Elmin maliyyələşməsində ənənəvi və müasir yanaşma
Dek 10 , 2021 | 08:42 / Müsahibələr, çıxışlar
Oxunma ( 2027 )

BİZNES SEKTORUN ÖLKƏMİZİN PRİORİTET SAHƏLƏRİNƏ HƏDƏFLƏNMİŞ DƏSTƏYİ İLƏ ELMİ-TEXNİKİ TƏRƏQQİYƏ NAİL OLMAQ MÜMKÜNDÜR

Azərbaycanın 2022-ci il üçün təsdiq olunan dövlət büdcəsindən elmə 202.9 milyon manat xərclənəcək. Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 0,7 faizi deməkdir. 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə təxminən 10.6 faiz çoxdur. Vəsaitin 134 milyon manatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və 46 tabeli qurumuna yönəldiləcək.

Hər il dövlət büdcəsi müzakirə olunarkən elmə ayrılan vəsaitin yetərli olmadığı vurğulanır. Bu dəfə də Milli Məclisin həm ayrı-ayrı komitələrinin, həm də plenar iclaslarında sözügedən məsələ ilə əlaqədar millət vəkillərinin suallarına maliyyə naziri Samir Şərifovun cavabı təxminən belə oldu ki, ölkəmizin milli inkişaf prioritetlərində təhsildən fərqli olaraq elm gələn ilin büdcəsinin əsas xərclərində nəzərdə tutulmayıb. Bu onunla izah olunur ki, elm xərclərinin artımının hansı institutlar, qurumlar tərəfindən istifadə olunacağı təqdirdə gözlənilən elmi tərəqqinin əldə olunacağı ilə bağlı hökumətdə ciddi müzakirələr aparılsa da, hələ ki yekun qərara gəlinməyib. Görünən mənzərə odur ki, elmi ölkəmizin inkişafı üçün hələki prioritet məsələyə çevirə bilməmişik. Ancaq unutmamalıyıq ki, dünyada elm birmənalı olaraq cəmiyyətin və iqtisadiyyatın tam məhsuldar qüvvəsinə çevrilib. Elə ölkə rəhbəri cənab İlham Əliyev də dövlətimizin müstəqilliyinin möhkəmlənməsinin, ölkənin tərəqqisinin elmin inkişafı olmadan mümkünsüzlüyünü, elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılmasının həlledici amil olduğunu vurğulayıb.

Ümumiyyətlə, qlobal səviyyədə inkişafın əsas şərtinin məhz elmin inkişafından asılı olduğu çoxdan qəbul edilib. İki ilə yaxın müddətdə dünyanı cənginə alan COVİD 19 koronavirus infeksiyasına qarşı mübarizə sahəsində yaşananlar bir daha göstərdi ki, elmin inkişaf etmədiyi ölkələr bu sahəyə diqqət yetirənlərdən asılı olmaqda davam edirlər. Bu kimi səbəblərdən dolayı iqtisadiyyatını inkişaf etdirmək istəyən hər bir ölkə ilk növbədə elm sahəsinə diqqəti artırır. ABŞ və ya inkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxsaq görərik ki, bu ölkələr ona görə davamlı iqtisadi inkişafa nail olub ki, bu inkişafın bünövrəsində, məhz konkret elmi əsaslandırma, əldə edilmiş elmi nəticələrin ölkə iqtisadiyyatına tətbiqi dayanır. Həmin dövlətlərin strateji doktrinası qəbul olunarkən cəmiyyət və iqtisadiyyatın inkişafının əsas prioritetlərinə elmi-texniki tərəqqi məsələləri daxil edilir və ən əsası da yuxarıda adları sadalanan ölkələrin büdcələrində elmə yönəldilən xərclər müqayisəyə gəlməz dərəcədə böyük rəqəmlərlə ifadə olunur.

Dünya Statistik Tədqiqatlar və İqtisadiyyat İnstitututu hər il tədqiqat və elmin inkişafına ayrılan vəsait  baxımından ölkələrin reytinq cədvəlini  açıqlayır. Son illərin nəticələrinə görə, elmə ən çox sərmayə qoyan 10 ölkənin siyahısına 511.1 milyard dollarla ABŞ rəhbərlik edir.ÜDM-də elmə çəkilən xərclərin nisbəti əli okeanın o tayından bu tayına çatan ABŞ-da 2,74 faizdir. ABŞ-ın bir tədqiqatçısı üzrə tədqiqat və inkişaf xərclərinin həcmi  359.9 min manata bərabərdir.

