Okt 14 , 2019 | 10:27 /
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova Almaniyada 2 aylıq ezamiyyətdə olmuşdur. O, Leybnits Bitki Genetikası və Kənd Təsərrüfatı Bitkilərinin Tədqiqatı İnstitutunun Molekulyar genetika şöbəsinin nəzdində Şəbəkə analizi və modelləşdirmə tədqiqat qrupunda transkriptom sekvenslənməsi verilənlərinin referens genom üzərində xəritələşdirilməsi, assemblinqi, differensial gen ekspressiyası və funksional enriçment analizi və genlərin ko-ekspressiya şəbəkələrinin qurulması sahəsində tədqiqat işi aparmışdır. Səfər zamanı Galaxy proqramı və R proqramlaşdırma dilinin Yeni Nəsil Sekvensləmə üsulları ilə əldə edilmiş verilənlərin analizində istifadəsi mənimsənilmiş, pomidor bitkisinin Solanum lycopersicum, Solanum chilense, Solanum pennellii və Solanum neoricki genomlarına aid çoxsaylı transkriptom kitabxanalarının xəritələşdirilməsi aparılmış, müxtəlif toxumalarda və növlərdə differensial ekspressiya olunan genlər müəyyənləşdirilmiş, habelə bir neçə bitki növündə genlərin ko-ekspressiya şəbəkəsinin qurulması və müqayisəli analizi həyata keçirilmişdir. Qeyd edilən tədqiqat qrupu ilə beynəlxalq qrant müsabiqələrində birgə iştirak etmək üçün müzakirələr aparılmış və yeni tədqiqat layihəsinin hazırlanması üzrə razılıq əldə edilmişdir.