Apr 28 , 2020 | 05:04 / Mühüm hadisələr
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi şurası nəzdində daimi “Elmi seminar” fəaliyyət göstərir. Bu seminarda il boyu muzey əməkdaşları, o cümlədən Gənc alim və mütəxəssislər şurasının üzvləri müxtəlif mövzularda elmi məruzələrlə çıxış edir və müzakirələr aparırlar. Son bir ayda dünyada pandemiya elan edilən COVID-19 virusunun yayılması səbəbindən Nizami muzeyi də xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir. Araşdırma və tədqiqatlarını evdən davam edən əməkdaşlar ənənəvi elm və bilik mübadiləsi vasitəsinə çevrilmiş elmi seminarın da növbəti toplantısını videogörüş vasitəsilə həyata keçirmişdir.
25 Aprel 2020-ci il tarixində baş tutmuş növbəti seminar Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tənqidçi-alim, əməkdar elm xadimi Əziz Mirəhmədovun anadan olmasının 100 illik yubileyinə həsr olundu.
Muzeyin “Ədəbi mərasimlər və nəşrlər” şöbəsinin əməkdaşı, həmçinin, Gənc alim və mütəxəssislər şurasının üzvü Rəhilə Sadıqova Əziz Mirəhmədov yaradıcılığının elmi tədqiqat və öyrənmə istiqamətlərindən bəhs edərkən alimin dəyərli əsərlərinə istinad etdi və bu tənqidi, filoloji irsin müasir Azərbaycan ədəbiyyatının hərtərəfli öyrənilməsi yolundakı xüsusi əhəmiyyətini vurğuladı. Rəhilə Sadıqova alimin Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Cəfər Cabbarlı ədəbi irsini, həmçinin “Molla Nəsrədiin” məktəbi ənənlərini öyrənən əsərlərini təhlil edərkən akademikin Azərbaycan realizmi və romantizmi cərəyanlarının nəzəri-filoloji qiymətləndirilməsi işindəki böyük xidmətlərini diqqətə çatdırdı.
Videoseminar Əziz Mirəhmədovun XIX-XX əsr Azərbaycan ədəbiyyatı və nəzəriyyəsi, mətnşünaslıq, mətbuat tarixi və s. tədqiqat təcrübəsini təqdim edən slaydın nümayişi ilə davam etdi.
Videoseminarda muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva, “Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini” şöbəsinin müdiri Tomiris Babanlı, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin böyük laborantı, dünya ədəbiyyatının tədqiqi üzrə doktorantı Gülnar Əqiq və digərlərinin sual və çıxışları səsləndi.
Sonda qeyd etmək lazımdır ki, maraqlananlar seminarin videoyazısını muzeyin rəsmi “Youtube” (https://www.youtube.com/channel/UCaYj-lMlJErvinNzah9akhA) kanalından izləyə bilərlər.