Siyahıda sonrakı yerin sahibi Çindir. Elmə ayırdığı illik vəsait 451.2 milyard dollar təşkil edir. ÜDM-də elmə çəkilən xərcləri 2.12 faizə bərabər olan bu ölkədə bir elmi tədqiqatçıya düşən tədqiqat və inkişaf xərclərinin həcmi 266.6 min dollardır.

Həqiqi elmlə məşğul olan elmi tədqiqatçıların sayı təxminən 700 min olan Yaponiyada elmə ayrılan vəsait 168.6 milyard dollar olmaqla, reytinq siyahısında 3-cü yerdə qərarlaşıb və bu ölkə bir mənalı olaraq elm sahəsində dünyanın lider dövlətlərindən biri kimi qəbul edilir. Ölkə yüksək texnologiya və avtomobil sənayesi, enerjiyə qənaət və robot texnologiyaları, tibbi və kosmik tədqiqatlar, o cümlədən müxtəlif sahələrdə sabit yüksək mövqelərə malikdir.

Siyahıda 4-cü yerdə 118.5 milyard dollarla Almaniya, 5-ci yerdə 79,4 milyard dollarla Koreya, 6-cı pillədə 62.2 milyard dollarla Fransa, 50.1 milyard dollarla Hindistan 7-ci yerdə, 47.2 milyard dollarla Böyük Britaniya 8-ci yerdədir. İngilislər ən çox diqqəti ənənəvi və haqlı olaraq olaraq təbii və texniki elmlərə ayırırlar.  Məhz elmə bu həcmdə böyük sərmayə yatırımı ölkədə dünyanın müasir və aktual çağırışları ilə səsləşən saysız hesabsız mühüm ixtira və kəşflər ortaya çıxarıb. Təsadüfi deyil ki, indiyədək 70-dən çox britaniyalı alim Nobel mükafatına layiq görülüb.

Reytinq siyahısında ilk onluğu 39.9 milyard dollarla Rusiya tamamlayır.Rusiya elmi tədqiqat və inkişaf xərclərinin həcminə görə dünyanın aparıcı ölkələrinin reytinqində 10-cu yerdədir. Şimal qonşumuz 10 min nəfərə düşən elmi tədqiqatçı sayına görə isə 34-cü yerdədir.

Müasir dövrdə əldə edilməsi hər kəs üçün əlçatan olan bu statistik göstəriciləri xatırlatmağımızın əsas məqsədi hər il dünyanın aparıcı ölkələrində artan dinamika üzrə dəyişən elmi xərclərini ölkəmizin analoji göstəriciləriylə müqayisə etmək yox, sadəcə elmin dünya ölkələrin inkişafı üçün nə qədər əhəmiyyətli məsələ olması haqqında bir daha fikir formalaşdırmaqdır.

Amma nədənsə dövlət büdcəsindən elmə ayrılan vəsaitin az olmasından çox, 133.9 milyon manatın niyə AMEA-ya ayrılması müzakirə mövzusuna çevrilib. Təbii ki, indiki halda bu vəsait AMEA və onun 46 institut və təşkilatların saxlanılması xərcləridir. Kimə və kimlərəsə olan şəxsi qərəzini “akademik elmin xilaskarları” obrazında təqdim etməyə cəhd edən bu “hərşeyşünaslar” öz ampulalarına sadiq qalaraq yenə də özlərini AMEA ilə gündəmə gətirmək istəyirlər: AMEA-nın belə qalması ölkəyə lazımdırmı? Bu gün AMEA ölkə elminin inkişafına nə verir, kimi yersiz suallarla nə istədiklərini özləri belə bilmirlər. Belə düşünən şəxslərin bir hissəsi elmə yaxından və ya uzaqdan bağlılığının olmayan təsadüfi adamlardır, sadəcə ya şəxsi qərəzliliyini bu yolla sürdürür, ya da gündəmdə qalmaq üçün “AMEA-da nə elm, nə əvvəlki şan-şöhrəti, nə də dünyada tanınmış alimləri yoxdur. O ya bağlanmalı, ya da Təhsil Nazirliyinə birləşdirilməli, xarici ölkələrdəki kimi elmi tədqiqatlar təhsillə birlikdə universitetlərdə həyata keçirilməlidir” fikir və ifadələri ilə özlərinə bu mövzu ilə ucuz populyarlıq qazandırmağa çalışırlar. Bəlkə də onları hardasa başa düşmək olar. Lakin əvvəlki fəaliyyəti Akademiya və ya akademik elmlə bağlı olub, özünü elmdə doğrulda bilməyən, elmmetrik baza, H-indeks, total istinad, akademik sosial şəbəkələr, profil səhifələr, beynəlxalq axtarış sistemlərinin və sair və ilaxır nə olduğunu bilməyən, sadəcə Akademiyanı karyera yüksəlişi üçün tramplin kimi istifadə edənlərin bu elm məbədinə sonradan “xor” gözlə baxması heç cür başa düşülmür. “Qınından çıxandan sonra daha qının bəyənməyən bu “bağalar” doğurdan anlamırlar ki, respublikamızda mövcud olan universitetlər akademik elmin yükünü zərif və zəif çiyinlərinə almaq iqtidarında deyillər.

