Gənc alimlər düşmənə qarşı informasiya savaşında daha fəal olmalıdırlar
İyl 24 , 2020 | 06:00 / Musahibələr, çıxışlar
Oxunma ( 2645 )

Azərbaycan müstəqilliyinə nail olduqdan sonra ölkədə milli təhlükəsizliyin əsas problemlərindən biri vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi olmuşdur. 1998-ci il aprelin 3-də ölkəmizdə ''İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Qanun qəbul edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" Fərman imzaladıqdan sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiyanın yeni mərhələsi başladı.

Müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələlərdir və informasiyanın milli təhlükəsizliyə ciddi zərər yetirməməsi baxımından olduqca əhəmiyyətlidir.

Artıq Qarabağ münaqişəsi regional xarakterini itirib və qloballaşmış bir problemə çevrilməyə başlayıb. Olduqca geostrateji bir bölgədə olduğundan münaqişənin regiona təhlükə yaratmasında informasiya çox mühüm rol oynayır.

Bildiyimiz kimi, bu gün də ermənilər xarici ölkələrdə olan diasporlarının dəstəyi ilə Azərbaycana qarşı informasiya mübarizəsi aparırlar. Ermənilərin təsiri altında olan təşkilatlar da beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi rəy formalaşdırmağa davam edirlər. Onlar hətta ABŞ mətbuatında Xocalıdakı soyqırımı əks etdirən şəkillər dərc etdirib və öldürülən Azərbaycan vətəndaşlarını ermənilər kimi təqdim edərək, özlərini zərərçəkən olaraq qələmə verirlər. Ermənilər tərəfdən edilən bu kimi yüzlərlə faktı qeyd etmək olar.

Dünya ölkələri pandemiya şəraitində yaşadığı vaxtda, insanların virusla mübarizə apardığı şəraitdə ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq hərbi təxribata əl atsalar da, düşmən hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı. Beləliklə, Ermənistan silahlı qüvvələri son günlər törətdikləri əməlləri ilə bir daha dünyaya özlərinin hiyləgər və terrorçu olduqlarını sübut etdilər.

Ermənistan kütləvi informasiya vasitələrində bu gün də döyüş bölgələrindən həqiqətə uyğun olmayan, yalan məlumatlar yayımlanır və ictimaiyyətdə ölkəmizə qarşı, hazırkı münaqişəyə qarşı mənfi rəy yaratmağa çalışırlar.

Biz gənclər bu gün birləşərək həmrəy olmalıyıq və düşmənə qarşı informasiya savaşında da fəal iştirak edərək qalib gəlməliyik. İnformasiya savaşı ən çox internet vasitəsilə aparılır və bu savaşın qarşısının alınmasında internetin rolu danılmazdır. Biz gənclər Azərbaycanın haqq səsini dünyaya çatdırmalı, anti-Azərbaycan təbliğatı aparanlara tutarlı cavablar verməliyik.

Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğı nəticəsində Azərbaycanda aparılan islahatlarda gənclər də hər sahədə fəallıq göstərirlər. Bu məqamda cənab Prezidentin sözləri yada düşür: “Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda”. 

Ölkəmizdə gənclərin intellektual fəaliyyətinin düzgün istiqamətləndirilməsi və nailiyyətlərin əldə olunması üçün mükəmməl şərait yaradılıb. Biz gənc alimlər yaradılan şəraitdən düzgün bəhrələnməklə ölkəmizin ictimai-siyasi hayatında iştirak edərək ölkə Prezidentinin bizə göstərdiyi etimadı doğrultmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur!

Aygün Əliyeva, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.