Fotos
Azərbaycanda iqtisadi fikirin inkişafına “Kitabi- Dədə Qorqud”dan baxış
Fev 08 , 2019 | 06:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 3720 )

AMEA Elm Tarixi İnstitutu,

Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin

aparıcı elmi işçi, i.ü.f.d., Amal Həsənli

 

Dünyada iqtisad elminin ilkin kökünü Qədim dövrün, ilk növbədə isə Qədim Şərq mütəfəkkirlərinin əsərlərində axtarmaq gərəkdir. Hələ Qədim hind “Man qanunları”ında (eramızdan əvvəl IV-III əsrlər) ictimai əməyin mövcudluğu, hökmranlıq və tabeçilik münasibətləri şərh edilmişdir.

Qədim Çin mütəfəkkirləri, ilk növbədə Konfutsinin (eramızdan əvvəl 551-479 illər) əsərlərində əqli və fiziki əməyin fərqləri göstərilərək, əqli əməyin “ali” təbəqəyə, fiziki əməyin isə qul təbəqəsinə aidliyi ifadə edilmişdir. Lakin Sun Sı (e.ə. III əsr) isə qeyd edirdi ki, bütün insanlar bərabərdir və sərvətlərdən hamı eyni dərəcədə istifadə etməlidir. Haminin torpaq mülkiyyətçisi olmaq haqqı var.

İqtisadi fikrin sonrakı  inkişafı qədim Yunanıstanda davam etmişdir. Ksenofont (e.ə. 430il), Platon (e.ə. 427-348 illər) və Aristotelin əsərləri indi də müasir iqtisad elminin ilkin əsasları hesab edilir. İlk iqtisadçı, Platonun şagirdi və İsgəndərin müəllimi olan Aristotel hesab edilir. Onun məşhur “Etika” və “Siyasət” adlı əsərlərində iqtisadi nəzəriyyənin ilk kateqoriyaları ifadə edilmiş, mübadilə olunan şeylərin müqayisəliliyinin vacibliyi qeyd edilmiş, qiymətin yaranması və dəyişməsinin qanunauyğunluqlarının tapılmasına cəhdlər edilmiş, fəaliyyətin iki növü: aktiv fəaliyyət-istehlak və və məhsuldar fəaliyyət-istehsal fəqrləndirilmiş, faydalılığı, təsərrüfatçılıq məhsulunun dəyərliliyinin ölçüsü və mübadilənin ekvivalentliyi vasitəsi kimi və s. istifadəsi təklif edilmişdir. Bununla Aristotel iqtisad elmin əsaslarını müəyyənləşdirməklə bərabər, hətta müasir dövrdə öz təsirlərini saxlamış və daha da inkişaf etdirmiş ilk “qırlma xəttini” ifadə etmişdir. Aristotel elmi dövriyyəyə, sərvəti “faydalı şeylər toplusu” kimi qəbul edən “ekonomika” və sərvəti “pul toplusu” kimi qəbul edən “xrematistika” anlayışını- “sərvət toplama sənətini” gətirmişdir. Quldarlıq dövründə fiziki əməyin azad vətəndaş üçün “ayıb” olduğunu nəzərə alaraq

Aristotel məhsulu yalnız faydalılıq əsasında qiymətləndirməyi məqsədəuyğun hesab edirdi. Əslində bununla Aristotel elmin iki istiqamətini formalaşdırmışdır: natural təsərrüfatçılıq və pul təsərrüfatının tədqiqi. Qədim Roma mütəfəkkirləri də Aristotelin bu baxışlarını qəbul edərək, qul əməyinin əhəmiyyətini heçə çıxarmışlar. Sonralar qul əməyinə münasibətlər nisbətən “yumşalsada”, xristanlığın Müqəddəs yazılarında da Aristotel ideyaları əsasən öz əksini tapmışdır.

İqtisad elminin inkişafında sonrakı mühüm “qırılma xətti”, elmi iqtisadi baxışlarla iqtisadi fəaliyyətin sosial təsirlərinin qiymətləndirilməsində ) yaranan fikir müxtəlifliyi olmuşdur. Belə ki, “sərvət toplmaqla xeyirxahlığın uyuşmazlığı” (Platon), pul sərvətinin “qeyri-təbiiliyi” (Aristotel), “varlanmaq kasıbları soymaq deməkdir” (Avqustin) ideyaları bazar təsərrüfatçılığının inkişafı fonunda “ədalətli qiymət” və ya “ədalətli mübadilə” axtarışına rəvac verdi. Beləliklə hələ ilk yaranış dövründən başlayaraq iqtisadi baxışların iki üzü-istiqməti əsaslı fərqlənməyə başladı. Bir tərəfdən bu-iqtisadi anlayışların, kateqoriyaların real məzmunun tədqiqi, digər tərəfdən isə, iqtisadi baxış və anlayışların cəmiyyətin sosial həyatına nəzərən qiymətləndirilməsi.

İqtisadi nəzəriyyə mürəkkəb təkamül yolu keçərək, müxtəlif istiqamətlərə və məktəblərə ayrılmış, elmin predmeti və ilk növbədə iqtisadi sistemlərin təhlili məsələlərində aşkar fərqlənən dayanıqlı, baxışlar və nəzəriyyələrin meydana gəlməsini şərtləndirmişdir. Bir tərəfdən, məhdud resursların istifadəsi prosesində iqtisadi sistemlərin fəaliyyətinin təhlili, digər tərəfdən isə sosial-iqtisadi strukturun və iqtisadiyyatın məzmunun real formalarda, cəmiyyətin həyatının digər sahələri və institutları ilə əlaqədə öyrənilməsi üzrə tədqiqat metodologiyaları və metodları yaranmışdır.

