Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə törədilən ekoloji terror
Noy 07 , 2020 | 07:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 4652 )

Ekoloji terror – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır. Ətraf mühitə və inkişafa dair Rio-de-Caneyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin, ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərdə təbiəti viran qoyurlar.

İşğal olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardır. Erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşlar. Ermənilər işğal etdiyi ərazilərdə bu qiymətli sərvətləri amansızcasına dağıdır, Ermənistana daşıyır, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vururlar. Ermənilərin meşələrdə hər il mütəmadi olaraq törətdiyi yanğınlar min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurur. Belə yanğınlar ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olmaqla qlobal ekoloji problemlərə gətirib çıxara bilər. Torpaqlarımız tam şəkildə azad olduqdan sonra Azərbaycanın Qarabağ regionunda və təcavüzə məruz qalmış digər bölgələrində fauna və floraya xas bir sıra növlərin kökünün kəsildiyinin şahidi olacağımız qaçınılmazdır.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Göl ətrafında ermənilərin məskunlaşması və göl suyundan suvarma məqsədilə istifadə olunması gölün suyunun tükənməsinə və çirklənməsinə səbəb olur. Su ehtiyatlarının çirkləndirilməsi Ermənistanın ekoloji terror siyasətinin əsas təsir elementlərindən sayılır. Bu məsələdə ən vacib sayılan məqam isə Ermənistan ərazilərindən gələn və Azərbaycanın içməli su mənbələrini formalaşdıran çayların kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkləndirilməsidir. Ermənistan ərazisindən Azərbaycana daxil olan sularda bütün növ kimyəvi və zərərli maddələr normadan dəfələrlə artıq olduğundan, ərazidə olan flora və faunaya mənfi təsir edə, Azərbaycan əhalisinin genefonduna, su axarları boyu yaşayan əhali arasında müxtəlif xəstəliklərin artmasına və yayılmasına gətirib çıxara bilər.

Bütün bunlar qarşısıalınmaz ekoloji problemlər yaratmaqla yanaşı, tək Respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbədir. Baş verən olaylar məğlubiyyətlə üz-üzə qalmış düşmənin son cəhdləridir, təbiətə dəyən ziyanın əks-sədası isə dərin və uzunmüddətli ola bilər. Qeyd edilənlər hamını, xüsusən beynəlxalq ictimaiyyəti düşündürməli və ekoloji müharibəyə son qoyulmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Biz o torpaqları yenidən həyata qaytarmalıyıq. Ölkəmizin ən gözəl və bərəkətli regionlarından biri Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib olacaq. Regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir.

 

Günel MƏMMƏDOVA

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi,

“Ekologiya” ixtisası üzrə doktorant

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.