Sen 27 , 2019 | 07:29 / Mühüm hadisələr
Bu gün AMEA Geologiya və Geofizika (GGİ) İnstitutun Elmi şurasının növbəti iclası keçirilib. GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun sədrlik etdiyi Elmi şuranın gündəliyində duran əsas məsələlərdən biri də İnstitutun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun “Azərbaycanın orta eosen yaşlı yanar şistlərinin mineralogiya və geokimyasına dair yeni məlumatlar, onların əmələgəlmə şəraiti” adlı elmi məruzəsinin dinlənilməsi olub.
Həmin şöbənin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, prof. Adil Əliyevin həmmüəllifi olduğu məruzənin təqdimatını gənc alim Orxan Abbasov edib. Məruzəçi, Böyük Qafqazın cənub-şərq batımında yerləşən Şamaxı-Qobustan rayonunun və Abşeron yarımadasında təzahür etmiş, ölkə üçün əsas alternativ yanacaq-enerji və xammal resursu statusu daşıyan yanar şistlərin Rusiyanın, Estoniyanın, ABŞ-ın və s. şistlərilə müqayisəli təhlillərinin nəticələri, şistli süxurlarda aşkarlanan mineralların və elementlərin paylanma xüsusiyyətləri, onların yetkinlik və paleoaşınma səciyyələri, həmçinin paleotektonik, paleohövzə və paleoiqlim əmələgəlmə şəraitləri haqqında alınan yeni nəticələr haqqında məlumat verib.
Orxan Abbasov qeyd edib ki, Azərbaycanda bu istiqamətdə ilk dəfə aparılan elmi araşdırmaların nəticələri həmmüəlliflər tərəfindən “Web of Science” və “Scopus” bazalarında indeksləşən iki jurnalda artıq nəşr olunub, daha iki məqalə çap ərəfəsindədir. Həmçinin yanar şistlərin genezisinə dair tədqiqat işlərilə bağlı elmi yeniliklər bu ilin aprel ayında Avstriyanın Vyana şəhərində baş tutan Avropa Yer Elmləri İttifaqının Baş Assambleyasının müvafiq seksiyasında geniş müzakirə edilib.
Maraqlı məruzə ilə əlaqədar çoxsaylı suallar cavablandırılıb, çıxışlar olunub.
Elmi şuranın ümumi rəyinə əsasən məruzə bəyənilib.