Yan 20 , 2026 | 03:15 /
20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixində silinməz iz buraxmış faciə olmaqla yanaşı, milli azadlıq iradəsinin və dövlətçilik şüurunun bariz təzahürüdür. Qanlı Yanvar hadisələri zamanı dinc əhaliyə qarşı həyata keçirilən qəddar hərbi zorakılıq beynəlxalq hüququn, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması olmaqla bərabər, Azərbaycan xalqının müstəqillik əzmini sındırmağa yönəlmiş məqsədli siyasətin tərkib hissəsi idi. Lakin düşmən qüvvələrin və onların ideoloqlarının bu məkrli niyyəti nəticə vermədi, əksinə, baş verən faciə xalqımızın milli birliyini və azadlıq iradəsini daha da gücləndirdi.
20 Yanvar hadisələrinə ilk hüquqi-siyasi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasi mövqeyinin təzahürü olmuşdur. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı il tarixində 20 Yanvar faciəsinə dair ilk siyasi qiyməti əks etdirən qərar qəbul etmişdir. Sonradan, 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında 20 Yanvar faciəsinə Azərbaycan Respublikasının ali qanunvericilik orqanı olan Milli Məclis tərəfindən ilk dəfə dövlət səviyyəsində siyasi və hüquqi qiymət verilmişdir. Milli Məclisin Qərarında bildirilib ki, “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Bundan başqa, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir. Ümummilli Lider Heydər Əliyev “Bakı şəhərindəki Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması barədə” 1998-ci il 5 avqust tarixli Sərəncam imzalamışdır.
Şəhid ailələrinə göstərilən dövlət qayğısı Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır və ardıcıl şəkildə davam etdirilir. Bu sahədə atılan mühüm addımlardan biri də Prezident İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı olmuşdur. Sözügedən Fərmana əsasən, 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması və dövlətin onlara olan diqqət və qayğısının daha da artırılması məqsədilə xüsusi prezident təqaüdü təsis edilmişdir və mütəmadi olaraq ödənilir. Bu qərar dövlətin şəhid ailələrinə mənəvi və maddi dəstəyinin bariz nümunəsi olmaqla yanaşı, şəhidlərin xatirəsinə göstərilən yüksək ehtiramın da ifadəsidir.
Bu qanlı hadisələr zamanı həyatını itirən Azərbaycan vətəndaşları öz canları bahasına xalqımızın müstəqillik iradəsini bütün dünyaya nümayiş etdirmiş, milli istiqlal yolunda taleyüklü dönüş nöqtəsi yaratmışlar. Məhz bu baxımdan demək olar ki, bugünkü müstəqil Azərbaycan Respublikasının təməli 20 Yanvarla başlanan milli oyanışın, müstəmləkəçiliyə qarşı müqavimətin və güclü dövlət quruculuğu prosesinin məntiqi nəticəsi kimi formalaşmışdır. Vətən müharibəsindən sonra isə biz ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş dövlətin vətəndaşları olaraq qürurla yaşayırıq. Bu qürur və azadlıq şəhidlərimizin fədakarlığının bəhrəsidir. Şübhəsiz ki, şəhidlərimizin xatirəsi Azərbaycan dövlətçiliyinin təşəkkülündə müstəsna yer tutur və hər zaman dərin ehtiramla anılır. Bizim əsas vəzifəmiz yalnız onların xatirəsini yad etmək deyil, eyni zamanda arzuladıqları güclü, ədalətli və müasir Azərbaycanı qurmaqdır.
Bu gün Azərbaycan Respublikası güclü və dünyəvi dövlət quruculuğu istiqamətində ardıcıl islahatlar həyata keçirir. Bu prosesdə gənclərin üzərinə mühüm vəzifələr düşür: bilik və bacarıqların daim artırılması, peşəkar və məsuliyyətli vətəndaş mövqeyinin formalaşdırılması, milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə müdafiəsi və dövlətçiliyin ideoloji əsaslarına sədaqət bu vəzifələrin başlıcalarıdır.
Gənc nəslin üzərinə düşən bu məsuliyyətlər tarixi hadisələrin obyektiv və elmi əsaslarla öyrənilməsinə, milli yaddaşın qorunmasına və gələcək nəsillərə düzgün şəkildə ötürülməsinə xidmət edir. Unutmamalıyıq ki, Vətənə xidmət yalnız döyüş meydanında deyil, həm də elm, mədəniyyət və ictimai fəaliyyət sahələrində mümkündür. Gənclərin ölkəmizin ictimai-siyasi, elmi və mədəni həyatında fəal iştirakı dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.
Əminliklə demək olar ki, Azərbaycan gəncliyi 20 Yanvar şəhidlərinin ideallarına sadiq qalaraq, dövlət müstəqilliyimizin daha da gücləndirilməsində və ölkəmizin davamlı inkişafında layiqli rol oynayacaqdır.
Eyni zamanda bilirik ki, 20 Yanvar faciəsini unutmaq olmaz və bunu xatırlamaq yalnız ildə bir dəfə məzarlar üzərinə qərənfil qoymaqla məhdudlaşmamalıdır. Bu hadisələrin yaddaşlarda daim yaşadılması məqsədilə dövlət və cəmiyyət tərəfindən sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Tarixi yaddaşın qorunması milli təhlükəsizliyin və ideoloji davamlılığın ayrılmaz tərkib hissəsidir. Xalq öz tarixini unutduqda, təhlükələr yenidən baş qaldıra bilər.
20 Yanvar bizə acı, lakin vacib bir həqiqəti göstərdi: azadlıq qurban tələb edir.
Eyni zamanda ümid verdi ki, xalq bir olduqda heç bir qüvvə onu yolundan döndərə bilməz.
Şəhidlərimizin müqəddəs ruhları qarşısında sonsuz ehtiram və dərin hörmət hissi ilə baş əyirik. Onların Vətən, azadlıq və müstəqillik uğrunda göstərdikləri misilsiz fədakarlıq xalqımızın yaddaşında əbədi olaraq yaşayır. Şəhidlərimizin əziz xatirəsini qəlbimizdə daim uca tutmaqla yanaşı, onların bizə miras qoyduqları vətənpərvərlik, birlik və mübarizə ruhunu həyat yolumuzda rəhbər tutur, bu dəyərləri gələcək nəsillərə ötürməyi özümüzə mənəvi borc bilirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Elmir BABAYEV, Gənclər Akademiyasının sədri, dosent









16875088521721716066.jpg)