 

“TƏDQİQAT UNİVERSİTETİ” STATUSU ALA BİLƏCƏK ALİ MƏKTƏBLƏRİN SAYI 2-3-DƏN ARTIQ DEYİL

 

Sözsüz dünya təcrübəsində elm və təhsil bir-birinə inteqrasiya olunmuş formada əsasən bir yerdə - tədqiqat universitetlərində yerinə yetirilir. Amma hər ali məktəbə tədqiqat universiteti demək olmur. “Tədqiqat universiteti” statusunu fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, elektron kitabxananın, müasir maddi-texniki bazanın və elmtutumlu avadanlıqdan kollektiv istifadə mərkəzinin mövcud olduğu, beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) ölkə üzrə nəşr olunan məqalə sayının 20-30 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edildiyi, magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiya olunduğu, yerli və beynəlxalq donorlardan elm sahəsində çoxlu sayda qrantlar qazanmış, dünyanın aparıcı universitetləri, elm mərkəzləri ilə elmi əlaqələr quran, dünyanın tanınmış alimləri ilə elmin müasir və aktual mövzularında müştərək araşdırmalar aparan universitetlərə verirlər. Müşahidə etsək, respublikamızda mövcud 54 universitetdən bu tələblərə cavab verənlərin sayı iki-üçdən artıq deyil.

Sirr deyil ki, qısamüddətli təcrübəkeçmə üçün elm müəssisələrinə gələn bakalavr və magistrantların böyük əksəriyyəti elmin əlifbasını bilmirlər. Akademiyanın doktorantura və dissertanturasına qəbul olan Azərbaycanın ən tanınmış universitetinin məzunları belə laboratoriyada olan nəinki müasir, hətta elementar cihaz və avadanlıqların iş prinsiplərini AMEA-nın elmi müəssisələrində öyrənirlər.

Elmmetrik meyarlar üzrə qiymətləndirməyə görə, dünyanın ən yaxşı 1000 universiteti sırasında adı olmayan o universitetlərdə hansı fundamental nəzəri və tətbiqi elmi tədqiqatlar həyata keçiriləcək, dünya elminə, Azərbaycan iqtisadiyyatına töhfə verən mühüm nəticələr əldə olunacaq?

Amma heç bir mübaliğəyə yol vermədən qeyd edə bilərik ki, dövlət başçısının müəyyən etdiyi elm siyasətini mərkəzləşmiş formada həyata keçirən AMEA fundamental nəzəri tədqiqatları ilə dünya elminə, tətbiqyönlü işləri ilə ölkə iqtisadiyyatına müəyyən töhvələr verə bilir. Dünyanın elmi ilə tanınan ölkələri ilə müqayisədə mövcud reallıqlar nəzərə alınmaqla məhdud imkanlar daxilində Azərbaycanda əldə edilən elmi-texniki nailiyyətlər bilavasitə AMEA-nın məqsədyönlü fəaliyyətinin nəticəsidir, desək heç də yanılmarıq. Əgər 2020-ci ildə AMEA-nın elmi müəssisələrində  əldə olunmuş 134 mühüm elmi nəticədən 40 iş tətbiq olunmuşsa, 8-i xarici olmaqla 71 patent alınmışsa, akademiyanın dəqiq və təbiətyönlü elm sahələrinin alimləri tərəfindən “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda çap edilən 1000-dən yuxarı məqaləyə 32 min istinad olunubsa, bunu görməzdən gəlib, Akademiya və onun  alimlərini nədəsə ittiham etmək ən azı insafsızlıqdır.