Böyük fəxrlə qeyd etməyi vacib hesab edirik ki, iqtisadi fikrin formalaşması və təkamülündə Şərqin xüsusi yeri vardır. Məlum olduğu kimi, bəşəriyyətin inkişafında Şərqin mövqeyi çox uzun müddət ərzində aparıcı olmuş və indi az qala “mütləq həqiqət” və ya “təbii” hesab edilən bir çox iqtisadi, maddi və elmi nəaliyyətlər məhz Şərqdə yaranmış və dünyaya yayılmışdır.

Qədim tarixin iqtisadi inkişafını araşdıran tədqiqtçıların əksıriyyəti hesab edir ki, ikinci miniiiliyin başlanığıcında Şərqin inkişaf səviyyəsi üzrə Qərbi təxminən 1.5-2 dəfə üstələyirdi. Burada ən mühüm amil isə fikrimizcə ondan ibarətdir ki, araşdırmalara görə Şərqin inkişafda üstünlüyünün ən vacib komponenti savadlılıq səviyyəsindəki üstünlük olmuşdur. Ekspertlərin fikrincə,ikinci minilliyin əvvəlində Şərqdə savadlılıq səviyyəsi Qərbdən 8-20 dəfə yüksək olmuşdur. Həmin dövrdə Avropada savadlılıq səviyyəsi Qədim Roma imperiyasının çiçəklənən dövründəkinə (e.ə.VIII əsr- e.ə. II əsr) nisbətən xeyli aşağı düşmüşdür. Bu isə o deməkdir ki,tarixi inkişafın təxminən 1500 illik dönəmində  Şərqin inkişafı çox sürəti olmuşdur.

Sevindirici haldır ki, belə uzun müddət ərzində Şərqin intibahında Türk xalqının xüsusi rolu olmuşdur. İkinci minilliyin əvvələrindən başlayaraq Türk imperiyalarının bütün dünyaya əzəmətli yürüşlərini, sadəcə türklərin döyüşkən ruhu ilə bağlamaq fikrimizcə, sadəlövhlük hesab edilməlidir. Hərbi qüdrəti formalaşdıran amillər sırasında elmin və iqtisadiyyatın güclü inkişafı şəksizdir. Rusiya Federasiyasında universitet dərsliklərinin qızıl fonduna daxil edilmiş, tanınmış alim V. Lomakinin on dəfədən çox nəşr edilmiş və bir çox dillərə tərcümə edilmiş,o çümlədən Azərbaycan dilində nəşr edilmiş “Dünya iqtisaiyyaı” dərsliyində qeyd edilir ki, Qərbi Avropanın intibahının başlanığıcını və ümumiyyətlə Qərb ölkələrinin iqtisadi inkişafda Şərq ölkələrini üstələməsinin başlanıcığı, 1571-ci ildəVenesiya respublikası ilə İspaniyanın birləşmiş donanmasının Lepanto yaxınılığında Türk eksdriliyası üzrərində qələbəsi tarixi hesab edilə bilər.

Elmi fikrin, xüsusi ilə iqtisadi fikirin inkişafında  mühüm nüfuza malik F Engelsin məşhur “Ailənin, xüsui mülkiyyətin və dövlətin mənşəyi” əsərində iqtisadi inkişafda həlledici rol oynamış ilk böyük əmək bölgüsündə dünya tarixində üç qədim tayfanın rolununu əsas hesab etmişdir. Bu tayfalardan birinin “turanlılar” olduğu qeyd olunur.

Azərbaycanın tanınmış iqtisadçıları Ş.Hacıyev və Ə.Bayramov “Dünya iqtisadiyyatının tarixi” əsərində. bizim eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndərin imperiyasının süqutundan sonra,  Cənubi Azərbaycanda yaranan Atropoten dövlətində əkinçilik və heyvandarlıq kimi ənənəvi sahələrlə yanaşı, əsas faydalı qazıntı hesab edilən, “Midiya yağı” adlandırılan neftnin hasilatı haqqında, ölkənin beynəlxalq ticarət yollarının kəsişməsində yerləşməsi səbəbindən Ellin dövlətləri, Hindistan, Çin, Baktiriya (Orta Asiya) sıx ticarət əlaqələri şərh edilir. Türk ellərinin qonşu ölkələrə heyavandarlıq məhsullarını ixrac etməsi, ordu quruculuğu və şəhərsalmada mühüm nəaliyyətlərə malik olması haqqında professor Cavad Heyyətin “Türklərin tarix və mədəniyyətinə bir baxış” adlı əsərində ətraflı məlumat verilir.

Professorlar T.Vəliyev və A.Həsənov “Azərbaycanın iqtisadiu fikir tarixi “adlı əsərində qeyd eirlər ki, “Azərbaycan və  digər türk xalqlarının orta əsrlər dövrü, xüsusi ilə XI-XII əsrlər, iqtisadi fikir və nəzəriyyələrlə zəngindir. Bunu demək kifayətdir ki, iqtisadi fikir tarixində ilk dəfə iqtisadi mövzuda “Maliyyə haqqında traktat” əsəri XIII əsrdə Nəsirəddin Tusi  tərəfindən yazılmışdır. O, cəmiyyətin iqtisadi sistemi, iqtisadi münasibətləri, onları ifadə edən iqtisadi kateqoriya və prinsiplər haqqında iqtisadi nəzəri görüşlərini yığcam və aydın şəkildə ifadə etmişdir”.

