MÜASİR DÖVRÜN İNFORMASİYA MÜHARİBƏSİ
Noy 08 , 2020 | 06:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 2454 )

Tünzalə Musayeva

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

Gənc Alim və Mütəxəssislər Şurasının sədri

 

Son günlər hər birimiz Azərbaycanın şanlı tarixi günlərini yaşayırıq. Müzəffər Azərbyacan ordusu Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni tarixini yazır. Bu gün bütün Azərbaycan gəncləri cənab Prezidentin ətrafında bir yumruq kimi sıx birləşərək ona öz dəstəklərini ifadə edirlər. Azərbaycan gəncləri həm ön cəbhədə, həm də arxa cəbhədə - informasiya müharibəsində də düşmənin layiqli cavabını verirlər.

Hal-hazırda təbliğat və kommunikasiya hərbi strategiyanın bir hissəsi hesab olunur. Müasir müharibə yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o həmçinin diplomatiya, iqtisadi, informasiya və təbliğat sahəsində də davam edir. Hər zaman kəşfiyyat xidmətləri tərəfindən rəqib haqqında əldə olunan informasiya, hərbi əməliyyatların aparılması üçün əhəmiyyətli dərəcədə kömək göstərib. Təsiretmə baxımından yeni müharibələrdə informasiya mübarizəsi iki əsas istiqamətdə aparılır: texniki (məğlubiyyətin obyekti – informasiya infrastrukturu) və psixoloji informasiya müharibəsi (məğlubiyyətin obyekti – rəqibin psixikası), yəni döyüş əməliyyatlarının aparılması sahələrinin sayına ərazilərdən başqa, həmçinin informasiya sahəsi də qoşulur. Texniki informasiya mübarizəsində hücum və müdafiənin əsas obyektləri idarəetmə və telekommunikasiya sistemləri, müxtəlif elektron vasitələr hesab olunur. Psixoloji informasiya mübarizəsində isə hücum və müdafiənin əsas obyektləri kimi silahlı qüvvələrin şəxsi heyətinin və güc strukturlarının psixikası, qarşı tərəfin əhalisi, ictimai fikir və qərar qəbulunun formalaşması sistemləri çıxış edir. Psixoloji informasiya müharibəsi həmçinin, psixoloji informasiya qarşıdurması da adlandırırlır. Bu tip müharibələrdə onlar cəmiyyətin informasiya qaynaqlarının, insanların özləri və ətraf aləm haqqında fikirlərinin pozulması və ya dəyişdirilməsinə xidmət edirlər.

İnformasiya müharibələri zamanı informasiya üstünlüyünə nail olmaq vacibdir. Bu yaranan vəziyyət haqqında məlumatların davamlı axınını toplamaq, idarə etmək və yaymaq bacarığı, rəqibə oxşar cəhdi etməyə mane olmaq qabiliyyəti kimi müəyyən edilir. İnformasiya şəbəkə müharibəsinin aparılması daha rahat olur və neqativ, anonim informasiyanın nəzarətsiz yerləşdirilməsi imkanı yaradır. İnternet şəbəkəsində informasiya müharibəsinin aparılması üçün daha səmərəli və uğurlu olmasını təmin edən bir sıra əlamətlər var. Məsələn, auditoriyanın kütləviliyi belə əlamətlərdəndir. Bundan başqa, hər bir istifadəçi informasiya-kommunikasiya texnologiyalarının inkişafı sayəsində İnternetə nə vaxt və harada olsa belə, müraciət edə və ondan istifadə edə bilər.

Bu gün bir çox elm mərkəzlərində müzakirə edilən əsas məsələlərdən biri də psixoloji informasiya müharibəsi - “beyin müharibəsi” haqqındadır. Çünki belə müharibələrdə təsirin əsas obyekti insan psixikası, qrup psixologiyası və bütöv cəmiyyətlər hesab olunur. Psixoloji qarşıdurma zamanı təbliğat xüsusi rol oynayır. Belə ki, müharibə şəraitində təbliğat tədbirləri insanların təməl hisslərinə təsir göstərməyə, onlarda nifrət, qorxu, dəhşət oyatmağa və insan psixikasını dağıtmağa yönəldilir. Təbliğat insanları müəyyən hərəkətləri  etməyə və ya tələb edilən fikirləri qəbul etməyə təhrik edir. Müharibə dövründə əsirlik təbliğatı (düşməni əsrlərin qaytarılmasına təşviq etmək), hərbi uğurların təbliği, məğlubiyyət qorxusunu təlqin etmənin təbliğatı və s. kimi formalarından istifadə olunur.

Tarixdə məlum olan ən kobud siyasi və hərbi səhvlər düşmənin mənəvi vəziyyətinin düzgün qiymətləndirilməməsi səbəbindən baş vermişdir. Adi statistik hesablamaların köməyi ilə və əsirlərin kiçik seçmə qrupunun sorğusu əsasında bütün hərbi əməliyyatlar teatrında düşmən qoşunlarının mənəvi vəziyyəti qiymətləndirilə bilər. Əsirlərin olmadığı təqdirdə, informasiya məlumatlarının təhlili, düşmənin öz qoşunlarına və əhalisinə yönəlmiş təbliğatı əsasında, demək olar ki, eyni nəticələrə nail olmaq olar. Bu, düşmən qoşunlarının bu və ya digər şəraitdə davranışını qabaqcadan görməyə imkan verir. Öz xalqının mənəvi ruhunu yüksəltmək məqsədi daşıyan təbliğat və düşmənin müqavimət iradəsinin zəifləməsində öz vəzifəsini görən təbliğat arasında böyük fərq vardır. Təbii ki, təbliğatçı həm öz xalqının düşüncə tərzini, həm də ona necə müraciət etməli olduğunu bilməlidir. Özgə xalqı tanımaq üçün bir çox əlavə biliklər, kifayət qədər təcrübə və təhlil bacarığı lazımdır.

Bu gün Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənclər informasiya müharibəsində çox fəaldırlar və düşmənə adekvat cavab verməkdədirlər. Qarabağ həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara çatdırılması üçün bütün imkanlardan istifadə edirlər.

Ümid edirəm ki, Ali Baş Komandan Prezident İlham Əliyevin “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözlərini rəhbər tutaraq rəşadətli Azərbaycan Ordusu bütün torpaqlarımızı işğaldan azad edərək bizə qələbə sevincini yaşadacaq!

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.