AMEA ilə əlaqəsi olmayan və ona zərrə qədər xidmət göstərməyənlərdənsə gənc alimlərin müəyyən qisminin ev problemini həll etmək daha məqsədəuyğundur
İyn 27 , 2017 | 01:03 /
Oxunma ( 4006 )

Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gündəmində müzakirə olan əsas mövzu "Aspirantlar yataqxanası" və mənzil məsələsidir. Məlum olduğu kimi, AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçilərinin həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilə ilə əlaqədar ilk mərhələdə, yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 54 AMEA əməkdaşına mənzillər verilib. Növbəti mərhələdə qalan mənzillərin, yataxana qeydiyatında olan, üzrsüz səbəbdən orda yaşamayan, mənzilə ehtiyacı olan elmlər və fəlsəfə doktorlarına verilməsi gözlənilir.

Məsələ ondadır ki, sözügedən yataqxanaya keçmişdə və yaxud yaxın keşmişdə müxtəlif yollarla qeydiyyata düşən, orada yaşayan və yaşamayan, ancaq AMEA ilə heç bir əlaqəsi olmayan, onun funksiyalarının yerinə yetirilməsində zərrə qədər xidmət göstərməyən, hətta kənar təşkilatlarda işləyən, öz adlarına mənzil(lər)i olan çoxsaylı aidiyyəti olmayan şəxslər vardır ki, onlar bu imkandan yararlanmaq üçün ağlasığmaz “fədakarlıq” göstərir, qətiyyətlə mənzil tələb edirlər. Bundan ötrü mətbuat vasitəsi ilə şikayət etmədikləri rəsmi şəxslər, qurum və təşkilatlar qalmayıb. Hətta onlar Prezident Administrasiyası və AMEA qarşısında bir neçə dəfə aksiya keçirməyə cəhd edərək, elə təəssürat yaradırlar ki, sanki onlar aktiv şəkildə elmlə məşğul olur, elmimizin inkişafına misilsiz töhfələr verir, AMEA-nın həqiqi mənsubları kimi yataqxanada yaşamaq mərburiyyətində olanların aqibətini yaşayır, mənzilsizlikdən həqiqətən də əziyyət çəkirlər.

Amma bu da müzakirəyə qapalı faktdır ki, Akademiyada mənzilə ən böyük ehtiyacı olan məhz, gənc alimlərdir. Nəzərə almaq lazımdır ki, bu statusu daşıyan AMEA-nın həqiqi mənsublarının fəaliyyəti nisbətən yaşlı alimlərlə müqayisədə 90-cı illərdən sonrakı tarixləri əhatə etdiyindən onların mənzillə təmin olunması prosesi o dövrkü siyası, sosial və iqtisadi problemlərin fonunda qeyri mümkün idi.   Lakin bu da danılmaz faktdır ki, bu gün elmimizin inkişafı, AMEA-nın çoxsahəli funksiyalarının layiqincə yerinə yetirilməsi məsələsi birbaşa gənclərə göstərilən qayğılardan, onlara verilən stimullardan asılıdır. Düzdür, bu gün Akademiya gənclərin normal elmi fəaliyyət göstərməsi üçün lazım olan bütün maddi-texnika baza ilə bağlı problemlər rəhbərlik tərəfindən tam həll olunub. Yalnız  gənc alimlərin ən böyük problemi mənzil təminatı ilə bağlıdır. Təcrübə göstərir ki, neçə istedadlı gənc alim, gələcəyi perspektivli mütəxəssis məhz sosial problemlərin ucbatından elmdən uzaqlaşır, faəliyyət sahələrini dəyişir, ən yaxşı halda elmlə bərabər digər sferalarda fəaliyyət göstərir. Elmə tam konsentrasiya oluna bilməyən, gündəlik sosial problemlərlə yaşayan gənc alimdən böyük elmi yeniliklər gözləmək, şanlı tarixi və yolu olan AMEA-nın gələcəyini onlarla bağlamaq təsəllidən başqa yaxşı nə vəd edir?  Bu məsələni ən yaxşı bilən, həmişə bu problemi qabardan Akademiyanın prezidenti, hörmətli akademik Akif Əlizadə hər bir görüşlərdə, KİV-dəki müsahibələrində gənclərin yüksək səviyyədə elmə cəlb olunmasının onların üzləşdiyi sosial problemlərin, o cümlədən mənzilsizliyinə son qoyulmasından keçdiyini xüsusi vurğulayıb. O, hətta son açıqlamasında belə bu mənzil bölgüsündə zəruri ehtiyacı olan bir qrup gənc tədqiqatçıların nəzərə alınmasının vacibliyini qeyd edib. Belə olan halda, indi aparılan mənzil bölgüsündə AMEA-ya xidməti olmayan, ən yaxşı halda AMEA-nın müəssisələrində yarımştat işləyən, hətta mənzilləri olan, lakin təmənnasız mənzillərə sahib olmaqla bağlı böyük iddaları olan elmdən kənar şəxslər daha çox “fədəkarlıq” göstərir, aksiyalar keçirir, ictimaiyyəti yalanlarına alət edir,  lakin gənc alimlərin mənzillə təmin olunması məsələsi bu problemlərin həlli fonunda heç müzakirə belə olunmur..... Bəzən bu unutqanlığı gənc alimlərin yataqxana qeydiyatında olmaması ilə əlaqələndirənlər də tapılır. Ancaq sual oluna bilər: yataqxana otaqlarının hələ o vaxtdan oranın yaşlı sakinləri tərəfindən (bəzilərinin indi heç AMEA ilə əlaqəsi belə yoxdur) qeyri-qanuni özəlləşdirildiyi bir halda həmin yataqxanada gənc alimlər qeydiyata necə düşə bilərdi? Həm də AMEA-ya 2000-ci ildən bəri qəbul olunan aspirantlar müvəqqəti qeydiyata düşmək üçün Akademiyanın o vaxtkı rəhbərliyinə etdiyi müraciətləri heç vaxt müsbət həll olunmurdu. Cavabları da "yataqxanada boş otaq yoxdur, sizi qeydiyata ala bilmərik", idi. Bir vacib amil də var ki, o da bu yataqxananın təyinatı aspirantlarla bağlıdır. Halbuki, ev iddiasında olanlar çox halda heç aspirant statusu daşımadan, müxtəlif yollarla həmin yataqxananın otaqlarını “zəbt” edirdilər, qeydiyyata düşürdülər, hətta oranı özəlləşdirirdilər.

