Dek 18 , 2017 | 03:30 /
AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin elmi işçisi, 2-ci kurs dissertant Elnur Baloğlanov Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun “8-ci “Mobillik qrantı” müsabiqəsi çərçivəsində qalib olmuş “Palçıq vulkanlarının geoloji-geokimyəvi modelləşdirilməsi və güclü püskürmələrin ehtimal proqnozu” adlı qrant layihəsini icrası ilə bağlı Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Dəniz Geologiyası və Geofizikası İnstitutunda təcrübəkeçmədə iştirak etmişdir.
Bir aylıq təcrübəkeçmə zamanı gənc mütəxəssis, sistemli şəkildə palçıq vulkanlarında aparılan rejim-müşahidə işlərinin nəticəsində qazhidrogeokimyəvi göstəricilərin monitorinqi ilə vulkanik ərazilərdə uzun zaman müddətində baş verən kiçik maqnitudalı zəlzələrin nəticəsində həmin göstəricilərin anomal dəyişməsi üçün qanunauyğunluqlar təklif etmişdir. Palçıq vulkanlarının geokimyəvi tədqiqatları ilə həmçinin sopka suyunun və brekçiyasının kimyəvi tərkibinə görə müxtəlif regionlar üzrə vulkanların fəaliyyət məhsullarının geokimyəvi xüsusiyyətlərinin fərqlilik variyasiyaları əsaslandırılmışdır. Azərbaycanda baş vermiş palçıq vulkanlarının püskürmələri və zəlzələlər xronoloji təhlil olunaraq, müxtəlif zamanda baş vermiş püskürmələrin məhz zəlzələlərin “tətik” mexanizmi nəticəsində baş vermə ehtimalı təklif edilmiş model ilə dəqiqləşdirilmişdir.
EİF-nun maliyyə dəstəyi ilə reallaşan araşdırmalar və əldə olunan nəticələr Azərbaycanda palçıq vulkanlarının geokimyəvi-rejim tədqiqatları, eləcə də seysmikliklə əlaqədar vulkanik fəaliyyətin öyrənilməsi elmi metodiki yanaşma və yeniliklər baxımından qeyri-ənənəvi xüsusiyyət daşıyır.