Azərbaycanda iqtisadi fikrini inkişafı haqqında tədqiqatlar, məlumat və monoqrafik xarakterli əsərləri ilə tanınan alimlər sırasında Ə.Sumbatzadə, H.Hüseynov, T.Vəliyev, A.Həsənov, M.Meybullayev, X.Kərimov, Ə.Bayramov və s. xüsusi qeyd edilə bilər. Qeyd etməyi vacib sayırıq ki, bu müəlliflərin əsərlərində ölkəmizdə iqtisadiyyatın və iqtisadi fikrin inkişafı tarixi  qədim  şifahi və yazılı ədəbiyyat nümunələri, o cümlədən “Qurani-Kərim”, qədim “Dədə Qorqud”,”Ergenekon”, “Manas” və s. kimi dastan və rəvayətlərdən, Nizami, Mahmud Qaşqari, Fizuli, Bəhməniyar, N.Tusi, M.F.Axundov və s kimi klassik filosof, şair və yazıçıların əsərlərindən geniş istifadə edilmişdir. Bu sahə ilə məşğul olmuş alim və tədqiqatçıların əməyinə böyük hörmətlə yanaşaraq, təəssüflə qeyd etmək istərdik ki, xeyli sayda müxtəlif tədqiqatların bolluğuna rəğmən indiyədək Azərbaycanda iqtisadiyyatın və iqtisadi fikir tarixinin inkişafı haqqında  bütöv və təkmil əsər yazılmamışdır.

Azərbaycan tarixinin bütün sahələrinə müraciət edən tədqiqatçıların ilk növbədə müraciət etdiyi mənbələrdən biri, şübhəsiz ki, “Kitabi-Dədə Qorqud” dastanıdır. "Kitabi-Dədə Qorqud" türk dilli xalqların tarixinə möhtəşəm və monumental bir sənət əsəri kimi daxil olub. O, bütün türk xalqlarının ədəbi-bədii, tarixi, iqtisadi, sosial, maddi-mənəvi həyatı, adət və ənənələri əks etdirən qədim zəngin qaynaqlardan hesab edilir.

Yazılma tarixi və bəzi digər məsələləri haqqında qorqudşünasların fikir ayrılığına baxmayaraq, birmənalı olaraq hesab edilir ki,“Kitabi-Dədə Qorqud” oğuz türklərinin dastanıdır. Dastanın ilk mötəbər tədqiqatçılarından V.V.Bartold onun Qafqaz mühitində yarandığını qeyd edir. “Kitabi-Dədə Qorqud”un mükəmməl nəşrini çap etdirən böyük türk alimi O.Ş.Gökyay Drezden nüsxəsində açıq olaraq “Azərbaycan şivəsi özəllikləri gözə çarpmaqdadır” – deyir. Fuad Köprülü, Məhərrəm Ergin kimi nüfuzlu qorqudşünasların, habelə V.V.Bartold, V.M.Jirmunski, A.H.Kononov, A.Y.Yokubovski kimi rus türkoloqlarının, təbii ki, tanınmış Azərbaycan filoloqlarının dəfələrlə təsdiq etdikləri kimi “Kitabi-Dədə Qorqud” dil xüsusiyyətləri, cərəyan edən hadisələrin coğrafi məkanı baxımından daha çox Azərbaycanla bağlıdır. “Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyev dastanların dünya miqyasında təbliği, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün 1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyinin təntənəli qeyd edilməsi haqqında 20 aprel 1997-ci ildə xüsusi fərman imzalamışdır. Bu fərman əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər, sözün böyük mənasında, “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir.

Qeyd olunanlar tarixi "Kitabi-Dədə Qorqud" dastanlarının Azərbaycanda baş vermiş hadisələrlə bilavasitə bağlı olduğunu şübhəsiz təsdiqləyir. Lakin qeyd etməyi vacib hesab edirik ki, bu dastanın  öyrənilməsində iqtisadçıların iştirakını yetərli hesab etmək olmaz. Fikrimizcə çox qədim və tarixi hadisələrlə zəngin dövrdə,geniş coğrafiyada baş verən hadisələrin şərhi ilə fərqlənən bu dastanda həmin dövrün və coğrafiyanın iqtisadi həyatı haqqında da kifayət qədər məlumatlar vardır. şərh edilmişdir. Müşahidələr göstərir ki, bu zəngin abidənin öyrənilməsində iqtisadçılar, demək olar ki, kənarda qalmışdılar. Oradakı iqtisadi və sosail həyat motivləri indiyə qədər demək olar ki, mükəmməl araşdırılmamışdır. Halbuki,epos həmin motivlərlə zəngindir. Məsələn, eposun meydana gəldiyi və yazıya köçürüldüyü dövrlərdə köçəri, yarımköçəri, oturaq həyat tərzləri, əmək məşğuliyyətləri, kənd təsərrüfatı (xüsusilə, heyvandarlıq, ovçuluq), sənətkarlıq, hərbçilik və bununla əlaqədar fəaliyyət dairəsi, ticarətçilik, şəhərsalma, maliyyə, idarəetmə, ailə-məişət işləri, ailə qurma, qadına münasibət, bəzi əxlaqi cəhətlər, geyim, yemək-içmək, ümumi məişət adət-ənənələrini andıran çalarlar və s. mövcud idi.

"Kitabi-Dədə Qorqud" dastanı Azərbaycanın dövlətçilik, mədəniyyət tarixinin bir aynası hesab edilə bilər. Mütəxəssislərin yekdil fikrinə əsasən, "Kitabi-Dədə Qorqud" xalqımızın böyük tarixini, mədəniyyətini, mənəviyyatını, psixoloji xüsusiyyətlərini, iqtisadiyyatını ən xırda çalarlarına qədər dolğun şəkildə əks etdirən əbədi abidədir.

