Apr 22 , 2026 | 04:43 /
Gənclər Akademiyasının fəaliyyəti beynəlxalq səviyyədə uğurla təmsil olunmağa davam edir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Gənclər Akademiyasının sədr müavini Şəfa Əliyeva Polşa Respublikasının Bialıstok Universitetində, İngilis filologiyası fakültəsində tələbələr qarşısında maraqlı və yüksək səviyyəli məruzələrlə çıxış edib. Həftənin ilk günlərində o, “Azərbaycan dramaturgiyası tənqidi realizm kontekstində” və “Müasir ədəbi ənənələrdə realizmin transformasiyası” mövzularında məruzələrlə çıxış edib. Onun məruzələri tələbələr və akademik ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.
Səfər çərçivəsində Şəfa Əliyeva qarşıdakı günlərdə də elmi çıxışlarını davam etdirəcəkdir. O, eyni zamanda tələbələrə Azərbaycan ədəbiyyatı, dilçiliyi və elmin müasir inkişaf istiqamətləri haqqında daha geniş məlumat əldə etmək üçün AMEA Gənclər Akademiyasının “Gənc Tədqiqatçı” elmi-praktiki jurnalını izləməyi tövsiyə etmişdir.
Qeyd olunmuşdur ki, jurnalın nömrələrindən biri ingilis dilində də nəşr edilmişdir. Bu təşəbbüs gənc alimlərin elmi nailiyyətlərinin beynəlxalq elmi mühitdə tanıdılmasına xidmət edir və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən bu istiqamətdə ardıcıl dəstək göstərildiyini bir daha təsdiqləyir.


















