Dek 18 , 2017 | 03:35 / Mühüm hadisələr
AMEA-nın vitse-prezidenti İbrahim Quliyev və AMEA Botanika İnstitutunun əməkdaşları b.e.d. Naibə Mehdiyeva, akademik Validə Əli-zadə və b.ü.f.d. Esmira Əlirzayevanın müəllifliyi ilə hazırlanmış Azərbaycan florası haqqında məqalələr toplusu Springer nəşriyyatı tərəfindən dərc olunan “Ethnobotany of the Caucasus” adlı ensiklopedik kitaba daxil edilib. Amerikalı alim Rainer W.Bussmanın redaktorluğu ilə hazırlanmış kitab biomüxtəlifliyin qorunub saxlanılması və səmərəli istifadəsi sahəsində elmi araşdırmaları ilə tanınan ABŞ-ın Missuri Botanika Bağının təşəbbüsü və təşkilatı dəstəyi ilə ərsəyə gətirilib.
746 səhifədən ibarət kitab Cənubi Qafqaz xalqlarının bitki resurslarından istifadəsi təcrübəsinin öyrənilməsinə həsr olunmaqla yanaşı, 186 bitki növü haqqında ətraflı məlumatı özündə əks etdirir. Kitabda həmin ölkələrin coğrafiyası, relyefi, landşaftı, iqlim şəraiti və s. məlumatlar da yer alıb.
Azərbaycan florasında yerli əhali tərəfindən qədim vaxtlardan istifadə olunan nadir dərman və qida bitki növləri daxil olmaqla, 155 növ faydalı bitkinin botaniki təsviri, ekologiyası, statusu, yayılması, istifadə sahələri və s. haqqında ümumi məlumatlar və bu istiqamətdə aparılan tədqiqatların nəticələri ilk dəfə olaraq beynəlxalq səviyyədə öz əksini tapıb.
Qeyd edək ki, “Ethnobotany of the Caucasus” kitabı Azərbaycan florasının tibb və sənaye əhəmiyyətli potensial imkanlarının elmi əsaslarla dünyaya tanıdılması baxımından mühüm elmi nailiyyətdir.