"Kitabi-Dədə Qorqud" dastanlarının tədqiatçılarının məlumatlarına görə, burada iqtisadi münasibətlərin, o zaman cərəyan edən iqtisadi və iqtisadi-sosial prosesləri konkret təcəssüm etdirən ayrıca təsvirlər və təfsirlər, hekayət və süjetlər yoxdur. Bununla belə dastanda, dövrün iqtisadi vəziyyyətini qiymətləndirməyə imkan verən anlayışlar və şərhlər vardır. Belə şərhlər isə iqtisadi münasibətləri ilkin səviyyədə olsa da qiymətləndirməyə imkan verir. Tədqiqatçılar T.Vəliyev və A.Həsənovun qeyd etdiyi kimi, dastanın ayrı-ayrı Boyları iqtisadi-sosial və təsərrüfat fəaliyyətlərində xüsusi hazırlıq tələb edən əmək məşğuliyyətləri, peşələri haqqında anlayışlarla, məfhumlarla zəngindir. Həmin ifadələr o zaman kənd təsərrüfatının, ev və emalatxana şəraiti ilə "sənaye"nin (sənətkarlığın), tikinti işlərinin fəaliyyəti ilə bağlı çox çeşidli məhsullar istehsalının mövcud olmasından, iqtisadi tərəqqiyə yol açan və səbəb olan amillərdən biri kimi ictimai əmək bölgüsünün genişlənməsindən, həm bəsit həm də o zamana uyğun mürəkkəb əmək məşğuliyyətlərinin inkişafına əməlli-başlı diqqət yetirilməsindən və s. xəbər verir.

Elm və tarixi təcrübə göstərir ki, iqtisadi, iqtisadi-coğrafi, habelə sosial münasibətlər həmişə müəyyən məkan və zaman içərisində baş verir. Məlumdur ki, elmi baxımından iqtisadiyyat, iqtisadi münasibətlər ilk növbədə bir-biri ilə qarşılıqlı və üzvi əlaqədə olan maddi istehsal, bölgü, mübadilə, istehlak proseslərinin məcmusudur. Bunların hamısı isə bilavasitə mülkiyyət münasibətləri, mülkiyyət formaları ilə bağlıdır, üzvi qovuşuqdadır."Kitabi-Dədə Qorqud" dastanlarındakı ayrı-ayrı anlayışlardan, ifadələrdən, məs.:  xan, bəy, nökər məfhumlarından, bəylərin çoxlu mal-dövlətə, köç sahələrinə malik olmaq cəhdləri haqqında söz birləşmələrindən, məhsul rentasının mövcudluğundan xəbər verən fikirlərdən məntiqi nəticə çıxarmaq olar ki, bəhs olunan dövrdə feodal xüsusiyyətli sosial-iqtisadi quruluş və feodal mülkiyyəti hakim mövqedə olub.

Tarixi məlumatlara görə həmin vaxt torpaq üzərində xan, bəy, iqta, mülk, vəqf, icma torpaq mülkiyyət formaları mövcud olmuşdur. "Müsəlman", "məscid", "namaz", "tanrı", "nəzir", "dua", və s. islamiyyətlə bağlı anlayışlardan nəticə çıxarmaq olar ki, bəzi mülkiyyət formaları islamdan sonra meydana gəlib və bu ərazidə fəaliyyət göstərməyə başlayıb.

"Kitabi-Dədə Qorqud"da var-dövləti çox olan bəzi bəylərin adı çıkilir. Məs.: Ulaş oğlu Salur Qazan bəy, onun oğlu Uruz bəy, Beyrək bəy və sair. Bəylərin bəzilərinin yüzminə qədər qoyunu olması və digər mal-mülkə sahibliyi göstərilir. "Salur Qazanın evinin yağmalandığı boy"da deyilir: "Kafirlər onun qızıl taclı evlərini çalıb-çapdılar... Tövlə-tövlə şəhanə atlarını mindilər. Qatar-qatar qızılı dəvələrini yedəkləyib apardılar. Qiymətli xəzinəsini, bol pulunu talan etdilər... Qazanın Qapılı Dərbənddə on min qoyunu vardır" (7. "Kitabi-Dədə Qorqud" Bakı, Yazıçı, 1988. səh.141). Qeyd olunanlar onu deməyə əsas verir ki, dastanda cəmiyyətdə aparıcı mövqeyə malik olan bəylər və xanlar , onların ailə üzvlərinin eyni zamanda sərvət sahibi olmasını təsdiq edilir. Bu isə o deməkdir ki, hələ o zamanlarda cəmiyyətin milli kök və  qan qohumuğu prinsipləri üzrə insitutsionallaşması şəraitində belə, iqtisadi münasibətlərdə və birgə fəaliyyətin nəticəsində yaradılan sərvətlərin bölgüsündə ədalətlilik prinsipinə önəm verilməmişdir. Başqa sözlə cəmiyyətin inkişafının bütün mərhələlərində iqtisadi nəzəriyyənin öyrətdiyi kimi, sərvətin bölgüsündə qeyri-bərabərlik olmuşdur və bu cəmiyyətin sosial strukturlaşmasının ən mühüm amillərindən biri hesab edilməlidir. Buradan çıxarılması məqsədəuyğun hesab edilən digər mühüm bir nəticə isə fikrimizcə ondan ibarət ola bilər ki,  qədim dövrlərdə də icmalararası müharibələrin əsas səbəbi və nəticəsi məğlub tərəfin var-dövlətinin talan edilməsi kimi qəbul edilirdi. Deməli iqtisadi amillər hələ o dövrdən icmalar və ölkələrarası münasibətlərdə həll edici olmuşdur. Maraqlı məqamlardan bir fikirmizcə ondan ibarətdir ki, qonşu vilayətlərlə müharibə və konfliktlərin əsas səbəbi ideoloji, dini, hətta ərazi iddiaları və s. yox məhz iqtisadi amillər təşkil etmişdir. Bu fakt müasir dünyada baş verən anoloji proseslərlə çox yaxın oxşarlığa malikdir. Beləki, müasir iqtisadi fikirdə artıq tam formalaşmış və öz təsdiqini tapmış yanaşmaya əsasən dövlətlərarası münasibətlərdə siyasətin “iqtisadiləşməsi” fundamental meylə çevirilmişdir.

