Foto
AMEA Naxçıvan Bölməsinin əməkdaşları beynəlxalq vikidüşərgədə iştirak ediblər
Avg 25 , 2026 | 12:24 /
Oxunma ( 18 )

AMEA Naxçıvan Bölməsi Aparatının Rəqəmsallaşma və süni intellekt şöbəsinin aparıcı mütəxəssisi Səadət Məmmədova və Bölmənin Əlyazmalar Fondunun Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası laboratoriyasının rəhbəri Kübra Vəliyeva avqustun 12-dən 16-dək Mingəçevir şəhərində keçirilən “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsində iştirak ediblər.

Düşərgə çərçivəsində keçirilən fərdi məqalə müsabiqəsində Səadət Məmmədova birinci yeri tutub.

Vikipediyanın 25 illik yubileyinə həsr olunan tədbir “Viki şəhər” layihəsi çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vikimedia Azərbaycan” istifadəçi qrupunun təşkilatçılığı ilə keçirilib. Tədbirə “Azərsun Holdinq” sponsorluq edib.

Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan vikipediyaçıların iştirak etdiyi düşərgənin proqramında regional viki-icmaların fəaliyyət təcrübəsi, Vikipediyanın təhsildə tətbiqi, etibarlı mənbələrlə iş və neytrallıq prinsipləri, faktların yoxlanılması, eləcə də viki-layihələrdə süni intellekt və rəqəmsal alətlərdən istifadə ilə bağlı təlim və təqdimatlar yer alıb.

Proqramın praktiki hissəsində iştirakçılar müxtəlif mövzular üzrə Vikipediya məqalələrinin hazırlanması və təkmilləşdirilməsi üzərində işləyiblər. Düşərgə müddətində keçirilən yazı marafonları nəticəsində Azərbaycan gəncləri, idmanı və Mingəçevirlə bağlı mövzularda 512 yeni məqalə yaradılıb, 4000-dən çox redaktə aparılıb.

Düşərgənin bağlanış tədbirində iştirakçılara sertifikatlar təqdim olunub.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.