Sağlam cəmiyyət və bəşəriyyət naminə qurtuluşun formulu: liderimizə inam və birlik
Apr 04 , 2020 | 08:23 / Müsahibələr, çıxışlar
Oxunma ( 3054 )

Famin Salmanov

 AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent

Bəşəriyyət tarixi boyunca müxtəlif bəlalarla, o cümlədən kütləvi yoluxucu xəstəliklərlə qarşılaşmışdır. Tarixi proseslərin xroniki təhlili göstərir ki, ən dəhşətli pandimeyaların qarşısında yalnız o cəmiyyətlər daha az itkilərlə davam gətirmişlər ki, onlarda insanların həmrəyliyi və birliyi tandem təşkil etmişdir. Cəmiyyətin həmrəy olması da öz növbəsində güclü liderin və ona olan inamın harmoniyasını birmənalı şərtləndirən amillərdəndir. Bu baxımdan, güclü liderin cəmiyyət tərəfindən hamılıqla qəbul edilməsində, onun rəhbəri olduğu toplunun milli və mənəvi dəyərlərini mükəmməl mənimsəməsi, eləcə də inkişafa bağlı mütərəqqi, həmçinin ən mürəkkəb vəziyyətlərdə həlledici siyasi strategiyasının və ümummilli məsələlərlə bərabər, ümumbəşəri problemlərin önlənməsində qətiyyətli və cəsarətli addımların atılması kimi məziyyətlərənin olması xüsusi spesifik formalaşdırır.

Dünyanın üz-üzə olduğu, ən qüdrətli hesab olunan dövlətlərin belə qarşısında duruş gətirə bilmədiyi Covid-19 virusununun fəsadları ilə indiyə qədər ən ciddi müqavimət gücü nümayiş etdirən ölkələr sırasında Azərbaycanın adı müsbət mənada fərqlənənlərdəndir. Virusun dünyaya yayılmağa başladığı ilk gündən etibarən, Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar atmışdır. Azərbaycanın lideri,  Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmiş məqsədyönlü siyasi strategiyadır və beynəlxalq qurumlar tərəfindən də təqdir edilməkdədir. Bununla bağlı, Bakıda inşaa edilən yeni klinika tibb müəssisəsinin açılışında dünyanın ən güclü liderlərindən hesab edilən Prezidentimiz demişdir:

“Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir”.

Bəli, Azərbaycanın koronavirusa qarşı mübarizəsinin əsasında xalqın milli və mənəvi dəyərlərindən irəli gələn pandemiya əleyhinə ölkə rəhbərliyi  tərəfindən müəyyənləşdirilən tədbirlərə qarşı həmrəylik, eləcə də ümumbəşəri xilas ideyalarına loyallıq durur. Birmənalı şəkildə demək mümkündür ki, bu məsələdə ən öndə faktor Azərbaycan xalqının öz liderinə sonsuz inamı durur. Bu gün cəmiyyətdə cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Biz birlikdə güclüyük” şüarı ağır sınaq qarşısında milli birliyin leytmotivi kimi bütün insanların dilində səslənir. İndi bu şüarı hər yerdə  görmək mümkündür. Bu sehirli sloqan xalqımızın bu ağır bəladan üzüağ çıxması üçün tibbi imkanların lokomotivi baxımından xüsusi bir stimul formalaşdırır. Onun meydana çıxması xalqımızın mənəviyyatına bələdçiliyin və etiqatın, həmçinin zaman nöqteyi-nəzərdən pandemiya kimi ciddi məsələlərə qarşı xüsusi həssaslığın bariz nümunəsini nümayiş etdirir. Necə ki, ölkəmiz bu çətin sınaqla üz-üzə qaldığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkəmizin I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva başda olmaqla, hər kəs öz fəaliyyət sahəsində çiyin-çiyinə mübarizə aparmaqla həmrəylik nümayiş etdirmişdir. Bu bir daha onu göstərir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqın insanıdır və Azərbaycan hakimiyyəti öz gücün birbaşa olaraq Azərbaycan xalqından alır.

Azərbaycan dövlətinin bur virusla mübarizədə müəyyənləşdirdiyi əsas taktiki yol, insanların özlərini qorumaqla dövlətə dəstək olmasıdır. Yəni dövlət zəruri olmadığı təqdirdə, lüzumsuz yerə böyük insan qruplarını təhlükə ilə üz-üzə qoymamağa çalışır. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti əhalinin hansısa qrupunu təhlükə qarşısında tək qoymaq niyyətindən tamam uzaqdır. Xüsusən, yaşlı nəslin qorunması, diqqət mərkəzində saxlanılması bütün dünyada virusun dəhşət saçdığı dövrdə əsl humanizm nümunəsidir. Bununla bağlı həm dövlət başçısının, həm də I vitse-prezidentin çıxışlarında ciddi çağırışlara rast gələ bilərik. Məsələn, I vitse-prezident Mehriban xanım Əliyevanın 18 mart 2020-ci il tarixində “COVID-19” (koronavirus) epidemiyası ilə bağlı xalqa müraciətində qeyd olunduğu kimi:

“Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir”.