 “Kitabi-Dədə Qorqud” dastanının məzmunundan çıxarılan daha bir maraqlı nəticə,öğuz ölkələrində, feodal səciyyəli mülkiyyət formaları ilə bərabər, şəxsi mülkiyyət, erkən çağlarda isə icma-qəbilə ukladlarının da mövcud olmasıdır. Qeyd etmək lazımdır ki,belə məlumatlaraçox müxtəlif mənbələrdə rast gəlmək mümkündür. Ona görədə dastanda belə fikirlərin yer alması sübut edir ki, hadisələrin cəryan etdiyi qədim oğuz yurdlarının, öz dövründə dünyanın digər coğrafiyaları ilə iş birliyi nıticəsində tarixi inkişafın çağdaç mərhələsininaparıcı xüsusiyyətlərinə malik olmuşdur. Başqa sözlə, bu vilayətlərin və ya ölkələrin sosial- iqtisadi qurluşu dövrünün tələblərinə müvafiq olmuşdur.

Dastanlarda oğuz tayfalarının o zamankı iqtisadi fəaliyyət, məşğuliyyət sahələri haqqında da ətraflı məlumat verilir. Dastanın məzmununun araşdırılması ilə,Oğuz ölkələrində, maddi nemətlər istehsalının müxtəlif sahələri, təsərrüfat həyatının rəngarəngliyi, iqtisadiyyatın strukturu, əmək bölgüsü və ixtisaslaşma növləri haqqında yetkin məlumatlar almaq mümkündür. Nəzərə almaq vacibdir ki, bizim də yuxarıda qeyd etdiyimiz kimi dünyanın iqtisadi inkişafında Şərq ölkələrinin tarixən böyük rola malik olması müasir dövrdə təkzibedilməz faktlarla sübut olunur və bu sübutun əsas müəlliflər məhz inkişaf etmiş Qərbin alim və səlnaməçiləridir. Bildiyimiz kimi, mötəbər məlumatlara əsasən ilk ictmai əmək bölgüsü tarixən şərqdə baş verib. Əmək bölgüsü isə tarixən və indidə iqtisadi tərəqqinin əsas daşıyıcılarından hesab edilir. Iqtisad elminin sütunlarından hesab olunan A.Simit özünün "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqatlar" adlı məşhur əsərində, hələ iki yüz il əvəl, əmək bölgüsününcoşqun təkanverici rola, bir katalizator mahiyyətli gücə malik olduğunu dərin elmi əsaslarla sübut etmişdir.İqtisadi fikirdə bu amilin  həlledici rolu dəflərlə müxtəlif alimlər, klassiklər tətfində sübut edilmişdir ki, əmək bölgüsünün  inkişafında Asiyada yaşayan tayfaların rolu həlledici olmuşdur. Əvvəldə eyd etdiyimiz kimi, F.Engels, "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" əsərində ilk böyük ictimai əmək bölgüsünün Şərqdə yaşayan ən qabaqcıl tayfalarda meydana gəldiyini göstərir və birinin “turanlılar” olduğu üç  icmanın adını çəkir.

Məlum olduğu üzrə "turanlılar"ın da ən öncül qollarından biri oğuzlar olub. Dədə Qorqud dövründə əmək bölgüsü və onun tərkibi zamana nəzərən çox əhatəli olub. Bu bölgü kənd təsərrüfatı sahəsində (o cümlədən, xüsusilə, heyvandarlıqda), habelə sənətkarlıqda öz konkret ifadəsini tapır. Dastandakı məlumatlardan eyni zamanda aydın olur ki, rəngarəng əmək bölgüsündə, o dövrün ictimai quruluşuna müvafiq olaraq, kənd təsərrüfatının bəzi sahələri üstünlük təşkil etmişdir. Xalqın milli köklərindən çıxış edərək fikrimizcə,orada mövcud olmuş əmək növləri içərisində, heyvandarlığı, o cümlədən, qoyunçuluq və atçılığı xüsusi ayırmaq lazımdır. Dastanın müxtəlif boylarında bu sahələrə yüksək diqqət və əhəmiyyət verilməsi qabarıq hiss olunur.Eyni zamanda dastanda dəvəçiliyin də heyvandırlıq təsərrüfatında özünəməxsus rol oynadığından xəbər verilir.

Dastanda hevandarlıq məhsullarının ilkin emalı üzrə əhəmiyyətli fəaliyyəti olmasıda nəzərə çarpır. Məsələn, heyvandarlıq məhsullarının istehsalı və növləri haqqında məlumat verilir. Dövrün inkişaf xüsusiyyələrinə müvafiq olaraq və öğuzların köçəri və yarım köçərihəyat tərzinə müvafiq olaraq, heyvandarlıq məhsulları içərisində ən çox adı çəkilən ət, qaxac, süd, qımız, pendir, qaymaq, qatıq, ayran və başqa içkilər, yoğurt, yun, keçi qılı, quş tükü, dəri və sair istehsalının mövcud olduğunu qeyd edə bilərik. Ümumiyyətlə qeyd etməyi vacib sayırıq ki, dastanda cəmiyyətin yaşayış tərzi və şəraiti haqqında verilən məlumatlar həm də onların iqtisadi fəaliyyət sahələrini müəyyənləşdirməyə və dövrün iqtisadi fəaliyyət prioritetlərini identifikasiya etməyə imkan verir.

