Elmin gənc fədailəri
Mart 06 , 2019 | 11:39 / Müsahibələr, çıxışlar
Oxunma ( 2018 )

Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən müsbət proseslərin hərəkətverici qüvvəsinə çevirə bilib. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması onların maddi durumunun, rifah halının daha da yaxşılaşdırılmasına imkan verib.

Bu kimi məsələləri özündə ehtiva edən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrinə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyanın elmi gəncliyi də Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək istiqamətində öz fəaliyyətini genişləndirib.

 

“Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”

 

Bu ilin 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında Bakı Konqres Mərkəzində 3 mindən artıq gənclə bir araya gələn Dövlət başçısı İlham Əliyevin gənc alimlərimizin beynəlxalq uğurlarından məmnun qalması və Azərbaycan gəncliyinə dövlət qayğısının bundan sonra da uğurla davam etdiriləcəyini bəyan etməsi gənc alimlərdə də əlavə stimul yaradıb. Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxunub, onların cəmiyyətin fəal üzvləri olduğunu xüsusilə qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğulayıb və qeyd edib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.

 

Gənc alimlərə mükafat təsis edilməsi doktorluq müdafiə işlərini sürətləndirmələrinə səbəb olub

 

Azərbaycan elmi gəncliyinin böyük bir qüvvəsini özündə birləşdirən AMEA Gənc Alim və Mütəxəssislər Şurası 40-dan çox elmi təşkilat və müəssisənin 3 mindən artıq üzvünü, o cümlədən 132 AMEA-nın magistrini, 620 doktorantını, 318 fəlsəfə və 6 elmlər doktorunu özündə birləşdirir.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanovun sözlərinə görə, şuranın yerinə yetirdiyi elmi-ictimai fəaliyyət sonda gənclərin elmə marağının artırılması, onların kəmiyyət və keyfiyyət nöqteyi-nəzərdən Azərbaycan və dünya elminə fayda gətirməsi ilə nəticələnir. Təbii ki, burada akademiya rəhbərliyi tərəfindən gənc mütəxəssislərin fəaliyyətinin stimullaşdırılmasına yönələn diqqət və qayğının təsiri böyükdür. Təkcə ötən ildən 35 yaşa qədər elmlər doktorluğunu müdafiə edən gənc alimlərə mükafat təsis olunması və bu günə qədər 2 gənc mütəxəssisin bu böyük mükafata layiq görülməsi elmi gənclik arasında sağlam rəqabət yaratmaqla, doktorluq müdafiə işlərini sürətləndirmələrinə səbəb olub.

Famin Salmanov deyib ki, akademiyada gənc alim və mütəxəssislərin fəaliyyətində diqqət çəkən məqamlardan başlıcası əksər elmi bölmələr üzrə institutların təqdim etdikləri illik mühüm elmi nəticələrin sırasında gənclərin nailiyyətlərinə rast gəlinməsidir. Məsələn, molekulyar biologiya, kimya, fizika-texnika, yer elmləri və sair sahələrdə beynəlxalq səviyyəli müştərək tədqiqatlara qoşularaq mühüm nəticələrə imza atan və həmin nəticələri “Web of sciences” elmi bazalarında referatlaşdırılmış impakt faktoru yüksək olan jurnallarda dərc etdirən gənc alim və mütəxəssislərimizin sayı günbəgün artır.

 

“Bu günün şagirdi, sabahın alimi” layihəsi bu il də davam etdirilir

 

Famin Salmanov bildirib ki, təkcə ötən il Gənc Alim və Mütəxəssislər Şurasının elmin təbliği istiqamətində imza atdığı ən uğurlu layihələrdən biri “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbiri olub. AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında baş tutan və Şuranın AMEA Kimya Elmlər Bölməsi ilə birgə reallaşdırdığı kimyaçıların yay məktəbində 100-ə yaxın AMEA-nın və respublikanın ali təhsil müəssisələrinin gənc kimyaçıları iştirak edib.

Gənc alim və mütəxəssislərin bir-birini yaxından tanımaları, qeyri-rəsmi müstəvidə aktual mövzularda fikir mübadiləsi aparmaları baxımından bu cür məktəblərin xüsusi rol oynadığı tədbir boyu öz təsdiqini tapıb. Fevral ayının sonunda isə AMEA Biologiya və Tibb Elmlər Bölməsi ilə birgə biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, xüsusən doktorant, disertant və magistrantlar üçün “Gənc bioloqların Qış Məktəbi – 2019” adlı tədbir keçirilib.

Gənc Alim və Mütəxəssislər Şurasının start verdiyi qeyri-ənənəvi layihələrindən olan “Bu günün şagirdi, sabahın alimi” layihəsidir ki, bu il də davam etdirilib. Artıq ayrı-ayrı institutların şuraları müstəqil şəkildə "Bu günün şagirdi, sabahın alimi" layihəmiz çərçivəsində şəhər və rayon məktəblərindəki "Kiçik Akademiya"larla sıx əməkdaşlıq edirlər.

 

“Sabahın alimləri”nə AMEA-nın gənc mütəxəssisləri dəstək verir

 

AMEA-nın Təhsil Nazirliyi ilə ən uğurlu əməkdaşlığının nümunəsi olan “Sabahın alimləri” respublika müsabiqəsi çərçivəsində gələcəyin alimi olacaq istedadlı məktəblilərin layihələrinin hazırlanmasında gənc mütəxəssislərin də böyük rolu var. Müsabiqədə qalib olan əksər layihələr məhz AMEA-nın gənc alimlərinin rəhbərliyi altında yerinə yetirilib.

