Fotos
AMEA Genetik Ehtiyatlar İnstitutunda magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçrilib
May 22 , 2019 | 04:29 / Mühüm hadisələr
Oxunma ( 1433 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) “İnsan genetikası”, “Genetika” və “Bitkilərin seleksiyası” ixtisasları üzrə təhsil alan II kurs magistrantların dissertasiya işlərinin birləşmiş şöbələrin birgə seminarında ilkin müzakirəsi keçirilmişdir.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov seminarı açaraq magistratura təhsilinin əhəmiyyətindən danışmış və magistrantların İnstitutun kadr potensialının gəncləşməsində rolunu qeyd etmişdir. O, bildirmişdir ki, bu il İnstitutun magistraturasını 6 nəfər bitirir və həmçinin bağlanmış müqavilə əsasında Azərbaycan Dövlət Aqrar Universitetindən (ADAU) də 3 nəfər magistratura təhsilini GEİ-də tamamlayır. Z.Əkpərov İnstitutda magistratura təhsilinə xüsusi önəm verildiyini, dərslərin məsuliyyətlə və yüksək keyfiyyətlə tədris edildiyini və dissertasiya işlərinin lazımi səviyyədə hazırlanması üçün magistrantların elmi rəhbərləri ilə sıx işlədiklərini vurğulamışdır. O, həmçinin qeyd etmişdir ki, İnstitut öz tarixində ilk dəfə olaraq “İnsan genetikası” ixtisası üzrə magistrant hazırlığını həyata keçirir.

Seminarda ilk olaraq “İnsan genetikası” ixtisası üzrə təhsil alan Zeynəb Məmmədova və Şəlalə Abdulrəhimlinin təqdimatları dinlənilmişdir. Onlar, Azərbaycanda ilk dəfə olaraq RFLP PZR və Sanger sekvensləmədən istifadə etməklə sidik kisəsi xərçəngi və xroniki pankreatit xəstəliyi diaqnozu qoyulmuş xəstələrdə genlərin polimorfizminin tədqiqini və bioinformatik analizlərlə mutasiyalar aşkar edildiyini nəzərə çatdırmışlar.

“Genetika” ixtisası üzrə isə Gülər İsmayılova və Aytac Nəbiyevanın təqdimatları dinlənilmişdir. G.İsmayılova bildirmişdir ki, Azərbaycanda ilk dəfə olaraq molekulyar markerlərdən istifadə etməklə tut ipəkqurdu cinslərinin genetik identifikasiyası həyata keçirilmiş və cinslər pasportlaşdırılmışdır. A.Nəbiyeva isə ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən tetraploid buğdaların protein və molekulyar markerlərlə tədqiqi üzrə aldığı nəticələri şərh etmişdir.

“Bitkilərin seleksiyası” ixtisası üzrə Saqiylə Əliyeva və Əhməd Əhmədov seminarda çıxış etmişlər. S.Əliyeva bildirmişdir ki, uzun illərdir ki, soya bitkisinin genetikası və seleksiyası üzrə kifayət qədər tədqiqat aparılmamış və kolleksiyalar yaradılmamışdır. Odur ki, AMEA-nın müxbir üzvü Z.Əkpərovun elmi rəhbərliyi ilə müxtəlif ölkələrdən mübadilə yolu ilə soya sort və formaları əldə edilərək yeni kolleksiya yaradılmış, biomorfoloji əlamətlərinə görə səciyyələndirilmiş və genetik müxtəlifliyi 2 növ molekulyar markerlərlə tədqiq edilmişdir. Ə.Əhmədov isə “Milli kolleksiyada saxlanılan çaytikanı nümunələrinin biomüxtəlifliyinin tədqiqi” mövzusu üzrə alınan nəticələri şərh etmiş və yeni çaytikanı sort və formalarının müqayisəli təsvirinin aparıldığını diqqətə çatdırmışdır.

Seminarda ADAU-nun GEİ-də “Bitkilərin genetikası” və “Mikologiya” ixtisasları üzrə təhsil alan 3 magistrantının da dissertasiya işlərinin müzakirəsi aparılmışdır. Günel Ağazadə və Dursun Zamanova bitkilərin genetikası üzrə əldə etdikləri nəticələri şərh etmişlər. G.Ağazadə ilk dəfə olaraq Milli kolleksiyada saxlanılan viqna nümunələrinin molekulyar genetik səciyyələndirilməsini həyata keçirdiklərini və molekulyar markerlərlə nümunələrin pasportlaşdırılmasını apardıqlarını diqqətə çatdırmışdır. Dursun Zamanova isə xalq arasında çörək buğdası kimi tanınan yumşaq buğdanın 11 növmüxtəlifliyinə aid 31 nümunəsinin kəmiyyət və keyfiyyət əlamətlərinə görə qiymətləndirilməsinin nəticələrini, həmçinin genetik markerlərlə əldə olunan verilənləri şərh etmişdir. Leyla Abbasova isə müxtəlif növ buğdaların pas xəstəliyinə davamlılığının tarla şəraitində qiymətləndirilməsi üzrə alınan nəticələr haqqında danışmışdır.

Seminarda magistrantlar professor-müəllim heyətinin, həmçinin tədqiqatçı alimlərin suallarını cavablandırmışlar. Müzakirələr zamanı magistrantların əsas müdafiəyə buraxılması qərara alınmış və göstərilən bəzi iradların aradan qaldırılması tövsiyə edilmişdir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.