Dastanda qoyunların bir-birindən fərqləndirilməsi bir tərəfdən o zamankı adlardan xəbər verirsə digər tərəfdən əslində heyvandarlığın özündə ixtisaslaşmanın dərinliyi və sərvət növləri kimi məhsulların dəyərliliyinin fərqləndirilməsini və beləliklə müqayisəli dəyərlər sisteminin mövculuğunu göstərir. (Məs.; ana qoyun, qoç, şişək, ərçək, toğlu, tozax və s.). Qoyunların yay vaxtı yaylaqlara çıxarılması, onların xeyir işlərdə çoxlu sayda kəsilməsi və s. Başqa sözlə biz müəyyən səviyyədə inkişaaf etmiş mübadilə sistemini mövcudluğu haqqında da fikir söyləyə bilərik. Məsələn sərvət ölçüsü kimi yanaşma baxımından, qoyuna müstəsna var-dövlət, sərvət mənbəyi kimi baxılması, onun artımına xüsusi diqqət yetirilməsi haqqında ayrı-ayrı poetik parçalardan, hekayətlərdən, qoşma-bayatı janrlarından çox nümunələr misal gətirmək olar. Məs.: "Dirsə xan oğlu Buğac xan boyu"nda "yaylaqdan on min qoyunun getməsi", "min-min baş qoyun", "qoyunlardan qoç qırdırmaq", "təpə kimi ət" və s. sözləri, ifadələri vardır. Yeri gəlmişkən Dastanda dəyər ölüsü kimi pul-qızıl və s. istifadə olunması haqqında  nümunələr isə demək olar ki,rast gəlinmir.

Qoyunçuluqla bərabər, keçi saxlanılması haqqqında da məlumatlar vardır. Keçinin ətindən və dərisindən başqa, tükündən bir çox məmulatlar (yapıncı, kecə, kürk, sicim, örkən, çatı) hazırlanmasında istifadə olunur, buynuzundan isə yay düzəldilməsində istifadə edilirdi.  Dastanlarda atçılığa da müstəsna əhəmiyyət verilməsi və qayğı ilə yanaşılması faktları isə eyni zamanda xalqın tarixi və dövrün tələbləri,o cümlədən yürüşlərə və döyüşlərə daima hazır olma tələbləri haqqında geniş məlumatlar daşıyır.  Atların böyük ilxılar formasında  saxlanıldığı və yaxşı atların bəslənildiyi göstərilir. At bəslənilməsi ilə xüsusi ilxıçıların məşğul olması və ilxıçıların başçısına "Əmir axur"  titulu daşıması fikri isə, atçılığın inkişaf etdirilməsinin əsas səbəblərinin  yalnız heyvandarlıq məhsullarının istehsalı deyil, digər, məsələn, hərbi və nəqliyyat vasitəsi kimi əhəmiyyətinin yüksək olmasını ifadə edir. Başqa sözlə vurğulamaq olar ki, atçılığa yüksək əhəmiyyət verilməsi  həm də dövləti vəzifələrin icrası ilə bağlı idi.

Qeyd olunduğu kimi, Oğuz tayfalarının o zamankı həyatı üçün heyvandarlıq səciyyəvi olsa da dastanlarda bağçılıq, üzümçülük, bostan təsərrüfatçılığı, dənli bitkilərin istehsalı, həm də onların yalnız dəmyə üsulla deyil,həm də suvarılma üsulu ilə becərilməsindən danışılır.Baramaçılıq, arıçılıq və meyvəçiliyin inkişafı haqqında da məlumatlar,həmin dövrdə bütövlükdə   kənd təssərrüfatının iqtisadiyyatda  həlledici əhəmiyyətə malik oldu digər sahələrdə fəaliyyətlə  məşğul olmaq. o dövr üçün təbiihesab edilməlidir. Çünki, oturaq və yarı oturaq həyat tərzi (münbit torpaq, bol su, yararlı iqlim şəraiti) bunlara imkan verirdi.Qədim oğuz türkləri ovçuluq ilə də yaxından, hətta gündəlik belə məşğul olublar. İri ot eyən heyvanların (məs:, ceyranın, cüyürün, dağ keçisinin, sığırın) habelə dovşanın, samurun adı çəkilir. Boyların bəzilərində boyun uzun vəhşi dağ keçisini vurmaqdan, onların üzərinə yürüş etməkdən söz açılır.

Dastanda Qədim oğuz-türk tayfalarında heyvandarlıq, əkinçilik məşğuliyyətləri ilə yanaşı həmin məhsulların emal sahələri, dəmirçilik, keçəçilik, gön-dəri hazırlığı, dabbaqlıq, xalçaçılıq, boyaqçılıq, şərabçılıq, parça toxuculuğu, bənnalıq, xarratçılıq, boyaqçılıq, şərabçılıq, dulusçuluq, zərgərlik kimi məşğuliyyətlərinin də bu və ya digər dərəcədə yayılması qeyd olunur. Bunların hər birinə aid olan məhsullar, məmulatlar istehsalı həm ev, həm də emalatxana şəraitində təşkil olunurmuş. Bu əslində həmin dövrdə Öğuz yurdlarında həm də ilkin sənayenin inkişafını ifadə edir. Ev "sənaye" işi ilə süddən, ətdən müxtəlif növlü, çeşidli məmulatlar hazırlanması texnologiyası geniş yayılmışdı. Belə faktlar göstərir ki, o zaman oğuz-türk tayfalarında məharətli dəmirçilər, dərzilər, zərgərlər, boyaqçılar, xalçaçılar, dulusçular, dabbaqlar və sair sənətkarlar fəaliyyət göstərirdi. Qoyun yunundan və keçi tükündən keçə, xalça, palaz, sicim, çatı, kürk, yapıncı, corap və digər geyimlər, xurcun, sapan və sair kimi toxuculuq məmulatları hazırlanırdı. Heyvan dərilərindən yəhər, qayış, ov ləvazimatı, ayaqqabı, digər ev və məişət əşyaları düzəldilirdi.

