Elnur Mustafayev "Müstəqillik dövründə Azərbaycan Respublikasının Şərq siyasəti (Ərəb ölkələri nümunəsində)" adlı məruzə edib
May 17 , 2022 | 09:00 / Mühüm hadisələr
Oxunma ( 853 )

Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbirdə "Müstəqillik dövründə Azərbaycan Respublikasının Şərq siyasəti (Ərəb ölkələri nümunəsində)" adlı məruzə ilə çıxış edib.

Məruzədə qeyd edilib ki, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olunmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.

Yaxın və Orta Şərq ölkələrinin yerləşdiyi region haqlı olaraq sivilizasiyanın yarandığı beşik hesab edilir. Dünya tarixində ilk dövlətlərin məhz burada - öz coğrafi miqyasına görə kiçik olsa da, tarixi, siyasi, geostrateji vəziyyətinə və təbii ehtiyatlarına görə isə dünya ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb edən bir regionda yaranması heç də təsadüfi deyildir. Minilliklərlə bu qədim dövlətlər bütün insan cəmiyyətinə dünya siyasətinin şərtlərini diktə etmiş, uzun tarixi bir müddətə onun əsas istiqamətlərini müəyyənləşdirmişlər.

Azərbaycan müstəqil müsəlman ölkələri ailəsinə qovuşduqdan sonra onlarla əl-ələ verərək həm öz problemlərinin, həm islam dünyasının problemlərinin, həm də dünya siyasəti problemlərinin həllində yaxından iştirak etmək üçün İslam Əməkdaşlıq Təşkilatına üzv olmaq qərarı verdi və bunun üçün dünya səviyyəsində böyük nüfuzu olan bu təşkilata müraciət etdi. 1991-ci ilin dekabrında ona üzv qəbul edildi və ilk andan da bu təşkilatın ən fəal üzvlərindən birinə çevrildi. Bu fəallıq Prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra daha da artdı, titanik bir əməyə çevrildi. Bunun nəticəsində müsəlman dövlətləri və ölkələri arasında qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək, müsəlman xalqlarının əmin-amanlığını və təhlükəsizliyini, sülh şəraitində yaşamasım təmin etmək, onların rifahını yüksəltmək, mənəvi dəyərlərimizi, mədəniyyətimizi, dinimizi, ənənələrimizi və mədəni abidələrimizi qoruyub saxlamaq və daha da inkişaf etdirmək devizini özünə rəhbər tutan bu böyük beynəlxalq təşkilatla yaxından əməkdaşlıq etmək, onun vasitəsi ilə müsəlman aləminin və bütün dünya ölkələrinin haqq işimizdə dəstəyinə nail olmaq diplomatiyamızın əsas fəaliyyət prinsiplərindən biri oldu. Beləliklə yenicə müstəqillik qazanmış gənc Azərbaycan dövləti önündə müsəlman dövlətlərinin həmrəyliyi, maddi və mənəvi köməyi üçün ümidverici geniş imkanlar açıldı.

İƏT, o cümlədən ərəb dünyasının nəhəngləri olan Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, İraq, müsəlman dünyasının liderləri olan İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərlə də qardaşlıq və dostluq əlaqələri qurmaq Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır.

Şərqşünaslıq İnstitutu

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.