İyn 16 , 2026 | 11:00 / Mühüm hadisələr
Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan davamlı inkişaf və tərəqqiyə” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, AMEA Gənclər Akademiyası Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixindəki müstəsna yerindən bəhs edib. Məruzəçi qeyd edib ki, müstəqilliyinin ilk illərində dərin siyasi böhran, iqtisadi tənəzzül və xarici təhdidlərlə üzləşən Azərbaycan məhz xalqın təkidli istəyi və tarixi zərurətin nəticəsi olaraq Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə parçalanmaq təhlükəsindən xilas olub. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin siyasi uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi və qətiyyətli fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa edilib, hüquqi dövlət quruculuğunun əsasları yaradılıb, milli həmrəylik möhkəmləndirilib və gələcək inkişafın strateji istiqamətləri müəyyənləşdirilib.
Çıxış zamanı vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni neft strategiyasının mühüm nəticəsi olan 1994-cü il tarixli “Əsrin müqaviləsi” Azərbaycanın müasir inkişaf tarixində yeni mərhələnin əsasını qoyub. Qeyd olunub ki, bu mühüm enerji sazişi ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi müstəqilliyinin təmin edilməsinə, xarici investisiyaların cəlb olunmasına və davamlı inkişaf modelinin formalaşmasına mühüm töhfə verib.
Arzu İsgəndərzadə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və inkişaf strategiyası müasir dövrdə uğurla davam etdirilir. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması milli dövlətçilik ənənələrinin möhkəmliyini, siyasi rəhbərliyin qətiyyətini və xalqın milli məqsədlər ətrafında birliyini nümayiş etdirən tarixi nailiyyətdir. Bu uğur müstəqil Azərbaycan dövlətinin gücünün, xalq-iqtidar birliyinin və həyata keçirilən məqsədyönlü siyasətin parlaq təzahürü kimi qiymətləndirilib.
Sonda çıxışçı Azərbaycanın əldə etdiyi nailiyyətlərin güclü siyasi və ideoloji təməl üzərində formalaşdığını qeyd edərək, alimlərin, ziyalıların və gənclərin milli dövlətçilik dəyərlərinin qorunması, elmi-intellektual potensialın inkişaf etdirilməsi və ölkənin gələcək tərəqqisinə töhfə verilməsi istiqamətində mühüm məsuliyyət daşıdıqlarını bildirib.
Tədbirin sonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirakına görə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, AMEA Gənclər Akademiyası Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə Yasamal rayon Heydər Əliyev Mərkəzinin Fəxri Fərmanı ilə təltif olunub.
Tədbir bədii proqramla davam edib.


















