Fotos
Böyük Vətən Müharibəsinin taleyinin həllində baş rol alan Azərbaycan nefti və alimləri
May 09 , 2019 | 06:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 1874 )

 

 

 

Əfsun Sucayev

AMEA Aşqarlar Kimyasi İnstitutunun

laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent

Türkiyə prezidentlərinin həyat fəaliyyətini qələmə alan tarixçilərin qeydlərində mərhum Turqut Özalla bağlı olduqca maraqlı bir fakta rast gəlinir: bir gün aparıcı geoloq alimləri bir araya gətirən mərhum dövlət başçısı onlara belə bir göstəriş verir ki, araşdırıb görsünlər, ölkəsində nə qədər neft-qaz ehtiyatı var. Bir müddətdən sonra geri dönən həmin alimlər Türkiyədə bu sərvətlərin olmadığını təssüf hissi ilə qeyd edirlər. Turqut Özalın dərindən nəfəs alaraq «Bu çox gözəl oldu. Onda inkişafımızda davam edə bilərik» cavabı o zaman təccüblə qarşılanır. Təbii ki, o dövrdə az miqdarda karbohidrogen ehtiyatı (neft-qaz) belə olmayan və Amerika yazıçısı və iqtisadçı Maykl Rossun “Neft lənəti” adlandırdığı haqqında kitab yazdığı bu sərvətdən ölkəsinin bilavasitə fayda götürmədiyi Turqut Özal bəyin düşüncələri normal başa düşülə bilərdi, ancaq bir şərtlə ki, bu “qara qızıl”ın bəşəri əhəmiyyəti olmayaydı. Elə bir əhəmiyyətindən söz açacağam ki, sözlə ifadə olunması çətinlik yaradan bu bəşəri əhəmiyyət faşizm üzərində böyük qələbəsinin 74 illiyini qeyd etdiyimiz Böyük Vətən Müharibəsində qeydə alınıb. Heç bir mübaliğəyə yol vermədən deyə bilirik: məhz bu qələbənin qazanılmasında digər ölkələrə nisbətən AZƏRBAYCAN adı həm də ona görə iri hərflərlə yazılır ki, Böyük Qələbəyə xüsusən Bakı neftnin töhfəsi əvəzsiz olub. Təsəvvür edə bilirsiniz, bu qanlı-qadalı müharibə illərində Sovet İttifaqı respublikalarında müasir texnologiyanın olmadığı, minbir fiziki əziyyət, zəhmətlə çıxarılan neftin 70, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Məhz Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı başa düşən Adolf  Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə deyib ki, əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq. Bəs Azərbaycan nefti olmasaydı nə baş verəcəkdi? Bax əsas məsələ budur, mənə görə qalanı təfərrüat. Elə mənə görə də başı bəlalı neftimiz olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların ölkəmizə də hansı fəlakətlər gətirəcəyini – yurudumuzun viran olacağı, insanlarının sürgün ediləcəyi, gələcəkdə ən azı ittifaq respublikası kimi dünyada mövcud olmaq şansını tam itirəcəkdi.

Bir gənc kimyaçı kimi mənim anlamımda bu qələbənin əldə olunmasında Azərbaycanın əhəmiyyəti bir də ondan ibarətdir ki, Azərbaycanın təkcə neft ölkəsi deyil, həm də nefti səmərəli məqsədlərə yönəldə bilən tədqiqatları ilə tanıdan dünya şöhrətli akademik kimyaçı alimlərimizin o illər həmin müharibənin uğurla aparılmasına xidmət edən elmi tədqiqatları və əldə etdikləri mühüm elmi kəşfləri öz sözünü demişdir. Bəli, məhz o vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edildi və cəbhəyə yönəldi.

Düzdür, 1941-1945-ci illərdə qazanılmış qələbədə üç həlledici amilin biri Azərbaycan nefti hesab olunur. Lakin ən azı neft və onun aid olduğu sahədə böyük elmi tədqiqatlar aparıb müharibənin taleyini həll edən görkəmli kimyaçı akademik Yusif Məmmədəliyev və onun aspirantı akademik Əli Quliyevin adları elə Azərbaycan nefti ilə qoşa çəkilməlidir.

Qələbənin yaxınlaşmasında əvəzsiz xidmətləri olan akademik Y.Məmmədəliyev və aspirantı Əli Quliyev bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıblar. Nəticədə onların üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması akademik Yusif Məmmədəliyevin adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər. Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa töhvə verib. Y.Məmmədəliyev bu rəşadətlərinə görə bir çox təltiflərə, o cümlədən Dövlət Mükafatına layiq görülüb. Halbuki çətin şərtlər daxilində ard-arda sıralanan bu nailiyyətlərin hər biri Nobel mükafatına layiq görülməsini diqtə edirdi. Amma bütün bunlara baxmayaraq, Yusif Məmmədəliyev XX əsrdə alim üçün uğurun ən yüksək həddi olan Nobel mükafatına layiq ola bilmədi. O, əslində mükafatın astanasında idi. Yalnız yenə erməni məkrliyi Azərbaycan elminin bəlkə də tarixi boyunca əldə edəcəyi ən böyük uğurun üstündən xətt çəkdi. Halbuki akademik Y.Məmmədəliyevin bu sahədə kəşfləri nəinki səmaları, hətta kosmosu fəth etməyə imkan verib. Söhbət “Y.Məmmədəliyev metodu” ilə alınan yüksək keyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilməsindən gedir.

