Ekoloji terrora son!
Avg 03 , 2021 | 04:00 / Elmi nəşrlər
Oxunma ( 1228 )

Qlobal, ümumplanetar ekoloji problemlərin yaranması – yeni, insan həyatına əsrimizdə daxil olmuş problemdir. İnsan daima ətraf mühitlə əks münasibətdə olmaqla – qazır, sökür, yandırır və planetin sərvətlərini məhv edir, suyun və havanın strukturunu dəyişir, bu idarə olunmayan prosesi bəşəriyyətin inkişafı adlandırırlar. Bu vaxta qədər sürətlə inkişaf edən Yer kürəsi əhalisini təbii resurslarla təmin etməkdə heç vaxt ətraf mühitə belə təhlükəli formada narahatçılıq olmamışdır. Əvvəllər insan heç vaxt ətraf mühitə belə qüvvətli təsir etməmiş, amansızca davranmamışdır.

Son bir neçə gündür ki, qardaş ölkəmiz olan Türkiyədəki meşə yanğınlarını ürəkağrıdıcı hisslərlə izləyirik. Artıq məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə AR Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri təbiətimizin imdadına yetişib.

Təbii hadisələrin tüğyan etdiyi müasir dövrümüzdə heç kim unutmamalıdır ki, hər bir insan bilavasitə və ya dolayısı yolla meşələrlə əlaqədə olur, onun sərvətlərindən bəhrələnir. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır.

Çoxdan sübut olunmuşdur ki, insan cəmiyyəti mövcud olduğu dövrdən təbiətə qarşı qəddarlıq edir, bütün canlılardan fərqli olaraq insan öz mühitini korlayır, zibilləyir, zəhərləyir və bununla da özünə və təbiətə qəst etmiş olur.

Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşməsinə şərait yaradır. Mütəmadi olaraq, meşələrin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə əhatəli təbliğat işi aparılmalı, yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə olunmalıdır. Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı izahat işlərinə geniş yer verilməli, ehtiyatlı olmalı və yanğın baş verərsə, onun söndürülməsi qaydaları barədə maarifləndirilməlidirlər.

Yaşıllıq olmasa, nəinki insanlar, bütün canlılar məhv olar. Meşələr həqiqətən də planetimizin ağciyəridir. Meşələrsiz nəfəs almaq çətinləşər. Biz hava ilə nəfəs alırıq, hava təmiz olmadıqda hər şeyi məhvə aparar.

Beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozan terrorçular bu gün Türkiyəmizdə yanğının coğrafiyasını genişləndirir. Törətdikləri ağır ekoloji terrorla kifayətlənməyən terrorçular ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq xüsusi mühafizə olunan təbiət ərazilərini hədəfə alır.

Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ağ ciyərlərimiz olan ətraf mühitə qarşı törədilən bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayır, Beynəlxalq Hüquq Təşkilatlarını baş verəcək qlobal fəlakətin qarşısını almaq üçün törədilən cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün təxirəsalınmaz addımlar atmağa çağırır.

Ekoloji tarazlığın pozulması nəinki insan, eləcə də bütün canlıların həyatı üçün böyük təhlükədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Ekologiyanın qorunması xalqımızın sağlamlığının, milli genofondumuzun qorunması deməkdir”. Təbiət və təbii sərvətlərə mənfi münasibət XXI əsrdə daha da artaraq ən yüksək həddə çatmışdır və bunun nəticəsində ətraf mühitin biotik və abiotik amilləri güclü antropogen təsirə məruz qalmış, bir çox bitki və heyvan növləri məhv olmuş və ya kökü kəsilmiş, bəziləri isə məhv olmaq ərəfəsində olduğundan “Qırmızı kitab”lara düşmüşdür. Bu proses yenə də davam edir. Əgər əvvəllər hər 100 ildə yalnız bir növ biot məhv olurdusa, hazırda 1 saat ərzində Yer kürəsində 50 növ məhv olur.

XX əsrin sonunda planetimizin təbii quru ekosisteminin 63 faizi dağılıb, meşələrin üçdə iki hissəsi qırılıb, oksigen ehtiyatı 10 milyard ton azalıb, su ekosistemləri, xüsusilə dəniz planktonları məhv olub.

Meşələr biosferin bir hissəsini təşkil etməklə onun inkişafı və mühafizəsində mühüm rol oynayır. Bu, bir aksiomdur ki, yaşıl bitkilər olmasaydı, həyat da mövcud olmazdı. Meşələr, əslində, rütubət toplayıcısı rolunu oynayır, düzənliklərə suyun paylanmasını tənzimləyir və onu nisbətən tarazlaşdırır. Bununla yanaşı, meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır, bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini və abidələri təbii amillərin zərərli təsirindən qoruyur. Eyni zamanda meşələr fitosit xüsusiyyətinə malikdir və zərərli mikroorqanizmləri məhv edir. Bütün bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu bir hektar meşənin il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen hasil etməsidir. Belə ki, 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur və bu, 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Bəşəriyyətin taleyi qlobal problemlərin həllindən asılıdır. Təbiətlə cəmiyyət arasında tarazlığın pozulması nəinki bütün canlılar, hətta insanın özü üçün də təhlükəyə çevrilmişdir.

Bu gün dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları xeyli yaşıllığı məhv edir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bu da son nəticədə planetdə təbii balansın pozulması, həmçinin fauna və floranın məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlara yol açır.

Unutmamalıyıq ki, nəzarətsizlik və məsuliyyətsizlik Yer üzündə həyatın məhvini tezləşdirir. Buna görə də insanlar ekoloji tarazlığın qanunauyğunluqlarına əməl etməli və gələcək nəsilləri də bu istiqamətdə tərbiyələndirməlidirlər.

Bir daha xatırladırıq ki, hər bir vətəndaş yadda saxlamalıdır ki, meşə yanğınları ağacları, kolları, bütün yaşıllığı məhv edir. Yanğın nəticəsində meşənin bir sıra xüsusiyyətləri itir, fauna məhv olur, yaşayış məntəqələri ziyan çəkir. Bəzi hallarda isə meşə yanğınları insan itkisi ilə nəticələnir, kənd təsərrüfatı heyvanları üçün ciddi təhlükə yaranır.

Bunları nəzərə alaraq bir daha vurğulayırıq ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə biz ölkəmizin iqtisadiyyatının inkişafına, vətəndaşlarımızın sağlamlığına xidmət edirik.

Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində, biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.

 

Tofiq MƏMMƏDOV,

Dendrologiya İnstitutunun baş direktoru,

AMEA-nın müxbir üzvü

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.