“Gənc alimin silahı araşdırmaq olmalıdır”
Avg 13 , 2014 | 12:40 / Müsahibələr, çıxışlar
Oxunma ( 3114 )

“Bu silahdan düzgün istifadə olunarsa, elmdə bütün məqsədlərə nail ola bilərik”

 

Fəxrəndə Əlimərdanova: “Elmin sərhədləri məhdudlaşdırılmamalıdır”

 

Uğurlu elmi fəaliyyəti ilə tanınan gənc alimlərimizdən biri də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanovadır. F.Əlimərdanova ABS-ın “CIES” təhsil mərkəzinin keçirdiyi “Fulbright Visiting Scholar” proqramında "Modern methods of statistical data processing on photometry and spectroscopy in physics" layihəsi ilə qalib gəlib. O, bu proqram çərçivəsində yaxın günlərdən başlayaraq, 2015-ci il mart ayının sonunadək The University of North Carolina at Greensboro universitetində akademik təcrübə keçəcək. Gənc alimimiz bizimlə söhbətə belə başladı:

- Mən - Əlimərdanova Fəxrəndə Namiq qızı fizika üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Səma cismlərinin spektroskopiyası” şöbəsinin elmi işçisi, eyni zamanda, rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədriyəm. Artıq 10 ilə yaxındir ki, rəsədxanada elmi tədqiqatlarla məşğulam. Tədqiqat sahəmə - cavan ulduzlarda qeyri-stasionar proseslərin öyrənilməsi problemi daxildir. Ümumiyyətlə, bu elmi istiqamət Azərbaycan üçün nadirdir. Lakin dünyada cavan ulduzlarda baş verən qeyri-stasionar proseslərin tədqiqi məsələsi xeyli inkişaf etmiş, onların araşdırlmasında mövcud olan yanaşma, əlbəttə Azərbaycandan xeyli fərqlənir. Bu mühüm amil ilk növbədə, analoji tədqiqatların dünya təcrübəsinə uyğun aparılmasını şərtləndirir. Mən də gənc alim kimi, çalışıram ki, dünyada bu istiqamətdə aparılan son elmi baxışlara istinadən tədqiqatlarımı davam etdirim.Məlumat üçün bildirim ki, 2013-cü ildə yerinə yetirdiyim elmi dissertasiyamın mövzusu da Azərbaycanda ilk dəfə cavan ulduzların öyrənilməsilə əlaqədar olub və sonrakı tətqiqatlarım da bunun davamını təşkil edir.

- Azərbaycanda gənc alimlərin özlərini təkmilləşdirmələrinə və elmi fəaliyyətlə məşğul olmalarına yaradılan şəraiti necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, ilk növbədə, “gənc alim” anlayışı üzərində bir qədər dayanmaqda fayda görürəm. Çünki 90-cı illərdə baş verən məlum səbəblərdən elmdə bir qədər səngimə baş verdi. Onu da qeyd edim ki, Azərbaycanda fundamental və tətbiqi elmi-tədqiqatlarla məşğul olan yeganə elm məbədi o dövr də daxil olmaqla, Azərbaycan Milli Elmlər Akademiyası olmuşdu. Bəlkə xatırlayarsınız, hətta belə bir vəziyyət yaranmışdı ki, akademiyanın mövcudluğu belə sual altında idi. Lakin ölkənin bütün sahələrinin inkişafında öz dəst-xətti olan ümummilli liderimiz H. Əliyevin müdrikliyi, deyərdim ki, Azərbayan elminin xilasında da öz bəhrəsini verdi. Belə ki, onun bu məsələyə yanaşması daha konservativ və qəti oldu. O, AMEA-nı Azərbaycanın milli sərvəti adlandırdı. Təbii ki, o dövrdəki vəziyyət elmimizin tərəqqisində müəyyən baryer rolunu oynadı. Bir çox nisbətən yaşlı elm adamları ilə bərabər, hətta gənclərin elmdən uzaqlaşması tendensiyası baş verdi. Məhz bunun nəticəsidir ki, bu gun akademiyada elmlər doktorunun orta yaş həddi 73, elmlər namizədinin (indiki fəlsəfə doktorlarının) orta yaş həddi isə 61-dir.