Ölkə iqtisadiyyatına verilən töhfələrə gəldikdə təkcə bir faktı nümunə çəkməklə fikrimə tam aydınlıq gətirə bilərəm: istər sovet, istərsə də indiki dövrdə AMEA-nın tətbiqi elmi müəssislərindən biri olan Aşqarlar Kimyası İnstitutu və alimlərinin müstəqillik dönəmində ən uğurlu tətbiqi işlərindən biri yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator AKİ”nin yaradılmasıdır ki, hazırda hər il tonlarla istehsal edilib Bakı – Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir. Həmin tətbiqi iş dövlət büdcəsinə gəlir gətirir ki, həmin vəsaitdən təkcə İnstitut və ya Akademiya deyil, bütün büdcə təşkilatlarında çalışanlardan sosial və əmək müavinətləri alanlara qədər hər kəs bu və digər formada fayda götürmüş olur.

 

VƏTƏN MÜHARIBƏSININ YARATDIĞI YENİ REALLIQLARA GÖRƏ ELMİ QURUMLAR DA BÜDCƏDƏN ƏLAVƏ VƏSAİT İSTƏMƏMƏLİDİRLƏR

 

Burdan belə bir nəticəyə gəlmək olar ki, elmin təkcə dövlət büdcəsi hesabına maliyyələşməsi gözlənilən elmi-texniki tərəqqinin əldə edilməsi üçün yetərli deyil. Deməli, ənənəvi yanaşma saxlanılmaqla, qabaqcıl ölkələrin tətbiq etdiyi fərqli yanaşma da olmalıdır. Belə olan halda alimlərin əmək haqqının azlığı əsas gətirilərək büdcədən birbaşa maliyyələşən dövlət təşkilatı kimi bəlli xərclərin artırılması müzakirə predmetinə çevrilməyəcək. Üstəgəl ortada 44 günlük Vətən Müharibəsinin yaratdığı yeni reallıq vardır ki, şəhidlərimizin canı-qanı bahasına geri alınan, erməni vandallığı ilə daşı daş üstə saxlanılmayan ərazilərimizdə sıfırdan yeni şəhər və kəndlərin salınması məsələsi var. Kənardan bir manat maliyyə dəstəyi olmadan, Azərbaycan yalnız özünün maliyyə resursları hesabına Ali Baş Komandanın səsləndirdiyi kimi Liviya dövləti böyüklükdə ərazini tamamilə yenidən bərpa edirsə, heç bir dövlət təşkilatları, o cümlədən elmi qurumlar büdcə xərclərindən onlara düşən məbləğinin artırılmasına cəhd etməməlidir. Əksinə hər bir qurum öz imkanları ilə dövlətin irimiqyaslı “Böyük Qayıdış” layihəsinə maddi-mənəvi dəstək verməlidir. Bu zaman ölkəmizin qəbul olmuş 2022-2030-cu illər üzrə elminin inkişaf strategiyasına uyğun olaraq bu sahənin yüksəlişinə, daha doğrusu elmə yönələn vəasitlərin və ondan gələn gəlirlərin əsaslı artımına necə nail olmaq olar? Bunun üçün ilk növbədə elmə ayrılan vəsaitlər konkret hədəflərə yönəlməlidir. Başqa sözlə, dünya elminin müasir çağrışlarına cavab verən və ölkəmizin inkişafı üçün qəbul edilmiş strategiyada nəzərdə tutulan əsas prioritet istiqamətlər üzrə uyğun elmin maliyyələşdirilməsi həyata keçirilməlidir. Bunu isə dünya təcrübəsində olduğu kimi yerli və xarici elm fondlarınının qrant müsabiqələri ilə maliyyələşməsi hesabına etmək mümkündür.

