Sen 14 , 2025 | 11:00 / Elmi müsabiqələr
Çağdaş dövrümüzdə süni intellekt və rəqəmsal texnologiyalar təkcə texniki və tətbiqi sahələrdə deyil, humanitar və ictimai elmlərdə də mühüm rol oynayır. Fəlsəfi baxışların formalaşdırılmasından tutmuş ictimai proseslərin təhlilinə, ədəbi-mədəni irsin rəqəmsallaşdırılmasından dil və mətn araşdırmalarına qədər geniş spektrdə süni intellektin tətbiqi bu sahələrə yeni tədqiqat imkanları yaradır. Rəqəmsal dövr, süni intellekt humanitar və ictimai elmlərlə qovuşduğu məqamlarda yeni ideyalar doğulur. Bu çağırışlara cavab olaraq yeni elmi nəslin rəqəmsal, elmmetrik araşdırma qabiliyyətlərini, elmdə süni intellektdən istifadə bacarıqlarını inkişaf etdirmək və yenilikçi ideyaları dəstəkləmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnolologiyalardan istifadə imkanları” mövzusunda gənc alimlərin məqalə müsabiqəsi keçirilir.
Müsabiqənin məqsədi:
- gənc tədqiqatçıların elmi yaradıcılığının stimullaşdırılması;
- multidissiplinar tədqiqatlara şərait yaratmaq;
- Humanitar və ictimai sahədə innovativ yanaşmaları təşviq etmək;
- Rəqəmsal texnologiyaların elmi proseslərə inteqrasiyasını dəstəkləmək;
- Rəqəmsal transformasiya dövründə humanitar və ictimai elmlərdə süni intellektdən istifadə imkanlarını genişləndirmək.
Təqdim ediləcək məqalələr aşağıdakı istiqamətləri əhatə edə bilər:
- Süni intellektin humanitar və ictimai elmlərdə tətbiqi modelləri;
- Humanitar və ictimai elmlərdə rəqəmsal transformasiyalardan istifadə;
- Fəlsəfi və etik aspektlərdə süni intellektin rolu;
- Humanitar və ictimai elmlər üzrə rəqəmsal platformaların və süni intellektin elmi mühitə gətirilməsi.
Müsabiqənin şərtləri:
Müsabiqədə yaşı 35-ə qədər və yalnız Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı olan hər bir doktorant, dissertant, elmi işçi və digər tədqiqatçılar iştirak edə bilər. Məqalələrin həcmi 10-15 səhifədən ibarət olmalıdır. Müraciət edən şəxslər I, II, III və həvəsləndirici yerlər uğrunda mübarizə aparacaqdır.
Qeyd: İştirak edən şəxslər 15 oktyabr 2025-ci il tarixinə qədər məqalələrini [email protected] ünvanına göndərməlidirlər. Müraciət edən şəxslər müsabiqə ilə bağlı əlavə suallar üçün [email protected] elektron ünvanına yaza bilərlər.
Hörmətli Gənc tədqiqatçı!
Humanitar və ictimai elmlərlə rəqəmsal texnologiyanın birləşdiyi nöqtədə sən də iz qoya bilərsən.
Birgə yeni çağırışlara innovativ həllər axtaraq!
İştirak edən hər kəsə uğurlar!
Son tarix: 15 oktyabr 2025-ci il
Əlaqə: [email protected]
Təşkilat komitəsi









16875088521721716066.jpg)









