İyn 29 , 2026 | 06:19 /
İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndə keçirilən “Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusunda plenar iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli geniş məruzə ilə çıxış edərək əlamətdar yubileyin tarixi mənası və müasir perspektivləri barədə fikirlərini səsləndirib.
Akademik diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi barədə Sərəncamı bütövlükdə Türk dünyasının inkişafında silinməz və unudulmaz səhifəyə çevrilmiş Birinci Türkoloji Qurultayın irsinə dövlətimiz tərəfindən verilən uca sevginin və yüksək qiymətin bariz ifadəsidir. Eyni zamanda, bu Sərəncam müasir türkoloji düşüncənin inkişaf etdirilməsinə və qardaşlıq birliyinə yönəlmiş çox güclü bir dəstəkdir.
AMEA rəhbəri qeyd edib ki, ötən əsrin əvvəlində, 1926-cı ildə baş tutmuş Birinci Türkoloji Qurultayda Türk dünyası ilə bağlı yalnız elmi-türkoloji istiqamətdə məsələlər müzakirə olunmayıb, burada həm də türk xalqlarının inteqrasiyası, gələcək birliyi, eləcə də ictimai və mənəvi-mədəni münasibətlərinin tənzimlənməsinə dair məsələlər gündəmə gətirilib.
Akademik məruzəsində Qurultayın tarixi simalarının irsinə də toxunulub. Bildirilib ki, Birinci Türkoloji Qurultayda məruzə ilə çıxış edən akademik Sergey Oldenburq türk xalqları arasında ölkəşünaslıq üzrə aparılan tədqiqatların vacibliyini əsaslandırıb. Onun irəli sürdüyü “ölkəşünaslıq” fəaliyyəti bizim bu gün düşündüyümüz dar mənada lokal və ya regional xarakter daşımırdı, bu, böyük Türk dünyasının bütöv coğrafi və mənəvi əhəmiyyətini ehtiva edirdi.
Akademik İsa Həbibbəyli vurğulayıb ki, Birinci Türkoloji Qurultaya qədər də Türk dünyası, qədim türk abidələri və tarixi şəxsiyyətləri haqqında qiymətli tədqiqat əsərləri işıq üzü görməkdə idi. Lakin bu araşdırmaların demək olar ki, hamısı Qərb elmi mühitində orientalizm, Türk dünyasının daxilində isə fərdi müəlliflərin pərakəndə araşdırmaları kimi təqdim olunurdu: “Türk dünyasına aid zəngin irsin məhz vahid, müstəqil və sistemli bir elm sahəsi kimi “Türkologiya” adı altında birləşdirilməsi və təşəkkül tapması, Birinci Türkoloji Qurultayın bəşər tarixinə ən böyük xidmətlərindən və bu günümüzə ötürdüyü mühüm dərslərindən biridir. Qurultay ilk dəfə olaraq türkologiya elminin mükəmməl sistemini və modelini dünya elmi ictimaiyyətinə təqdim edib. Tarixi toplantıda yalnız dilçilik məsələləri ilə kifayətlənilməyib, eyni zamanda ədəbiyyat, folklorşünaslıq, müştərək tarix, etnoqrafiya, sənətşünaslıq, mədəniyyət tarixi, vahid terminologiya və əlifba məsələləri geniş şəkildə müzakirə olunub və müvafiq ortaq nəticələr əldə edilib”.
Akademik İsa Həbibbəyli məruzəsində AMEA ilə qardaş Türk respublikalarının elmlər akademiyaları arasında qurulan sıx tərəfdaşlıq əlaqələrinin praktiki nəticələrindən bəhs edib. İlk olaraq Azərbaycan-Özbəkistan elmi əlaqələrinə toxunan akademik, böyük mütəfəkkir Əlişir Nəvainin irsinin araşdırılması istiqamətində fundamental tədqiqatların aparıldığını diqqətə çatdırıb. Azərbaycanın dünya nəvaişünaslığında Özbəkistanın özü ilə rəqabət apara biləcək qədər zəngin bir elmi məkana çevrildiyini deyib.
Eyni yüksək səviyyəli və dinamik münasibətlərin Türkmənistan elmi mühiti ilə də qurulduğunu qeyd edən məruzəçi, türkmən ədəbiyyatının klassiki Məhtimqulu Fəraqinin irsinə dair Azərbaycanda aparılan araşdırmaların miqyasına diqqət çəkib. AMEA-da və bütövlükdə respublikada çap olunan tədqiqatların həcminin heç də Türkmənistan Elmlər Akademiyasının müvafiq nəşrlərindən geri qalmadığını vurğulayıb.
AMEA prezidenti qardaş Qırğızıstan dövləti ilə də ortaq elmi layihələrin uğurla icra edildiyini bildirib. Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun zəngin irsinin öyrənilməsi istiqamətində aparılan müştərək tədqiqatların artıq çoxsaylı fundamental nəşrlərə çevrildiyini qeyd edib.
Akademik İsa Həbibbəyli qarşıdakı dövrün ən əsas vəzifələrindən biri kimi məhz Türk Dövlətləri Təşkilatı və onun nəzdindəki qurumlarla elmi əlaqələrin daha institusional və çevik müstəviyə qaldırılması olduğunu deyib.
AMEA rəhbəri çıxışının sonunda qeyd edib ki, bu gün Türk dünyasını qlobal miqyasda öyrənən, təbliğ edən, elmi layihələrini dəyərləndirən və ən əsası, qardaş xalqlarımızı bir-birinə qovuşdurub əlaqələndirən bu cür möhtəşəm beynəlxalq təşkilatların mövcudluğu bütövlükdə 1926-cı ildə Bakıda toplanmış Birinci Türkoloji Qurultay iştirakçılarının və o dahi ideya müəlliflərinin ən böyük arzularının, ali məqsədlərinin reallığa çevrilməsi və tam qələbəsidir.





17821069371782120250.jpg)