Ölkəmizdə elm sahəsində “nou-hau”ların tətbiqi, yeni nəsil elmin inkişafı, elm və texnikanın nailiyyətlərinin istehsalatda istifadə edilməsi, fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini qrant şəklində ünvanlı maliyyələşdirməsini mütəmadi olaraq hələki yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) həyata keçirir. Düzdür, Akademiyada neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi, texnoloji  problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Elm Fondu”nun elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə ara-sıra təşkil etdiyi qrant müsabiqələrin də elmin inkişafına müəyyən dəstəyi olmuşdur. EİF isə sözün əsl mənasında fəaliyyətə başladığı 2010-cu ildən etibarən qrant müsabiqələri yolu ilə elmi təşkilat və qurumların müxtəlif tədqiqatlarla bağlı maddi-texniki bazasının müasir səviyyədə yenilənməsi və ya gücləndirilməsi, eyni zamanda, yüksək ixtisaslı kadr hazırlığına xüsusi diqqətin yetirilməsi, müxtəlif elmi tədbirlərin keçirilməsi, alimlərin xaricə elmi tədbirlərə göndərilməsini, qısamüddətli təcrübəartırmada iştirakının təmin edilməsi, nüfuzlu xarici jurnallarda elmi nəşrlərin çap olunması və bu yolla Azərbaycanda əldə olunan elmi nəticələrin ölkə hüdudlarından kənarda tanıdılması və başqa bu kimi məsələlərin həllində böyük işləri gerçəkləşdirmişdir. Diqqət çəkən məqam ondan ibarətdir ki, EİF dövlət təsisatı olduğu üçün bu mənbədən ayrılan vəasit də sonunda dövlət büdcəsindən xərclənmiş olur. Ancaq elmi məqsədlərə yönələn vəsaitlərin təkcə dövlət büdcəsindən olmaması üçün özəl, kommersiya şirkətləri, biznes strukturlarının nəzdində elmi fondlar mövcud olmalıdır.  

Təsəvvür edin, dünyada dövlətlərlə yanaşı, özəl şirkətlərin də elm xərcləri böyük həcmləri ifadə edir. Samsung, Google, Apple, Intel, Roche, Mercedes, Toyota, Merck, Facebook və sair şirkətlərin hər biri ildə araşdırma və inkişafa 20-25 milyard dollar arası vəsait xərcləyirlər.

Dünya təcrübəsini nəzərdə keçirsək görərik ki, elmi ilə nümunə kimi göstərilən Almaniyada elmi tədqiqatlar sahəsində əsas təşkilatlar Alman Tədqiqat Cəmiyyəti,  nəzdində 21 institutu olan Maks Plank Cəmiyyəti, 19 institut və filiala malik Fraunhofer Cəmiyyəti və sair həm federal, həm də  əyalət büdcələrindən maliyyə vəsaitləri alırlar. Lakin digər Qərbi Avropa ölkələrində olduğu kimi, Almaniyada da elmi tədqiqatlar üçün əsas maliyyə mənbəyi özəl biznesdir.

XXI əsr texnoloji mübarizə silahı olan "Bayraktar"ın pilotsuz uçuş aparatlarının yaradılması üçün elmi fəaliyyətlərə təxminən 270 milyon dollar xərclədiyi Türkiyədə elm sahəsinə yönələn vəsaitlər ÜDM-in 2 faizi həcmindədir.

Qardaş ölkədə təbiət elmlərində təməl və tətbiqli akademik araşdırmaları əsaslı şəkildə dəstəkləyən və gənc araşdırmaçıları təşviq edən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu - TÜBİTAK) fəaliyyət göstərir. TÜBİTAK elmin fundamental vəzifələrini yerinə gətirə bilmək məqsədiylə, təməl elmlər, mühəndislik, tibb, əkinçilik və heyvandarlıq sahələrində 14 araşdırma qrupu ilə Elm Adamı Yetişdirmə Qrupu  yaradılmışdır. Quruluş mərhələsində ən fundamental vəzifələri Türkiyədə qabaqcıl elmlərdə araşdırma və inkişaf etdirmə fəaliyyətlərini ölkə inkişafındakı prioritetlərə görə inkişaf etdirmək məqsədi güdməkdədir. TÜBİTAK Türkiyədə elmi məşhurlaşdırmaq və insanları elmləndirmək məqsədi ilə üç ədəd aylıq məşhur elm jurnalı və illik 20 ədəd məşhur elm kitabı nəşr etməkdədir.

TÜBİTAK gərək lisans təhsili və gərək də sonrasındakı işləri üçün Türkiyə Cümhuriyyəti yurddaşlarına maddi qaynaq təmin etməkdədir. Belə ki elmi istedadı ilə fərqlənən şagirdlərə, fizika, kimya, biologiya, molekulyar biologiya və genetik, riyaziyyat, sosiologiya, iqtisadiyyat, psixologiya, fəlsəfə və tarix hissələrindən birinə yerləşmələri halında, aylıq qarşılıqsız təqaüd verməkdədir.

