Avg 27 , 2025 | 10:00 / ELMİN TƏBLİĞİ
Avqustun 21-dən 26-dək Qazaxda Gənclər və İdman Nazirliyinin dəstəyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Milli dəyərlərlə rəqəmsal gələcəyə” devizi altında gənc alim və tədqiqatçıların yay düşərgəsi təşkil olunub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən və 90 nəfər Azərbaycanın gənc alimŞ tədqiqatçılarının iştirak etdiyi yay düşərgəsində məruzəçi olaraq iştirak etməyi özümə borc bildim. Çünki bu və bunun kimi saysız-hesabsız tədbirlər, layihələr Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasətinə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının verdiyi dəstəyin bariz nümunəsidir.
Gəncədən düşərgəyə yollandıqdan sonra gənclərlə söhbət zamanı onların üzlərindəki təbəssümü, milli-mənəvi dəyərlərimizə söykənən ali məqsədlərini görüncə çox sevindim. Xüsusilə ilk gündən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və rayonun müvafiq qurumlarının rəhbərlərinin gənclərlə milli-mənəvi dəyərlərimiz, milli dövlətçilik mövzusunda apardıqları maarifləndirici görüşlər, rayonun tarixi abidələrini, məkanlarını, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzini ziyarət etmələri onların qəlbində silinməz izlər buraxmışdır.
Mən də bu kontekstdə AMEA-nın və Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Azərbaycan gənclərinə müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyi və istedadının təzahürüdür” tezisi əsasında, ətrafında geniş mühazirə oxudum.
“Azərbaycan xalqının milli-mənəvi irsi əsrlər boyu dünya mədəniyyətinin formalaşmasında böyük rol oynamışdır. Bu irsin ən parlaq nümunələrindən biri isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvidir. Ulu Öndər Heydər Əliyev Nizami irsini xalqımızın tükənməz mənəvi xəzinəsi adlandıraraq dəfələrlə vurğulamışdır ki, Nizami yaradıcılığı Azərbaycan xalqının dünyaya bəxş etdiyi ən böyük dəyərlərdəndir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilmiş, “Xəmsə”si “Xudojestvennaya literatura” nəşriyyatında nəşr olunmuş, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi əsaslı şəkildə yenidən inşa edilmiş və şairin irsinin qorunması istiqamətində mühüm addımlar atılmışdır. Heydər Əliyevin rəhbərliyi ilə Nizami Gəncəvi irsi həm Azərbaycanda, həm də beynəlxalq miqyasda daha geniş tanıdılmış, gələcək nəsillərə çatdırılması üçün möhkəm bünövrə yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu böyük xidmətlərini uğurla davam etdirərək “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyi və istedadının təzahürüdür” sözləri ilə dahi mütəfəkkirin irsinin əsl mahiyyətini ifadə etmişdir. Bu fikir bir daha sübut edir ki, Nizami Gəncəvi yalnız bir fərd olaraq deyil, bütövlükdə Azərbaycan xalqının yaradıcılıq qüdrətinin və müdrikliyinin təcəssümüdür.
XII əsrdə Gəncədə yaşamış Nizami Gəncəvi yalnız Azərbaycan ədəbiyyatının deyil, ümumbəşəri düşüncənin zirvələrindən biridir. Onun “Xəmsə”si insanlığın mənəvi sərvəti, hikmət və ədalət dərsliyidir. Nizami Gəncəvi bəşəri ideyaları milli dəyərlərlə uzlaşdıraraq göstərmişdir ki, Azərbaycan xalqının istedadı yalnız bir bölgəyə deyil, bütün dünyaya aiddir.
Nizami Gəncəvinin əsərlərində yer alan dərin fəlsəfi ideyalar, humanizm prinsipləri və yüksək mənəvi dəyərlər Azərbaycan xalqının qədim müdriklik ənənələrinin davamıdır. Xalqımızın yaratdığı nağıllar, dastanlar, atalar sözləri və hikmətli kəlamlar Nizaminin poetik təfəkküründə yeni bir zirvəyə ucalmışdır. Bu, Azərbaycan xalqının əsrlərlə formalaşmış müdrik dünyagörüşünün bədii təcəssümü kimi qiymətləndirilə bilər.
Nizami Gəncəvinin yaradıcılığında yalnız fərdi istedad deyil, həm də xalqın istedadı öz əksini tapmışdır. Onun əsərlərində xalqın danışıq dili, təbiət gözəllikləri, adət-ənənələri və həyat fəlsəfəsi yaşayır. Məhz buna görə də Nizami Gəncəvi təkcə bir şair deyil, həm də mənsub olduğu Azərbaycan xalqının ruhunu ifadə edən ədəbiyyat abidəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Nizami Gəncəvinin istedadı – Azərbaycan xalqının istedadının təzahürüdür, çünki o, xalqın mənəvi zənginliyini bədii söz vasitəsilə əbədiləşdirmişdir.
Ulu Öndər Heydər Əliyev Nizami Gəncəvi irsinin qorunmasını və təbliğini dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirmişdir. Onun müəyyən etdiyi bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu yanaşmanın nəticəsidir ki, cənab Prezident 2011-ci ildə dahi mütəfəkkirin 870 illik yubileyinin qeyd edilməsi və 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı tarixi Sərəncamlar imzalamışdır. Bütün bunların bərabərində Azərbaycan Prezidentinin Sərəncamlarından irəli gələn tədbirlər çərçivəsində 2012-ci ildə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyətə başlamış və 2013-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Qlobal Bakı Forumları keçirilməyə başlamışdır ki, bu da öz növbəsində Nizami Gəncəvinin və mənsub olduğu Azərbaycan xalqının milli və bəşəri dəyərlərini dünyada təbliğ etmək baxımından olduqca tarixi missiyadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin, ideyalarının dünyada daha da geniş tənliğ edilməsi istiqamətində Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də tarixi missiya olmaqla yanaşı, müasir çağırışlara da əsaslanır ki, bu çağırışların da mayasını, əsasını tolerantlıq, multikulturalizm təşkil edir.
Nizami Gəncəvinin əsərləri ədalət, elm, təbiət sevgisi, qadına hörmət, sülh və tolerantlıq ideyalarını təbliğ edir. Bu prinsiplər həm Azərbaycan xalqının, həm də ümumilikdə bəşəriyyətin ali ideallarına xidmət edir. Nizaminin əsərlərinin müxtəlif dillərə tərcümə olunması onun müdrikliyinin bütün xalqlar tərəfindən qəbul edilməsinin göstəricisidir.
Ulu Öndər Heydər Əliyevin xidmətləri nəticəsində Nizami Gəncəvi irsi milli sərvət kimi qorunmuş və dünya mədəniyyətinə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bu ənənəni inkişaf etdirərək Nizami Gəncəvi ideyalarının müasir dünyada aktuallığını nümayiş etdirmişdir. Həqiqətən də, Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyi və istedadının təcəssümüdür. Çünki xalqın yaratdığı müdrik düşüncə və bədii istedad onun şəxsiyyətində bəşəri miqyas qazanmışdır”.
Əlimuxtar MUXTAROV, AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, fil.ü.f.d., dosent









16875088521721716066.jpg)