Lakin son illər, dövlətin, xüsusən də akademyanın yeni rəhbərlyinin elmə, eləcə də “gənc alim”lərə olan münasibəti müəyyən irəliləyişlərə nail olmaq imkanı verir. Artıq deyərdim ki, həm dövlət, həm də akademiya rəhbərliyi Azərbaycan elminin tərəqqisi, dünya elminə inteqrasiyasının həllini cavan elmi gənc nəslin yetişdirilməsi və təkmilləşdirilməsində görür. On il əvvəl biz “gənc alim” anlayışını belə işlətmirdik. Çünki akademiyada elmi dərəcəsi olan gənclərin sayı məhdud sayda idi. Lakin bu gün vəziyyət tamimilə başqadır. Gənclərin elmi fəaliyyətə cəlb olunması üçün stimullaşdırıcı təşəbbüslər göstərilir. Təkcə 2010-cu ildən başlayaraq, biləvasitə dövlət hesabına gənclərimiz dünya və avropanın ən qabaqcıl elmi-tədqiqat mərkəzlərində PhD və “Doctor Science” dissertasiyaları ilə əlaqədar təkmilləşdirmə kurs və təlimlərində iştirak edirlər. Bu gün ölkədə elmin inkişafına dəstək verən bir neçə fondun təsis olunmasında əsas məqsəd də məhz Azərbaycan alimlərinin, o cumlədən gənclərin elmi fəaliyyətlərini stimullaşdırmaqdır. Bu fondların dəstəyilə gənclərimiz dünyanın bir sıra mühüm elmi tədbirlərində iştirak edir, elmi-tədqatların nəticələrinin dünya elm arenasında müzakirəsinə nail olur, həm də dünyada aparılan müasir elmi yanaşmaları mənimsəyir və gələcək tədqiqatlarında onların tətbiqinə nail ola bilirlər.

- Gənc alimlərin fəaliyyətində, onların tətdiqatlar aparmalarında hansı çətinliklər var?

- Əlbəttə, gənc alimlərin müəyyən çətinlikləri də var. Əgər biz dünya elminə inteqrasiyadan danışırıqsa, ilk növbədə dil problemini aradan qaldırmalıyıq. Azərbaycanda kifayət qədər savadlı, potensiallı alimlər var ki, onlar dünya elm arenasına çıxmaqda çətinlik çəkirlər. Yəqin sizdə razılaşarsız ki, elmin sərhədləri nə qədər geniş və beynəlmiləl olarsa, bu, ilk növbədə ölkənin uğurudur. Bundan başqa, elmi tərəqqi daim yeniliyi tələb edir və bunun üçün də dil baryerini aradan qalrmaq əsas şərt kimi irəli sürülməlidir. Digər məsələ, elmlə şəşğul olan alimlərin məvacibinin aşağı olmasdır ki, bu amil alimlərin enerjisinin bölünməsinə və elmə adaptasiyasının pozulmasına rəvac verir. Daha aydın desək, alimlərimiz təkcə elmlə məşğul olmur, maddi vəziyyətlərini yaxşılaşdırmaq üşün digər əlavə işləri görməli olurlar.

- Gənc alimlərin intellektual inkişafında, onların öz ixtisaslarına uyğun təkmilləşməsində sizin hansı təklifləriniz ola bilər?

