Sen 23 , 2022 | 11:48 / Mühüm hadisələr
Sentyabrın ayının 23-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Nəzəri astrofizika və kosmologiya” şöbəsinin kiçik elmi işçisi Şahnaz Tağıyeva “Sonlu temperaturda AdS/KXD-də mezon və barionlar” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi çıxışında qeyd edib ki, nəzəri və eksperimental olaraq elementar zərrəciklər arasındakı qarşılıqlı təsir sabitinin və formfaktorların hesablanması hadronlar fizikasının vacib məsələlərindən biridir. AdS (Anti de Sitter)/KSN (Kvant Sahə Nəzəriyyəsi) uyğunluğuna əsaslanan AdS/KXD (Kvant Xromo-Dinamikası) modellərində də bu məsələ aktualdır.
İşdə AdS/KXD-nin yumşaq divar modelində mezon və barionların profil funksiyaları araşdırılmışdır. Həmin model əsasında aksial vektor mezon-nuklon qarşılıqlı təsir sabiti üçün inteqral ifadələr alınmış, qarşılıqlı təsir sabitlərinin temperaturdan asılılıq qrafikləri qurulmuşdur. Qrafiklərdə temperaturun qiyməti artdıqca qarşılıqlı təsir sabitlərinin qiyməti azalması müşahidə olunmuşdur, T=0,2 GeV temperaturda qarşılıqlı təsir sabiti sıfıra bərabərdir. Bu isə o deməkdir ki, Hokinq temperaturdan sonrakı temperaturlarda mezon-barion qarşılıqlı təsiri olmur. Sərhəd xromodinamikasına görə bu hal konfaynment və de-konfaynment faza keçidinə uyğundur.
Tədqiqat işinin nəticəsinə əsasən, AdS/KSN uyğunluğu nəinki elementar zərrəciklər fizikasında araşdırmaların aparılmasında, eləcə də gələcəkdə astronomiya sahəsində neytron ulduzların, holoqrafik kosmologiyanın və s. öyrənilməsində effektiv metod hesab olunur.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.