Müsabiqə çərçivəsində layihəsi qalib olan akademik Zərifə Əliyeva adına Liseyin 10-cu sinif şagirdi Adnan Bünyatov və Əliağa Abdullayevin tədqiqat işi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən mühüm tədqiqat kimi 3-cü yerə layiq görülüb.

Cari ildə Azərbaycan Texniki Universitetində “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub, İT və biotibbi texnologiyanın yeniliklərindən yararlanaraq əldə etdikləri ixtiralar haqqında məlumat verən AzTU tələbələri bu ixtiralarını startap layihələr kimi sənayeyə, istehsalata tətbiq etmək niyyətində olduqlarını qeyd ediblər.

Akademiya institutlarının həyata keçirdiyi elmi tədqiqatlar və əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılmasında, eyni zamanda, gələcəyin alimi olan istedadlı şagirdlərdə elmə marağın formalaşdırılmasında əsas vasitələrdən biri də AMEA institut və təşkilatlarında keçirilən “Açıq qapı” günləridir ki, bu il də uğurla davam etdirilir.

 

“İlin gənc alimi”, “İlin tədqiqat layihəsi”, “Ən yaxşı elmi məruzə” və sair müsabiqələr...

 

Gənclərin fəaliyyətinin stimullaşdırılmasının həlledici vasitəsi olan müsabiqələr artıq ənənə halını almaqla, öz əhatə dairəsini də genişləndirməkdədir. Belə müsabiqələr 2018-ci ildə “İlin gənc alimi”, “İlin tədqiqat layihəsi”, “Ən yaxşı elmi məruzə” və sair müsabiqələr akademiyanın əksər institutlarda keçirilir.

AMEA təşkilatlarında çalışan və öz elmi tədqiqatları ilə seçilən gənclərin stimullaşdırılması ilə əlaqədar onların fəaliyyəti qiymətləndirilir. Belə ki, 2018-ci il üzrə Akademiyanın bir gənci - Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənov “Gənclər üçün Prezident Mükafati”na, 2 gənci - AMEA-nın Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Mirzəyeva Səmra Tahir qızı, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi İskəndərli Günay Yavər qızı Gənclər və İdman Nazirliyinin elan etdiyi “İlin gənci” mükafatına və 14 gənc isə AMEA Rəyasət Heyətinin və müvafiq bölmələrin fəxri fərmanlarına layiq görülüb.

 

Yüksək Texnologiyalar Parkında gənc alimlər və bizneslə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb

 

AMEA Yüksək Texnologiyalar Parkının (YT) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovun sözlərinə görə, Park ölkə başçısının 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü və elmtutumlu məhsulların istehsalı, alimlərin elmi tədqiqatlarının tətbiqi, kommersiyalaşdırılması məqsədilə yaradılıb.

Parkın 21 hektar ərazini əhatə etdiyini deyən alim burada yeni innovativ layihələri olanlar, bizneslə məşğul olmaq istəyənlər, o cümlədən startapçılar üçün vergi, gömrük güzəştlərinin nəzərdə tutulduğunu söyləyib. Gənc alimləri və startapçıları rəhbərlik etdiyi quruma dəvət edən N.Şükürov onların ideyalarını dəstəkləməyə hazır olduqlarını vurğulayıb.

O, YT Parkın alimlərdən ibarət Ekspertlər Şurasının olduğunu və şura tərəfindən yeni ideyaların uğurlu tətbiqi üçün biznes planının, texniki-iqtisadi əsaslandırılmanın, satış bazarı və marketinqinin müəyyənləşdirilməsinə dəstəyin verildiyini diqqətə çatdırıb.

 

“Alimlər şəhərciyi”ndə tikinti işləri sürətlə davam edir

 

Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə (Science City) AMEA əməkdaşları üçün kooperativ yaşayış kompleksi tikilir. 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində ümumilikdə 18 bloklu binanın tikilməsi planlaşdırılır.

Hazırda 12 mərtəbə, iki blok, 154 mənzildən ibarət olan ilk binanın beşinci mərtəbəsində tikinti işləri görülür.

Qeyd edək ki, ekoloji təmiz havası olan ərazidə yerləşən kompleksdə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

Mənzillər elm və təhsil sahəsində çalışan əməkdaşlara sərfəli şərtlərlə təklif olunur. Evlərin verilməsində gənc alimlərə də üstünlük veriləcək.

 

Təqaüdlərin artırılması elmə və keyfiyyətli təhsilə tələbatı yüksəldəcək

 

Bu ilin ən yaddaqalan hadisələrindən biri Prezident İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı sərəncamlar olub. Həmin sənədlərə və dövlət başçısının “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanına əsasən, ali məktəb tələbələrinə verilən təqaüdlərin və Prezident təqaüdünün məbləğinin artırılması təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Ümumilikdə 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdlərinin orta hesabla 20 faiz artdığını nəzərə alsaq, bu artımın gənclərin yüksək təhsil almasında növbəti stimul olduğunu əminliklə deyə bilərik.

 

Cabir Məmmədov

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.