Okt 26 , 2026 | 10:00 / Mühüm hadisələr
23 oktyabr 2026-cı il tarixində Azerbaijan Chemical Society (AzeCS) və AMEA Gənclər Akademiyasının birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “1 MOL: Maddədən Cəmiyyətə” adlı elmi tədbir keçirilib.
Tədbiri giriş sözü ilə AzeCS-in icraçı direktoru Elvin Rüstəmli açaraq tədbirin əhəmiyyətindən, kimya elminin inkişafında fundamental anlayışların rolundan və elmi biliklərin təhsil və sənaye ilə əlaqələndirilməsinin vacibliyindən bəhs etmişdir. O həmçinin elm, təhsil və sənaye arasında əməkdaşlığın gücləndirilməsinin, innovativ ideyaların təşviqinin və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasının vacibliyini qeyd etmişdir.
Sonra AMEA Gənclər Akademiyasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev tədbirin mahiyyətindən danışaraq mol anlayışının kimya elminin fundamental əsaslarından biri kimi maddələrin miqdarının müəyyənləşdirilməsində və kimyəvi proseslərin kəmiyyət baxımından izahında mühüm rol oynadığını diqqətə çatdırmışdır. Bu cür elmi-maarifləndirici tədbirlərin kimya elminə marağın artırılmasına, gənclərin elmi dünyagörüşünün formalaşmasına və nəzəri biliklərin praktiki tətbiq imkanlarının nümayiş etdirilməsinə töhfə verdiyini vurğulamışdır.
Daha sonra proqram çərçivəsində mol anlayışına elmi, tədris, sənaye və fənlərarası yanaşmaları əhatə edən müxtəlif məruzələr dinlənilib.
Kimya müəllimi Vurğun Müzəffərli “Mol anlayışı: elmi mahiyyəti, tarixi inkişafı və tədris problemləri” mövzusunda olan təqdimatında mol anlayışının formalaşma tarixini, elmi əsaslarını və tədrisində qarşıya çıxan çətinlikləri diqqətə çatdırıb.
ChampionX/SLB şirkətində Mavritaniya və Seneqal üzrə sahə meneceri Orxan Hacıyev “Mikrodünyadan makroistehsala: Mol anlayışının sənaye proseslərində tətbiqi” mövzusunda molun istehsalat proseslərindəki rolundan, nəzəri biliklərin praktiki tətbiqindən və kimyəvi hesablamaların sənaye üçün əhəmiyyətindən bəhs edib.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov isə “Elmi faktlardan dünyanın vahid elmi mənzərəsinə: fənlərarası yanaşma” mövzusunda çıxış etmişdir. O, çıxışında elmi biliklərin dünyagörüşünün formalaşmasında rolunu, elmin müxtəlif sahələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini və fənlərarası yanaşmanın elmi təfəkkürün inkişafına təsirini şərh etmişdir. Məruzəçi ayrı-ayrı elm sahələrində əldə olunan nəticələrin əlaqəli şəkildə öyrənilməsinin dünyanın vahid elmi mənzərəsinin formalaşmasına imkan yaratdığını vurğulamışdır. Həmçinin elmi faktların daha geniş kontekstdə dərk edilməsinin, müxtəlif bilik sahələri arasında əlaqələrin müəyyənləşdirilməsinin və elmi yanaşmanın inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkmişdir.
Məruzələrdən sonra iştirakçıların çıxışları və mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb. Bu cür tədbirlərin fənlərarası yanaşmanın elmi biliklərin sistemləşdirilməsində və müxtəlif elm sahələri arasında qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsində rolunun da olduğu xüsusi əhəmiyyət kimi qeyd olunmuşdur.
Qeyd edək ki, tədbir təşkilatçıları elmin populyarlaşdırılması, kimya təhsilinin inkişafı, innovativ düşüncənin təşviqi və gənc alimlər, doktorant və magistrantlar, müəllimlər, tələbələr və sənaye nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.


















