İyn 17 , 2022 | 09:57 /
AMEA və Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Saziş çərçivəsində həyata keçirilən doktorantura səviyyəsində ikili diplom proqramı üzrə ilk müştərək doktorantın müdafiəsi Monpelye Universitetində keçirilib. AMEA-nın Genetik Ehtiyatlar İnstitutu və Monpelye Molekulyar Genetika İnstitutunun doktorantı Səbinə Fərhadova “Siçanın embrion kök hüceyrə modelləri üzərində insanın imprintinq xəstəliklərinə səbəb olan epigenetik mexanizmlərin tədqiqi” mövzusunda tədqiqat işini uğurla təqdim edib.
Dissertasiya işi siçanın embrionik kök hüceyrələrində CRISPR-dCas9 vasitəsilə epigenetik mutasiyalar induksiya edərək insanlarda Silver-Russell və Temple sindromlarının (imprintinq pozğunluqları) etiologiyasının tədqiqinə həsr edilib. İmprintinq fenomeni yalnız differensiasiya olunmuş toxumalarda baş verdiyinə görə tədqiqat zamanı yaradılmış “epimutant” kök hüceyrələrinin in vitro ektodermal (sinir progenitor hüceyrələri) və mezodermal (kardiomiosit hüceyrələri) toxumalara differensiasiyası həyata keçirilib. Alınmış nəticələr imprintinq pozğunluqlu xəstəliklərin etiologiyasına töhvələr verir və tədqiqat işinin nəticələri üzrə nüfuzlu elmi nəşrlərə məqalələr hazırlanır.
Fransanın müxtəlif elm və təhsil müəssisələrini təmsil edən nüfuzlu alimlərin daxil edildiyi Müdafiə Komissiyası tədqiqat işini və doktorantın elmi səviyyəsini çox yüksək qiymətləndirib və ona PhD elmi dərəcəsini təqdim edib.
AMEA-nın Rəyasət Heyəri aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva tədbirdə çıxış edərək AMEA və Monpelye Universiteti arasında 2018-ci ildən fəaliyyətə başlamış doktorantura səviyyəsində ikili diplom proqramı və onun nailiyyətləri haqqında məlumat verib. Bəşəriyyət üçün ümumi olan bir sıra elmi problemlərin həllində elmi kadrların mobilliyinin əhəmiyyətli olduğunu və belə müştərək elmi proqramların gənc alimlərin hazırlanmasında rolunu diqqətə çatdırıb. O, qeyd edib ki, bu istiqamətdə Azərbaycanda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” fəaliyyət göstərir və gənclərin qabaqcıl elmi təşkilatlarda təcrübə toplaması üçün geniş imkanlar yaradır. İddiaçının doktorantura təhsilinin 2 ilinin AMEA tərəfindən, 1 ilinin isə bu proqram tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, sözügedən proqram üzrə daha 4 doktorant təhsilini davam etdirir, 1 doktorant isə müdafiə ərəfəsindədir. AMEA və Monpelye Universitetinin 2022-ci il üçün elan etdiyi müştərək doktorantura proqramı çərçivəsində namizədlərin seçimləri davam etdirilir.
E.Əlirzayeva təhsillərini Monpelye Universitetində davam etdirən doktorantlar və onların Monpelye Universiteti tərəfindən elmi rəhbərləri ilə görüşüb, mövcud vəziyyəti müzakirə edib.