İqtisadiyyatda heyvandarlıq sahəsi həlledici rol oynadığına görə, demək olar ki, bütün zəruri məhsulların, məmulatların istehsalı da ona söykənirdi. Onların sənaye səciyyəli məhsulları da çox vaxt heyvan mənşəli olur. Təsvirlərdən, mənbələrdən aydın olur ki, öküzlərin bud sümüyündən qırmızı sürahiləri, dəvənin ayaq sümüyündən qımız qədəhləri və sair düzəldilirmiş.Atçılıqla əlaqədar olaraq müxtəlif ləvazimatlar hazırlanmasına xüsusi əhəmiyyət verilmiş. Məs.: qədim türk atları üçün düzəldilən yəhər və yəhər ləvazimatı şöhrət qazanmışdı.

"Kitabi-Dədə Qorqud" dastanında iqtisadiyyatın  real sektru ilə yanaşı, əmtəə-pul münasibətləri, tədavül, mübadilə, ticarət, maliyyə münasibətlərinə aid anlayışlar çoxdur. "Salur Qazanın evinin yağmalandığı boy"da, Qazan xanın malikanəsində qiymətli xəzinənin, bol pulun olması  bildirilir. "Duxa Qoca oğlu Dəli Domrul boyu"nda qızıl-gümüş pulun mövcudluğu və onun xərclənməyin hesabına böyük bir şənliyin qurulması imkanı ifadə olunur (7, səh.141-174). Dastanlarda maliyyəni səciyyələndirən bir sıra anlayışların adına rast gəlininr. Xəzinə, bol xəzinə, qızıl-gümüş, pul, xərclik vermək, altun və ticarət, tacirlik məsələləri  və s. ilə bağlı buna misal ola bilər. Eyni zamanda, müasir  kateqoyiyalar üzrə, dövlət büdcəsi, dövlət xərcləri anlamına gələn mənalarda, torpaqdan istifadə ilə əlaqədar renta vergisi, vergi toplamaqla məşğul olan xüsusi adamların olması  haqında məlumatlar onu deməyə imkan verir ki. Dövlət idarəçiliyinin maddi təminatı məsələləri də Öğuz ellərinin mühüm əlamətlərindən biri hesab edilməlidir. Məsələn dastanda qeyd olunan məlumatlara görə, Oğuz türklərində maliyyə  məmurlarına imza (və ya yığa), dövlət xəzinəsinə isə ağılıq deyilirdi. Xəzinə bir tək vergi hesabına deyil, habelə basqın zamanı ələ keçirilən qənimət hesabına, tabe tayfalardan alınan qızıl, təzminat, hədiyyələr ilə təmin edilirmiş.

Lakin qeyd olunmalıdır ki, həmin dövrdə müasir anlamdakı kimi, “milli pul vahidləri” institutu mövcud olmadığından, valyuta – pul münasibətləri epizodik xarakter daşıyır. Bu əslində dövrün inkişaf mərhələsi üçün təbii hesab edilə bilər.

Məlumdur ki, ictimai əmək bölgüsü üzrə fəaliyyətin mahiyyətinə əsasən ticarətlə, alqı-satqı ilə məşğul olan peşə sahibi –ticarətçilər-tacirlər adlanır. Dastanlarda tacirlik, ticarət faəliyyəti, habelə tacirlərin xüsusi geyimləri barədə məlumatlar verilir. Fikrimizcə bu da təbii hesab edilə bilər .Çünki qədim Öğuz yurdunun bir çox şəhərləri məlum olduğu kimi, Yaxın Şərqin çox məşhur ticarət və karvan yolları üzərində yerləşirdi: Bərdə, Dərbənd, Təbriz, Ərdəbil, və s., şimal, cənub. Qərb və şərq ölkələrini  birləşdirirdi. Gəncə, Beyləqan, Bakı, Təbriz, Marağa kimi şəhərlər isə eyni zamanda geniş Şərq coğrafiyasında ticarət və sənətkarlıq mərkəzləri sayılırdı.

Dastandakı məlumatlardan, öğuz yurdlarının ticarət əlaqələrinin dünyanın o zamankı inkişaf etmiş,müxtəlif ölkələri və şəhərləri ilə, məsələn, Rum (Bizans-Türkiyə), İran, Suriya, Çin, Misir, Gürcüstan, Roma və əhatə etdiyini göstərir.  Xarici ticarət əlaqələri vasitəsilə eyni zamanda, Azərbaycana müxtəlif parçalar, metal məmulatları, ədviyyat, xəz və sair gətirilir, buradan isə xam ipək, ipək parça, xalça, mal-qara, at və sair aparılırdı. “Baybeyrəyin oğlu Bamsı Beyrək boyu” dastanında ticarət əlaqələri məsələsinə, xüsusi ilə, tacirlərə aid motivlərə geniş yer verilib. Məs.: tacirlərin İstanbula ticarət şeyləri almaq üçün getmələrindən, qayıdanda onların çalıb-tapılıb talanmalarından söhbət açılır.