Yuxarıda da vurğuladığımız kimi, mübarizənin əsas prinsiplərindən biri insan qruplarını pandemiya mənsublarından təcrid etməkdir. Bunun üçün “Evdə qal, Azərbaycan!” şüarı fəal şəkildə təbliğ olunur. Bütün proses boyunca müşahidə olunan əsas məqam ondan ibarətdir ki, dövlət insanların bu prinsiplərə şüurlu şəkildə riayət etməsi, təhlükənin miqyasını başa düşməsi üçün bütün imkanlarını səfərbər edir. Virusla mübarizə məqsədi ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi bütün qadağa və məhdudiyyətlərin tətbiq olunma səbəbləri, prinsipləri geniş şəkildə cəmiyyətə izah edilir. Bunun üçün bütün vasitələrin gücündən – sosial şəbəkələrdən, kütləvi informasiya vasitələrindən, fərdi təbliğat metodlarıdan, çağırış vərəqlərindən, hətta ticarət mərkəzlərində verilən səsli elanlardan belə istifadə edir.

Bununla yanaşı, məlumdur ki, virusla mübarizə bir sıra peşə sahələrinin davamlı və gücləndirilmiş iş rejimində fəaliyyətini zəruri edir. Təbii ki, burada ən ön sırada həkimlər gəlir. Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə bu sahədə fəaliyyət göstərən şəxslərin maaşlarının dəfələrlə artırılması dövlətin bu məsələdə hər bir insanın rolunu nəzərə almasının göstəricisidir. Bununla yanaşı aydındır ki, həkimlərin bu mübarizədə fəal iştirakının səbəbi təkcə maddi təminat deyil, onların peşə, Vətən və dövlətçilik sevgisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə demişdir:

“Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq”.

Karantinə alınmış, virusa yoluxmuş insanların xilas edilməsində həkimlərin rolu nə qədər vacibdirsə, cəmiyyətdə ictimai sabitliyin təmin edilməsində, insanların karantin qaydalarına əməl etməsində polisin rolu o qədər əhəmiyyətlidir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan polisi bu ağır günlərdə böyük əzm və iradə nümayiş etdirir. Polis təkcə məhdudlaşdırıcı tədbirlərin icrasına nəzarət etmir, yeri gəldikdə maarifləndirmə işlərini həyata keçirir, bir çox hallarda hətta yaşlı və ahıl insanlara müxtəlif formalarda yardım göstərir. Prezidentin çıxışlarında bu məsələ də xüsusi əksini tapmış və dövlət başçısı bununla bağlı xarici ölkələrlə Azərbaycanın fərqini göstərmişdir:

“Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə”.

Azərbaycan dövləti ölkə sərhədləri daxilində olan vətəndaşlarla yanaşı, xarici ölkələrdə olan vətəndaşlarımızın da təhlükəsiz həyat şəraitinin təmin olunması üçün gərgin fəaliyyət göstərir. Müxtəlif ölkələrdən zərurət yarandığı təqdirdə vətəndaşların ölkəyə qayıtması üçün xüsusi reyslər təşkil olunur. Gətirilən insanlar ən yüksəksəviyyəli karantin düşərgələrində yerləşdirilir. Onların müəyyən edilmiş müddət ərzində müşahidə altına qalması təmin edildir. Bununla da koronavirus pandemiyasının ölkəmiz və xalqımız üçün yarada biləcəyi daha böyük təhlükələrin qarşısı alınır.

Aparılan təhlillərdən də göründüyü kimi, Azərbaycan dövləti Covid-19 virusuna qarşı mübarizəni inam və birlik tandemi daxilində xüsusi əzmlə aparır. Bunun üçün bütün mənəvi, eləcə də inzibati, iqtisadi, maliyyə resursları cəlb edilmişdir. Azərbaycanda bu dəhşətli bəla ilə mübarizə məqsədi ilə xüsusi fond da yaradılmışdır. Ölkə prezidenti və I vitse-prezident ilk növbətə böyük vətəndaşlıq nümunəsi göstərərk bir illik əməkhaqqılarının bu fonda köçürülməsi barədə qərar qəbul etmiş, beləliklə də, həm dövlət sturkturlarında, həm biznes strukturlarında çalışan şəxslər üçün yaxşı nümunənin əsasını qoymuşlar. Heç də təsadüfi deyildir ki, məhz bundan sonra mübarizə məqsədi ilə yaradılmış fonda vəsaitlərin köçürülməsi ümummilli kampaniya səviyyəsinə yüksəlmişdir. Hazırda, dövlətimiz bu vəsaitlərin düzgün şəkildə xərclənməsi, eyni zamanda, ölkənin aztəminatlı ailələrinin belə bir çətin dövrdə maddi cəhətdən təmin olunması mexanizmlərini müəyyənləşdirməyə çalışır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu dəhşətli pandemiyaya qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə qalib gələcəkdir. Bu məsələdə, hər bir sıravi vətəndaş kimi Azərbaycan Milli Elmlər Akademiyasında çalışan gənc alimlərimiz də yalnız öz liderinə ğüvənir,  birlik və inam şəraitində ümumbəşəri bəlaya qarşı dövlət başçısının çağırışlarını xüsusi həssaslıqla diqqətdə saxlayır.

 

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.