Fev 01 , 2017 | 10:39 / Mühüm hadisələr
AMEA prezidenti, akademik Akif Əlizadənin Sərəncamına əsasən, 2016-cı ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında internet üzərindən distant formada keçirilir.
Xeberler.az-ın məlumatına görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi ilə AMEA Gəncə Bölməsi arasında Gəncədə yaşayan elmi tədqiqatçılar üçün doktorluq imtahanlarının distant formada keçirilməsi məqsədilə canlı bağlantı yaradılıb.
İnstitutun texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov Distant Tədris Mərkəzinin yaradılmasının əhəmiyyətini vurğulayaraq bu mərkəzin regionlar, eləcə də dünyanın aparıcı elmi-tədqiqat müəssisələri arasında elm və təhsil körpüsü olduğunu, doktorant və dissertantların məsafədən təhsil alması, onlayn seminar və konfransların keçirilməsi, alimlər arasında ölkədaxili, həmçinin beynəlxalq əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını bildirib.
O, imtahanların elektron test üsulu ilə həyata keçirildiyini diqqətə çatdıran alim bu sistemin imtahan prosesində şəffaflığın təmin edilməsi və imtahanlarda iştirak edənlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini urğulayıb.
R.Ələkbərov, həmçinin Akademiyanın institut və təşkilatlarını müasir şəbəkə xidmətləri ilə təmin edən AzScienceNet elm-kompüter şəbəkəsinin geniş imkanlarından da danışıb:
“Elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet-in Avropa Komissiyasında Azərbaycanı uğurla təmsil etdiyini bildirdi. Qeyd etdi ki, 2016-cı ildə AzScienceNet-in Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə etməsi ilə Azərbaycan Avropanın elm və təhsil mühitinə inteqrasiya olunur. Bu imkanlardan regionlarda fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri və universitetlər də yararlana biləcək”.
AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev Gəncə şəhərində 150-dən artıq gənc alim və mütəxəssisin fəaliyyət göstərərək elmi tədqiqatlar apardığını diqqətə çatdırıb. O, bölmənin Distant Tədris Mərkəzinin yaradılmasını dünyanın aparıcı elmi-tədqiqat müəssisələri və universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi baxımından təqdirəlayiq hal kimi qiymətləndirib.