Türkiyədə, həmçinin böyük universitetlərin tədqiqat işlərinin arxasında böyük şirkətlər, holdinqlər dayanır.

 

ÖZƏL VƏ BİZNES SEKTORUN ELMİ MALİYYƏLƏŞDİRİLMƏSİ TƏŞVİQ EDİLMƏLİDİR

 

Yuxarıda sadalanan beynəlxalq təcrübəni nəzərə alsaq, Azərbaycanda da belə özəl və biznes sektorun məqsədli elm və inkişaf fondları olmalıdır ki, onlar əhəmiyyətli və qısa zamanda dönüş yarada biləcək elmi-texniki nəticələrin alınması üçün elmin ayrıca götürülmüş sahəsinin və ya istiqamətinin inkişafına böyükhəcmli qrantın verilməsi yolu ilə institut və tədqiqat universitetləri tərəfindən təqdim edilən ən müasir elmi cihaz, avadanlıq, qurğular alınması, paralel olaraq bunlarda işləyə bilən kadrların xaricdə hazırlığı və sair kimi məsələlərin həllini nəzərdə tutan pilot, o cümlədən axtarış-innovasiyayönlü layihələrini maliyyələşdirilməlidir. Xüsusən,  dünyanın aparıcı elm mərkəzlərinin də önəm verdiyi kimi fizika-riyaziyyat və texnika elmləri, yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri sahələrini əhatə edən fundamental və tətbiqi xarakterli layihələrin qrantlar vasitəsilə maliyyələşdirilməsinə tam üstünlük verilməlidir.

Təəssüf ki, Azərbaycanda biznes, özəl sektorun elmə hansı həcmdə vəsait yönəltdiyinə dair konkret məlumat yoxdur. AMEA-nın dəqiq, təbiət, yer və aqrar sahələr üzrə ixtisaslaşmış məhdud sayda institutları təsərrüfat hesablı müqavilələr və büdcədənkənar fondlar hesabına sifarişli elmi işlər yerinə yetirir ki, bu da illik 10-100 min manatdan çox deyil. Halbuki SSRİ dövründə elmi tədqiqat institutları özəl sektorlarla olmasa da, dövlət sifarişləri ilə əsaslı vəsaitlər qazanıb, elmin inkişafına mühüm qatqılar verməkdə idi. Həm də bu yanaşmanın nəticəsi idi ki, keçmiş sovet dövründə istehsal olunan aşqarların və motor yağlarının 20 faizi təkcə AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin payına düşürdü. Hazırda sovet respublikalarından yalnız Rusiyada elmə ayrılan xərclərdə özəl sektorun müəyyən payı vardır ki, bu da 30 faizə bərabərdir.

Bu gün AMEA üzrə iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən ixtisaslaşmış elmi müəssisələri ölkə iqtisadiyyatının, istehsal, emal sahələrinə böyük töhfələr verə bilər. Xüsusən, sürtkü materialları, yağlar, yanacaq, soyuducu mayelər kimi strateji məhsulların istehsalını tamamilə daxili imkan əsasında həyata keçirmək mümkündür. Çünki akademik təcrübə, yüksək ixtisaslı kadr tam yerindədir. Xammalı ucuz əldə etməklə qısa vaxtda bu istehsalın şahidi olmaq olar. Təxmini hesablamalara görə, strateji məhsullar olan sürtkü materialların əldə edilməsinə il ərzində yüz milyon dollarla vəsait ölkədən çıxarılır. Deməli, ölkənin real iqtisadiyyatına tətbiq olunan elmi işlərlə mövcud imkanlar əsasında təşkil olunan yerli istehsal daxili vəsaitin xaricə axmasının da qarşısını almış olar. Necə deyərlər, yerli mal almaqla, xeyrimiz vətənə qalar. Həm də bədnam qonşularımızın ömürboyu təhdidləri altında olan ölkəmizin heç olmasa strateji məhsullar üzrə xaricdən asılığı aradan qaldırılmış olar.

 

Əfsun Sucayev

AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru,

kimya elmləri doktoru, dosent,

YAP İdarə Heyətinin üzvü

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.