Beləliklə, iqtisadiyyata, təsərrüfat sahələrinə, sənətkarlığa, ticarətə aid yuxarıda verilən şərhlər göstərir ki, "Kitabi-Dədə Qorqud"un formalaşdığı vətəşəkkül tapdığı dövrdə maddi nemətlərin təkrar istehsalı ardıcıl olmasa da, az-çox genişlənmə prosesi ilə səciyyələnir. İqtisadi inkişafa təsir baxımından, dastanlarda əks olunan savaş mövsümləri nəzərə alınmalıdır. Yəni, bunlar çox vaxt böyük maddi zərərə, dağıntıya, təlafata səbəb olurdu. Buna isə iqtisadiyyata və iqtisadi inkişafa sənayenini  inkişaf etmədiyi dövrdə xüsusi ilə sarsıdıcı zərbə vururdu. Dastanlardan  qeyd olunan və yuxarıda  şərh olunan məqamlar və xüsusiyyətlər əslində təkrar istehsal prosesinə aid nümunələr kimi  qəbul edilə bilər, məs.: "min-min qoyun", "min qoyun seçin", "qatar-qatar dəvələr", "qızıl dəvə sürüsü", "tövlə-tövlə şahanə atlar", "min ayğır atlar", "qatar-qatar atlar", müxtəlif çeşidli atlara adlar verilməsi və sair. Ümumiyyətlə heyvandarlıqla, əkinçiliklə, bağ-bostançılıqla, quşçuluqla, ovçuluqla əlaqəli və digər anlayışlardan da o vaxtkı təkrar istehsala, onun artmasına, genişlənməsinə dair müəyyən nəticələr çıxarmaq mümkündür. Əgər həmin prosesə müasir "təkrar istehsal nəzəriyyəsi və praktikası" baxımı ilə, metodologiyası ilə yanaşılsa şübhəsiz o dövrün bütün spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.

“Kitabi –Dədə Qorqud” dastanın geniş spektr məsələləri əhatə etdiyini nəzərə alara həmin dövrdəki iqtisadi inkişaf səviyyəsini daha dolğun qiymətləndirmək məqsədi ilə dövlət idarəçiliyi məsələləri haqqında məlumatların araşdırılmasını məqəsəduyğun hesab edirik. Qədim oğuz tayfalarında o zamandakı idarəetmə, ölkənin ümumi idarəçiliyi ilə əlaqədar motivlər də "Kitabi-Dədə Qorqud" dastanlarında ifadə olunur. Müasir baxımdan idarəetmə iqtisadi münasibətlərlə ayrılmaz bir prosesdir. Doğrudur, ölkənin ümumi idarəçiliyi çox əhatəli, geniş məfhumdur. Amma idarəetmə əslində iqtisad-sosial proseslərə daha artıq dərəcədə aiddir. Şübhəsiz, o vaxtkı idarəetmə anlayışı ilə çağdaş idarəetmə anlayışının  məzmununda, xarakterində əsaslı fərq vardır.

"Kitabi-Dədə Qorqud" abidəsində ümumi idarəçiliklə bağlı anlayışları vəonlardan məntiqi nəticə çıxarılan çalarların hamısını ümumiləşdirilməli olsaq, fikrimizcə, burada oğuz boylarının idarəçiliyinin bir neçə istiqamətini əsas götürmək lazımdır. İlk görünüş həmin dövrlərdə bir çox dövlətlər üçün xarakterik olan ikihakimiyyətlikdən xəbər verir. Yəni, "hökmdar", "xanlar xanı" titulu ilə ümumi rəhbərliyi həyat keçirən və fəaliyyət göstərən Qazan xan və daha çox icra səlahiyyətlərini həyata keçirən Bayandur xanın birlikdə  idarəçiliyidir. Bu müasir dövrdə hələdə mövcud olan kral səlahiyyətli hökmdar idarəçiliyini xatırladır.

Beləliklə, Azərbaycanda iqtisadi inkişafın qədim dövrünə Kitabi-Dədə Qorqud zirvəsindən baxdıqda maraqlı ümumiləşdirmələr aparmaq mümkündür.

İlk növbədə qeyd edilməlidir ki,bu əsərin  əhatə etdiyi VII-VII əsrlərdə Qədim öğuzların həyat şəraiti və iqtisadi baxımdan yaşam düzəni dövrün inkişaf səviyyəsinə müvafiq olmuşdur. Beləki, Öğuz tayfaları inkişaf səviyyəsinə müvafiq olaraq həm əhalinin ərzaq təminatını, məşğulluq imkanlarını, ərazilərin xarici qəsbkarlardan qorunması məsələsini və dövlətin idarəedilməsi üçün maliyyə mənbələrinin tapılması və müvafiq mexanizmin qurulması məsələsini ümumən düzgün həll etmişlər.

İkinci məqam isə fikrimizcə ondanibarətdir ki, Öğuz xalqları və dövlətləri istehsalın müasir dillə ifadə etsək, yalnız xammal hasilatı sahəsi ilə deyil, həmdə emal sənayesinin –sahəsinin inkişafı üçün dövrə müvafiq fəaliyyəti təşkil etmişlər. Bu sahənin inkişafı həm kənd təsərrüfatı məhsulların saxlanılması və ixracının təmin edilməsi, həm də ölkənin qorunması üçün hərbi ləvazimatın hazırlanması, bəzək əşyalarının hazırlanması vəs. sahələri əhatə etmişdir.

Üçüncü mühüm məqam kimi isə, deyə bilərik ki, Oğuz elləri avtarkiya şəraitində yaşamayaraq, ticarət əlaqələrinin inkişafı üçün məqsədli işlər görmüş və qonşu ölkələrlə yenə də inkişaf səviyyəsinə müvafiq ticarət əlaqələri qurmuşlar.

Beləliklə Kitabi Dədə Qorqud dastanının iqtisadi inkişafın əksi baxımından dərin olmayan təhlili belə nəticəyə gəlməyə imkan verir ki, VI-VII əsrlərdə Qədim Azərbaycanın iqtisadi inkişafı, cəmiyyətin sosial-iqtisadi həyatı və dövlət idarəçiliyi  İnkişaf etmiş Şərqin bir hissəsi kimi, dünyada mövcud olmuş yaxşı nümunələrdən biri hesab edilə bilər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.