“Azərbaycanın çiçəksiz ali bitkiləri” adlı kitab ingilis dilində nəşr olunub
Apr 13 , 2020 | 11:59 / Elmi nəşrlər
Oxunma ( 160 )

Dünya Florası Onlayn Konsorsiumunun bərabərhüqülu üzvü olan Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu 2014-cü ildən Azərbaycanın e-florasının hazırlanması istiqamətində məqsədyönlü işlər aparır. Bu çərçivədə Azərbaycan florasının təbii, ksenofit və adventiv vaskulyar (damarlı) bitkilərinin mövcud müasir təsnifat və nomenklaturaya uyğun məlumat siyahısının (çeklistin) tərtib olunması nəzərdə tutulub.

Bu məlumat siyahısının verildiyi “Azərbaycanın çiçəksiz ali bitkiləri” kitabının I cildi mövcud COVID-19 pandemiyası ilə əlaqədar yalnız elektron versiyası işıq üzü görüb. Bu cild institutun elmi şurasının qərarı ilə Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov, Herbari şöbəsinin müdiri, b.ü.f.d Pərvanə Qaraxani və elmi işçi Zenfira Əliyevanın müəllifliyi ilə nəşrə hazırlanıb.

Yosunlar, göbələklər və bitkilər üçün Beynəlxalq Nomenklatur Kodeksinə (Şenzen Kodu, 2018) əsasən hazırlanmış nəşrin elmi redaktoru akademik İradə Hüseynova, məsul redaktoru isə akademik Validə Əlizadədir. Nəşrin elmi resezenti ABŞ Missuri Botanika Bağının prezidenti Dr. Piter Uayz Cekson, rəyçiləri Ukrayna EA-nın müxbir üzvü Sergey Mosyakin, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Svetlana Litvinksaya, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovdur.

Bu cilddə ilk dəfə olaraq Azərbaycan florasının çiçəksiz ali bitkilərinə aid bütün ədəbiyyat məlumatları ümumiləşdirilmiş və təhlil edilmiş, onların öyrənilmə dərəcəsi dəqiqləşdirilmiş, molekulyar filogenetik tədqiqatlara və müasir nomenklaturaya əsasən taksonomik bölgüsü hazırlanmış, taksonların sinonimləri, həyat formaları, fenologiyası və botaniki-coğrafi rayonlar üzrə yayılması qeyd olunmuşdur. Müasir  nomenklatur  dəyişiklikləri nəzərə alan təftiş nəticəsində sporlu vaskulyar bitkilərin 17 fəsilə və 29 cinsinə aid 97 taksonunun, çılpatqoxumluların isə 5 fəsilə və 20 cinsə aid 56 taksonunun siyahısı tərtib edilib.

Vəsait yerli və xarici mütəxəssislərlə yanaşı, əlaqədar tədris-tədqiqat sahələri və Azərbaycan florasının öyrənilməsinə maraq göstərən geniş oxucu auditoriyası üçün də nəzərdə tutulub. “Azərbaycanın çiçəksiz ali bitkiləri” elektron kitabı dünyanın müxtəlif aparıcı elmi-tədqiqar müəsissəsələrinin botanik alimlərinə paylanılıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.