AMEA prezidenti: Birinci Türkoloji Qurultay Türk coğrafiyasının ilk mənəvi xəritəsini cızdı
İyn 29 , 2026 | 06:16 /
Oxunma ( 22 )

İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndə Bakı Dövlət Universitetinin təqdimatında keçirilən “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” beynəlxalq konfransında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, Türk dünyasındakı elmi-mədəni inteqrasiya proseslərinə təsiri və ortaq əlifba məsələlərinə dair çıxış edib.

Akademik qeyd edib ki, sovet siyasi sistemi və ideologiyası uzun illər boyu “türk” sözünü qorxu və basqı altında saxlamış, bu ifadəni işlədənləri “pantürkizm” damğası ilə təqib etmişdir: “Belə bir ağır siyasi mühitdə keçirilən Birinci Türkoloji Qurultay, əslində, böyük bir cəsarət və elmi inqilab idi. İlk dəfə olaraq dünyanın 26 fərqli bölgəsindən gələn 131 nəfər türk ziyalısının bu mötəbər məclisdə iştirak etməsi və öz vətənlərini, soylarını açıq şəkildə bəyan etməsi, türk coğrafiyasının ilk mənəvi xəritəsini cızmış oldu. Bu, Qurultayın ən böyük tarixi nailiyyətlərindən biridir”.

Akademik sibirli alim və nümayəndələrin, o cümlədən görkəmli türkoloq, akademik Vasili Radlovun Sibir türkləri haqqındakı tədqiqatlarının o dövrə qədər yalnız məhdud bir elmi dairəyə məlum olduğunu xatırladıb: “Qurultay sayəsində bu böyük xəzinə üzə çıxarılıb, hətta Sibirdən gələn bəzi nümayəndələr məhz Bakıdakı elmi müzakirələr zamanı özlərinin qədim türk soyuna aid olduqlarını fəxrlə dilə gətiriblər”.

Qurultayda humanitar elmlərin ədəbiyyat, tarix, fəlsəfə, folklor, sənətşünaslıq və etnoqrafiya istiqamətləri üzrə ciddi məruzələrin dinlənildiyini deyən AMEA rəhbəri əsas ağırlığın dilçilik məsələlərinin üzərinə düşdüyünü bildirib. Rus və sovet türkologiya məktəblərinin nümayəndələrinin çıxışları tamamilə akademik prinsiplərə və türkologiyanın dərinləşməsinə xidmət edən tədqiqatlar kimi tarixə düşüb.

Akademik vurğulayıb ki, Qurultaydan yalnız 30 il sonra, 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində Nəsimi adına Dilçilik İnstitutunda Türkologiya şöbəsi yaradılıb, o vaxta qədər isə ölkədə bu adda rəsmi şöbə və ya kafedra mövcud deyildi: “Türkologiya adlı ilk kafedra Türkiyədə və ya Orta Asiyada deyil, məhz Bakıda, Azərbaycan Dövlət Universitetində professor Fərhad Zeynalovun rəhbərliyi ilə fəaliyyətə başladı. Bu kafedra Bakını qısa müddətdə dünya türkologiyasının diqqət mərkəzinə və əsas elmi məkanına çevirdi”.

Akademik İsa Həbibbəyli 1926-cı il Qurultayının ortaq əlifba qərarını Türk dünyasının ortaq gələcəyinə yönəlmiş dahi bir addım kimi qiymətləndirib və keçmiş yazı sistemlərinin mənzərəsini vizual təsvir edib: “O dövrdə Türk dünyasında vahid yazı sistemi yox idi. Bəzi türk xalqları yuxarıdan aşağıya doğru, ərəb qrafikasından istifadə edənlər isə sağdan sola yazırdılar. Qurultay ilk dəfə olaraq soldan sağa yazılış sistemini, yəni ürəkdən, düşüncədən birbaşa əmələ doğru gedən latın qrafikalı yazı sistemini bütün Türk dünyası üçün vahid və ortaq model kimi qəbul etdi”.

Akademik vurğulayıb ki, son illərdə aparılan səmərəli müzakirələr nəticəsində ortaq türk əlifbasının qəbul edilməsi istiqamətində atılan böyük addımlar Birinci Türkoloji Qurultayın müqəddəs ideallarının bu gün də yaşadığını və gələcəyimizi formalaşdırdığını açıq şəkildə sübut edir.

Science.gov.az

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.