Yan 17 , 2020 | 09:19 / Mühüm hadisələr
Yanvarın 17-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bugünkü iclasda Kimya Elmləri Bölməsinin və Gəncə Bölməsinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatlarının dinləniləcəyini diqqətə çatdırıb.
Sonra Kimya Elmləri Bölməsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev bölmənin ötən ildəki fəaliyyətinə dair hesabatını təqdim edib. Alim ötən il bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA rəhbərinin sərəncamları və Rəyasət Heyətinin qərarlarının əsas götürüldüyünü bildirib.
Bölmə üzrə statistik məlumatları diqqətə çatdıran akademik D.Tağıyev hesabat ilində elmi müəssisələrdə 12 problemə aid 43 mövzu üzrə tədqiqat işinin aparıldığını və 11 mövzunun tamamlandığını deyib. Vurğulayıb ki, 2019-cu ildə bölmənin elmi müəssisələri və respublikanın ali təhsil müəssisələri elmi fundamental tədqiqatlar sahəsində 21 mühüm elmi nəticə əldə ediblər. Həmçinin institutlarda 20 patent alınıb. Məruzəçi hesabat ilində elmi müəssisələr tərəfindən təklif edilən üç tətbiqi xarakterli işin müxtəlif təşkilatlarda sınaqdan keçirildiyini və müsbət nəticələrin əldə olunduğunu qeyd edib.
Kadr hazırlığı məsələlərindən danışan alim bildirib ki, hazırda bölmənin elmi müəssisələrdə fəlsəfə doktoru hazırlığı üzrə 39, elmlər doktoru hazırlığı üzrə isə 33 doktorant təhsil alır. Elmi müəssisələrdə 11 işin müdafiəyə hazırlandığını deyən Dilqəm Tağıyev hesabat ilində magistratura pilləsinə dövlət sifarişi əsasında 18 nəfərin qəbul olunduğunu diqqətə çatdırıb.
Bölmənin nəşriyyat fəaliyyəti barədə də məlumat verən D.Tağıyev qeyd edib ki, ötən il 6 monoqrafiya, 14 kitab işıq üzü görüb, 226 məqalə impakt-faktorlu jurnallarda dərc edilib. Həmçinin 403-ü xaricdə olmaqla, 1115 məqalə və tezis çapdan çıxıb.
Akademik D.Tağıyev bölmənin institutlarında beynəlxalq elmi əlaqələrin hesabat ilində də davam etdirildiyini, bu istiqamətdə mütəmadi tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Natiq məruzəsində elmi müəssisələrdə keçirilən konfrans və yubileylər, struktur dəyişiklikləri, təltiflər, xarici ezamiyyətlər, elm və təhsilin inteqrasiyası ilə bağlı görülən işlər, gənc alim və mütəxəssislərin fəaliyyəti kimi məsələlərə də toxunub.
Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə akademiklər - Rasim Əliquliyev, Vaqif Abbasov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Bəxtiyar Məmmədov və Məhəmməd Babanlı iştirak ediblər.
Rəyasət Heyəti bir sıra təklif və mülahizələri nəzərə alaraq, bölmənin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib. Kimya Elmləri Bölməsi və bölmədənkənar elm və təhsil müəssisələri üzrə ötən il alınmış mühüm elmi və tətbiqi nəticələrin təsdiqi və Akademiyanın illik hesabatına salınması qərara alınıb. Elmi tədqiqatların “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda öz əksini tapan prioritet istiqamətlər üzrə aparılması, kimyəvi və texnoloji proseslərin tədqiqində riyazi modelləşmə və informasiya texnologiyalarından istifadə edilməsi, bölmənin institutlarında elmtutumlu texnologiyaların işlənilməsinə diqqətin artırılması və AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əlaqələrin gücləndirilməsinə dair bölməyə müvafiq tapşırıqlar verilib.
Qərarda, həmçinin elm və təhsilin inteqrasiyası, beynəlxalq təşkilatların qrant müsabiqələrinə təqdim edilən layihələrin rəqabət qabiliyyətinin artırılması, “Web of Science” bazasına daxil olan yüksək impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayının çoxaldılması, həmçinin elmin populyarlaşdırılmasına dair tapşırıqlar da yer alıb. Bölmənin elmi müəssisələrinə müxtəlif istiqamətli tədqiqatların davam etdirilməsi tapşırılıb.