AMEA Botanika İnstitutunun əməkdaşları Azərbaycanın şimal-şərq rayonlarında ibtidai bitkilərin monitorinqini aparıblar
İyn 23 , 2020 | 10:43 / Görüşlər
Oxunma ( 414 )

Təbiətdə müşahidə edilən biomüxtəlifliyin azalması və növlərin itmə təhlükəsinin qarşısının alınması üçün məqsədyönlü mühafizə strategiyalarının düzgün tətbiq edilməsi istiqamətində sistematik monitorinqlərin aparılması vacib məsələlərdəndir. Bu məqsədlə cari ilin iyun ayında AMEA-nın Botanika İnstitutunun Alqologiya və lixenobriologiya laboratoriyasının əməkdaşları alqofloranın öyrənilməsi və meşə ekosistemlərinin lixenobrioloji qiymətləndirilməsi üçün Şabran rayonunda geniş monitorinqlər aparıblar.

Monitorinqin əsas məqsədi regionda antropogen təsirə məruz qalan çay və göllərdə yosunların vəziyyəti və kontinental sututaralarında yayılması, regional alqofloraların ayrı-ayrı sistematik qruplarının müasir metodlarla öyrənilməsi və bioekoloji xüsusiyyətlərinin müəyyən edilməsi, həmçinin bitki müxtəlifliyinin vəziyyətinin qiymətləndirilməsi olub. Şabran rayonuna təşkil edilmiş ekspedisiya zamanı 12 marşrut üzrə lixenofloristik və brioloji tədqiqat işləri aparılıb.

Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarova, b.ü.f.d. Sevda Alverdiyeva və b.ü.f.d. Aygun Məmmədova tərəfindən Şabran rayonunun Gilvar, Sincanboyat, Gələgah, Gülənli, Budiq, Cimi, Taxtalar, Dağbirci, Zöhrami, Pirəbədil və s. kəndlərindən alqoloji, lixenoloji və brioloji nümunələr götürülüb. Nəticədə 72 nüsxə lixenoloji herbari nümunələri toplanıb. Herbari nümunələri vələs-palıdlı, palıd-vələsli və qarışıq meşələrdə (vələs, palıd, yemişan, göyrüş, zoğal, alma, fındıq, böyürtkən) ağac və kollarda müşahidə edilib.

Həmçinin 78 nüsxə brioloji herbari nümunələri toplanıb, bioekoloji cəhətdən epifit, epilit, epigey qruplara aid növlər müşahidə edilib. Məlum olub ki, Zeyvə çayında və Sərin, İstisu, Gilvar bulaqlarında Clorophyta, Cyanophyta növləri üstünlük təşkil edir. Bu növlər çox müxtəlif təqdim olunduğuna baxmayaraq, fitoplanktonda onlara əksər hallarda sporadik şəkildə tək-tək saplı individumlar kimi rast gəlinir.

Bununla yanaşı, 26 yosun nümunəsi ümumi qəbul edilmiş metodika ilə yığılıb və identifikasiya olunmaq üçün laboratoriyaya gətirilib.

Qeyd edək ki, əldə olunan nəticələr Azərbaycanın dəniz, su, quru ekosistemlərində yayılma üsullarının müəyyən edilməsində, alqoloji və lixenobrioloji növlərin inventarlaşmasında və herbari fondunun zənginləşdirilməsində mühum rol oynayır.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.