təsirlər, həmçinin və geoekoloji risk məsələsi Qaynarca palçıq vulkanında aparılan tədqiqatlar əsasında da araşdırılıb. Tədqiqatların nəticələri güman edilən təhlükə riskini bir neçə aspekt daxilində mümkün etmişdir: 2007-2016-cı illər ərzində vulkanla anbar arasındakı minimum məsafənin süni azaldılması böhran vəziyyətə səbəb olmuşdur. Belə ki, 2007-ci ildən tikilməyə başlayan anbar hövzəsi palçıq vulkanı ilə məsafəsi diqqətə alınmadan genişləndirilmiş və hazırda vulkanın  şimal-şərq hissəsi istisna olmaqla, qalan krater sahəsi (3/4 hissəsi) anbar suyunun altına gömülmüşdür; vulkanın fəaliyyəti ilə əlaqədar xaric olunan yüksək konsentrasiyaya malik minerallar, ağır metallar, qazlar, radioaktiv elementlər və s. müxtəlif fazalı vulkan məhsullarının tərkibində birbaşa anbar suyu ilə təmasa gəlir; son illər püskürməsi qeydə alınmayan rayonun ən böyük vulkanının mümkün aktivləşmə ehtimalı, hövzəsi genişləndirilən anbarda suyun həcminin artması ilə yarana biləcək əlavə geostatik təzyiq və eləcə də regionda baş verə biləcək seysmik hadisələrin hesabına xeyli artır.

    Tədqiqat işində, palçıq vulkanlarının qazhidrokimyəvi göstəricilərinin dəyişmə qanunauyğunluqları və seysmik aktivlik məsələsinə Şamaxı-Qobustan rayonu və Rusiyanın Saxalin adası vulkanlarının məlumatları əsasında təhlil olunub.

     Elmi tədqiqat işinin nəticələri keçən il Rusiyanın Moskva Dövlət Universitetində gənc alim, tələbə və aspirantlar üçün təşkil olunmuş “Lomonosov-2016” adlı XXIII beynəlxalq elmi konfransda layihə iştirakçısı, “Palçıq vulkanizmi” şöbəsinin elmi işçisi Elnur Baloğlanov tərəfindən “Geokimya” seksiyasında məruzə olunub. Bundan əlavə, aparılan araşdırmalara dair növbəti elmi məruzə “Gəncə - Avropa Gənclər Paytaxtı 2016”ya həsr olunan “21-ci əsrdə dünya elminin inteqrasiya problemləri” adlı Beynəlxalq Forumun “Global energy, food and ecological safety” panelində edilib.

    Gənc mütəxəssislərin hazırladığı növbəti:  Palçıq vulkanlarının gündəlik qrifon-salza fəaliyyəti və geoekoloji risk (Qaynarca palçıq vulkanında aparılan tədqiqatlar əsasında) adlı elmi məruzələri 17 mart 2017-ci ildə Bakıda təşkil olunacaq “Şollar - unikal su qurğusu” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransda müzakirə ediləcəkdir.

      Layihə rəhbərinin fikrincə, ETSN Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları yerinə yetirilmiş layihə ilə əlaqədar araşdırılan Abşeron, Qobustan və Xəzəryanı-Quba rayonunda inkişaf tapmış bəzi palçıq vulkanlarının fəaliyyəti, onlara qarşı törədilən antropogen təsir nəticəsində yaranan və proqnozlaşdırılan geoekoloji riskin minimuma endirilməsi və idarə olunması məqsədilə istifadə edə bilər.  

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.