Bəli, yataqxanada özlərinə yer tapa bilməyən min bir çətinliklə uzun illər kirayə evlərdə yaşamağa məcbur olan, amma bütün bu çətinliklərə baxmayaraq həm elmi, həm ictimai fəaliyyəti ilə Akademiya elminə təmənnasız xidmət edən gənc alimlərimizin mənzil problemi birinci həll olunmalıdır. Bir halda ölkə rəhbərinin sərəncamı ilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən əhalinin aztəminatlı təbəqəsinin mənzil şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan sosial evlər də gənc alimlər üçün əlçatan deyil. Çünki dövlətimizin yaratdığı bu imkandan yararlanmaq üçün Asan Xidmət Mərkəzinə müraciətlər edən gənc elm adamlarına, təəssüf ki, oradan  güzəştli qrupa düşməmələri bildirilib. Ona görə ki, gənc alimlər üçün “Güzəştli mənzil” əldə etmək qaydalarında yaş həddi 35-dir və nəzərə alsaq ki, Akademiya İnstitutlarında fəaliyyət göstərən gənc fəlsəfə doktorlarının yaşı bu limiti keçib, deməli onların ipoteka kreditləri kimi "sosial mənzil" qaydaları ilə də nə vaxtsa mənzil sahibi olmaq ümidlərinin üstündən artıq xətt çəkilib.

Xatırlatmaq yerinə düşər ki, AMEA-nın mövcud institut və təşkilatlarında elmi dərəcəsi olan gənc alim və mütəxəssislərin sayı xeyli məhdud, təqribən hər birində 2-5 nəfərdir. Gənc tədqiqatçılarımızın üzləşdiyi mənzil-məişət problemi elmdən uzaqlaşmalarında, ən yaxşı halda elmlə yanaşı digər fəaliyətlərlə məşğul olmalarında həlledici faktor hesab olunur, desək heç də yanılmarıq. Əgər belə olmasaydı, 40 yaşa qədər gənc fəlsəfə doktorlarının sayı son 5 ildə təqribən 20-30% azalan tendensiya ilə müşahidə edilir. Şübhəsiz elmə gəlmək istəyən yeni istedadlı, yaradıcı gənclər evsiz gənc alimlərin problemlərinin həll olmamasından mənfi nəticə çıxararaq, yollarını elmdən kənar salaraq bu problemi dərinləşdirməkdə davam etdirəcəklər. Bu arzuolunmaz hal öz pik həddinə çatmamış, AMEA-ya zərrə qədər xidmət göstərməyən, indilərdə bu qurumla lazımi əlaqəsi  olmayan, mənzil dəllalarına çevrilən haqsız narazı vətəndaşlardansa gənc alimlərin müəyyən qisminin ev problemini həll etmək daha məqsədəuyğun olardı. Bu addım onların bütün potensialını elmə sərf etməklə Azərbaycan elminin parlaq gələcəyi üçün daha böyük nailiyyətlər əldə etməsinə səbəb olacaq. Unutmayaq ki, beyinlərini gündəlik mənzil-məişət qayğıları ilə məşğul edən gənc alimlərdən böyük elmi uğurlar da gözləməyə dəyməz.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.