- Mənim gənclərə tövsiyəm, əlbəttə, yuxarıda qeyd etdiyim kimi, dil problemlərini həll etsinlər. Dünya elmini təqib etməklə elmi-tədqiqatlarında son elmi yanaşmalara üsünlük versinlər. Bu gün internetin yaratdığı imkanları da nəzərə almaq lazımdır. Və bu imkanlardan düzgün, təyinatı üzrə bəhrələnmək də bu məsələnin həllində əlavə stimul təşkil edir. Düzdur, bu gün elmlə məşğul olan gənclərin sosial təminatları qənaətbəxş deyil. Lakin mövcud yerli və beynəlxalq fondların imkanlarından istifadə etmək lazımdır. Gənc alimin silahı araşdırmaq olmalıdır. Bu silahdan düzgün istifadə olunarsa, inanram ki, gənc alim özünə öhdəlik kimi götürdüyü bütün məqsədlələrə tədricən nail ola bilər. Belə məsələlərdə radikal proqresə ümid etmək, məncə gəncləri ümdə hədəflərindən sapındıra bilər.

- Ümumiyyətlə, gənclərin elmi, intellektual baxımdan inkişaf etmələri üçün, onların elmə marağının artırılması üçün hansı tədbirlərin həyata keçirilməsi lazımdır?

- Zənnimcə, bu məsələdə ənənə əsas amil kimi qabardılmalıdır. Azərbaycan elminin bir tarixi var. Bizim dünya elminə fayda vermiş nəhəng alimlərimiz olub və bu gün də var. Gənclərdə uşaqlıqdan elmə həvəs yaratmaq və əlbəttə, marifləndirici tövsiyə və tədbirlərə üstünlük vermək lazımdir. Bundan başqa, indiki gənclərin düzgün tərbiyələndirilməsinə xüsusi diqqət verməklə, onların intellektual potensialının məqsədəuyğun istiqamətləndirilməsi gələcəkdə elmi cəmiyyətin formalaşdırılması üçün lazım olan mühiti sözsuz ki, yaradacaq.

- Gənclər bu baxımdan motivasialarını necə artıra bilərlər?

- İstənilən gənc başa düşməlidir ki, bütün istehsal, istehlak və digər sahələrin inkişafinda hansısa elmi-tədqiqatın nəticəsi durur. Yaxşı olmazmı, səndə bu inkişafa bir töhfə verəsən? Sən də bu tərəqqinin bir parçası olasan? Bunun üçün nə lazımdır? Əlbəttə, yaxşı təhsil almaq, elmi araşdırmaçı olmaq.

- Sizin əldə etdiyiniz son elmi uğurunuz, yəni xaricdə təcrübə keçmək şansı qazanmağınızla bağlı fikirlərinizi və buna necə nail olduğunuzu ətraflı bilmək istərdik...

- Mən bu uğura birdən nail ola bilməzdim. Bunun üçün çox çalışdım. Yuxarıda qeyd etdiyim bir çox məsələlər var ki, mən onları öz həyatımda yaşamışam. Bütün bunlar mənim üçün bir təcrübə olub. Nə qədər çətinliklərlə üzləşsəm də öz ümdə hədəfimdən heç bir zaman yayınmadım. Əlbəttə, mənim də sosial və maddi problemlərim olub. Mən bunu bir sınaq kimi qəbul etmişəm.Xaricdə təcrübə keçmək şansını qazanmamışdan əvvəl bir sıra beynəlxalq tədbirlərdə iştirak etdim. Buna misal bir ay bundan öncə Cenevrə şəhərində keçirilmiş "EWASS 2014 : European Week of Astronomy and Space Science" beynəlxalq konfransında iştirakımı qeyd edə bilərəm. Belə mötəbər tədbirlərdə iştirak etməklə, gənc alim beynəlxalq elmi mühitə adaptasiya olur. Və yeni elmi yanaşma və üsulları izləməklə özünü daha da inkişaf etdirməyə cəhd göstərir. Lazım olan təcrübəni qazandıqdan sonra təbii ki, insanın hədəfləri daha da böyüyür. Məhz bunun məntiqi nəticəsidir ki, artıq mən dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ-ın nüfuzlu “The University of North Carolina at Greensboro” Universitetində akademik təcrübə keçmək imkanını zəhmətim hesabına qazana bildim.

