Fotos
AMEA-da Ümummilli Liderin 103-cü ildönümünə həsr edilmiş mini futbol turniri başa çatıb
May 08 , 2026 | 06:29 /
Oxunma ( 40 )

Azərbaycan Milli Elmlər Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edilmiş institutlararası mini futbol turnirinin bağlanış mərasimi keçirilib.

AMEA Rəyasət Heyəti, Azad Həmkarlar İttifaqı və Gənclər Akademiyasının təşkilatçılığı ilə baş tutan turnirin bağlanış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər Abdullayev, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA-nın Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, Akademiyanın elmi müəssisə və təşkilatlarının direktorları, həmkarlar təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bağlanış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən ardıcıl və sistemli dövlət qayğısından bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf strategiyasında idmana xüsusi yer ayırıb, bu sahənin təşkilatlanması və institusional əsaslar üzərində qurulması üçün mühüm addımlar atıb. Məhz bu məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan idmançıları respublika və beynəlxalq arenalarda böyük uğurlar qazanıb, ölkəmizin idman nüfuzunun formalaşmasına töhfə veriblər.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Ulu Öndərin gənclər və idman siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Son illərdə Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq oyunlarda əldə etdikləri nailiyyətlər ölkəmizin artıq idman ölkəsi kimi tanınmasının bariz göstəricisidir.

“Dövlətin idman siyasəti xalqın sağlamlığının, fiziki və mənəvi inkişafının təmin olunmasına yönəlmiş ümumi inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir”, – deyə bildirən AMEA rəhbəri Akademiyada da bu dövlət siyasətinə uyğun olaraq idmanın və sağlam həyat tərzinin təşviqinə xüsusi diqqət yetirildiyini bildirib. O, hər il ənənəvi olaraq futbol çempionatının keçirildiyini xatırladaraq builki mini futbol turnirinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edildiyini söyləyib. Alim, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində bu cür təşəbbüslərin davam etdiriləcəyini vurğulayıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Akademiya çoxillik elmi ənənələrini qoruyaraq beynəlxalq elmi mühitdə fəal təmsil olunur, nüfuzlu beynəlxalq konfranslarda iştirak edir və yüksək impakt faktorlu jurnallarda elmi məqalələr dərc etdirir. O, Azərbaycan idmanına, gəncliyinə, elminə və Akademiyaya göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Akademiya prezidenti vurğulayıb ki, AMEA-da futbol çempionatının keçirilməsi gənclərin fiziki sağlamlığının qorunması, komanda ruhunun formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir. Son illərdə akademiya gəncliyinin intellektual və fiziki inkişafı üçün bir sıra zəruri və məqsədyönlü addımların atıldığını bildirən akademik İsa Həbibbəyli bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli çıxışında Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin Akademiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm yol xəritəsi rolunu oynadığını vurğulayıb. Qeyd edib ki, dövlət başçısının çıxışında elmin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və süni intellekt texnologiyalarının elmi tədqiqat və idarəetmə proseslərinə inteqrasiyası əsas prioritetlər kimi ön plana çəkilib. O, bu istiqamətdə AMEA-da artıq konkret və məqsədyönlü addımların atıldığını bildirib, mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, bu proseslər Akademiyanın dünya elminə inteqrasiyasını sürətləndirməklə yanaşı, elmi nəticələrin praktik əhəmiyyətini də artırır.

AMEA rəhbəri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminə və Akademiyaya göstərdiyi yüksək yanaşma bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə ardıcıl olaraq davam etdirilir. Son illərdə AMEA-da həyata keçirilən struktur və məzmun islahatlarının da məhz bu məqsədlərə xidmət etdiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, Akademiya fəaliyyətini dünya elminin dinamik inkişaf tempinə uyğunlaşdırır, beynəlxalq elmi standartlara cavab verən yeni idarəetmə və tədqiqat modelləri tətbiq olunur.

Tədbirdə, həmçinin  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Qəzənfər Abdullayev, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov və Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək turnirin yüksək səviyyədə təşkili üçün yaradılan əlverişli şəraitə və hər zaman göstərdikləri diqqətə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə və AMEA rəhbərliyinə  təşəkkürlərini ifadə ediblər.

Daha sonra qaliblər mükafatlandırılıb, qalib komandalara medallar təqdim olunub. Komandalarla xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, futbol üzrə yarışlarda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu birinci, AMEA-nın Rəyasət Heyəti ikinci, AMEA nəzdində Respublika Seymoloji Xidmət Mərkəzi üçüncü yerin sahibi olub.

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.