Böyük Vətən Müharibəsinin taleyinin həll olunmasında çalışdığım Aşqarlar Kimyası İnstitutunun əsasını qoyan və adını daşıyan akademik Əli Quliyevin də rolu danılmazdır. Lakin nədənsə onun əməyi kifayət qədər işıqlandırılmır. Hər halda mənə belə görünür. Ancaq tarixi faktlar sübut edir ki, müharibənin əvvəllərində o, öz müəllimi akademik Yusif Məmmədəliyevlə birlikdə yüksək keyfiyyətli aviasiya yanacağı sayılan alkilbenzin alınması prosesinin tədqiqində, konkret olaraq sulfat turşusunun iştirakı ilə təbii qaz benzinin baş fraksiyasının alkilləşməsi prosesinin işlənib hazırlanması ilə məşğul olmuşdu. Müharibə başlayanda isə Əli Quliyev laboratoriyanın əsas işi olan aviasiya benzinlərinin tədqiqindən kənarlaşdırılmışdı. Bu da başa düşülən idi. Təbii ki, müharibənin tələbəatı bir neft, aviasiya yanacağına deyildi. O illərin dillərə dastan olan “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı da bunu təsdiq edir. Gənc tədqiqatçıya da məhz cəbhə üçün tank əleyhinə yandırıcı butulkaların istehsalında elmi yeniliklər etmək və indiyə qədər mövcud olanların təsir imkanlarının artırılması kimi daha bir məsul iş tapşırılır. Bu hərbi sifarişlər üzərində  məhz onun rəhbərliyi altında bir sıra əməkdaşları işləyirdi. Hətta, laboratoriyanın aspirantları da gecə-gündüz bilmədən bu işə qoşulmuşlar.

Əli Quliyevin müharibə illərindəki ən diqqətçəkən nailiyyətlərindən biri, heç şübhəsiz tank əleyhinə butulkaların – alışdırıcı qarşığın, başqa sözlə “Molotov kokteyli”nin yaradılması olub. Bilənlərə xatırlatmaq, bilməyənlərin diqqətinə çatdırmaq yerinə düşər: bu ixtiranın mahiyyəti ondan ibarət idi ki, şüşəüfürücü ustaların əvvəlcədən isidərək yan tərəfdən içəri basılmış hala salınan adi şüşə butulka benzin ilə doldurulurdu. Şiddətlənmək üçün isə rezin bağ vasitəsilə içinə güclü oksidləşdirici – xromillə dolu şüşə ampula bərkidilirdi. Düşmən tankına atılan zaman şüşə və butulka sınır, benzin və xromilin qarışması nəticəsində dəhşətli yanğın əmələ gəlir, tankı və onun heyyətini bir andaca yandırırdı. Təxmini hesablamalara görə, Əli Quliyev tərəfindən hazırlanmış alışdırıcı qarşıqdan hər il cəbhəyə yüz minlərlə butulka göndərilirdi. Bu yüngül və rahat silah orduda hərbiçilərimiz tərəfindən də sevilib və müharibənin bütün döyüş cəbhələrində geniş istifadə olunub. Bu haqda bir çox görkəmli sovet hərbi komandirlərinin xatirələrində minnətdarlıqla qeyd olunub.

Hərbi sahənin tələb etdiyi işlərdən biri də əl qumbaralarının yaradılması olub. Cəbhəyə göndərilməzdən əvvəl onların üzərində texniki yoxlama aparılırmış. Sınaqlardan biri bədbəxtliyə səbəb olur – qumbara Əli Quliyevin əlində partlayır. O sağ əlini itirir, gözləri yanır, bir çox orqanları ciddi zədə alır. Uzun müddətli müalicədə görmə qabiliyyəti bərpa olunsa da, itirdiyi əli Böyük Vətən Müharibəsini ona və ətrafındakılara heç vaxt unutdurmayacaq aci xatirəyə dönür. Belə fiziki və mənəvi zərbəyə baxmayaraq, bu iradəli insan əvvəlki işinə qayıdır və iki əli olanlardan iki qat çox çalışır, əmək sərf edir və yen-yeni elmi uğurlara imza atır. Onun haqqında kimyaçı alim Rəsul Əhmədovun yazdığı kitabda diqqəti cəlb edən maraqlı daha bir faktda deyilir ki, akademik Əli Quliyev həm sol əli ilə işləyir, əvvəllər ona uzadılan sag əli sol əli ilə sıxırmış. Amma bu hadisədən xəbərdar olanlar isə salamlaşarkən ona sol əllərini uzadırlar.

Əli Quliyevin başçılıq etdiyi qrupda partlayıcı və alışdırıcı maddələr hazırlamaqdan əlavə dərman vasitələri – streptotsid, urotropin, saxarin və əsasında alkilaromatik sulfoturşu duzlarının olduğu yuycu maddələr də alınıb.

Beləliklə, yuxarıda qeyd etdiklərimizi ümumiləşdirsək deyə bilərik ki, SSRİ  tərkibində olsa da böyük vətən tariximizin şanlı səhifəsinə şərəflə yazılmış Böyük Vətən Müharibəsində Azərbaycan neftinin və görkəmli alimlərimizin xidmətindən tez-tez yazılsa, danışılsa təqdirəlayiq olar. Bir halda unutmayaq ki, müharibə şəraitində yaşayırıq, II Qarabağ müharibəsinin başlanması da qaçılmaz və an məsələsidir, deyirlər. Onda heç kimdə şübhə olmasın ki, müstəqil ölkəmizdə vətənpərvərliyin təbliği və yetişməkdə olan gənc Yusif Məmmədəliyevlərin, Əli Quliyevlərin potensialının ölkəmizin Qarabağ kimi taleyüklü məsələsinin həllinə töhvə verəcək. Lap elə baba Yusif Məmmədəliyev və Əli Quliyev kimi.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.