- Gəncl alimlərimizin özlərinin təcrübə bacarıqlarını, elmi-intellektual səviyyələrini artırmaları üçün xaricdə praktika çox önəmli rol oynayır. Bu məsələdə gənclərə nələri tövsiyə etmək olar?

- Yuxarıda qeyd etdiyim məsələləri, əlbəttə, bir daha təkrarlamaq istəmirəm. Lakin elmin sərhədləri məhdudlaşdırılmamalıdır. Və bu sərhədlər böyüdükcə, hədəflər də böyüyür. Bu hədəflərə bizi böyük təcrübələr aparır. Bu faktdr ki, belə təcrübələri biz ölkəmizdə qazana bilmirik. Buna görə, elmdə daha çox inkişaf etmiş ölkələrin təcrübəsinə müraciət etməli oluruq. Mən inanıram ki, vaxt olacaq, Azərbaycan özü dünyanın elm mərkəzlərindən birinə çevriləcək. Hələ ki, bizim öyrənməyə ehtiyacımız var. Bu ehtiyac bizi fərqli ünvanlara götürür.

- Xaricdə elmi təcrübə məsələsi ilə bağlı xarici ölkələrlə mübadilələr aparmaqla gənc alimlərimizin təkmilləşdirilməsi Azərbaycanda hansı səviyyədədir? Bu baxımdan hansı təklifəriniz ola bilər?

- İllər keçdikcə Azərbaycan bu istiqamətdə irəliləyişlərə nail olur. Təkcə statistikanı təhlil etsək, hər il xaricə ezam olunmuş gənclərin sayında və ölkələrin coğrafiyasında müsbət artımı hiss edə bilərik. Dövlət bu istiqamətdə gəncləri birmənalı dəstəkləyir. Bir də digər məsələ beynəlxalq fondların yaratdığı imkanlar və perspektivlərlə əlaqədardır. Mən özüm ABS-ın “CIES” təhsil mərkəzinin keçirdiyi “Fulbright Visiting Scholar” təqaüd proqramında qalib olmaqla təcrübə şansını qazanmışam. Tövsiyəm ondan ibarət olacaq ki, gənclər mövcud imkanlara adekvat cavab verib, özlərini inkişaf etdirmək üçün göstərilən dəstəyi düzgün qiymətləndirilməlidir. Yaradılan şəraitdən maksimum istifadə etməlidirlər.

- Azərbaycan həqiqətləri, dəyərləri, tarixi, mədəniyyəti ilə bağlı gənc alimlərimizin xarici ölkələrdə təbliğat aparmaları da önəmlidir. Öz fəaliyyətniz və xarici səfərləriniz timsalında bu barədə nələri deyə bilərsiniz? Yəni siz bu baxımdan harada və necə təbliğat aparmısınız, yaxud necə təbliğat aparmağı düşünürsünüz?

- Müsahibənin lap əvvəlində qeyd etdiyim kimi, mən təşkilatımızın Gənc Alim və Mütəxəssislər Şurasının sədriyəm. Bundan başqa, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvüyəm. Bizim bu birlik çox ciddi hədəflər üzərində təsis olunub. Elmi-ictimai əsaslar üzrə fəaliyyət göstərən Şurada təbliğat məsələləri ilə əlaqədar müəyyən təcrübəyə malikəm.Bundan başqa, düşünürəm ki, gənc alimin maraq dairəsi təkcə elmlə məhdudlaşmamalıdır. Gənc alim dövlətinə, onun milli adət və ənənələrinə sadiq olmalı, dövlətçilik maraqlarını hər yerdə müdafiə etməlidir. Təbii ki, mən də təcrübəmdən istifadə edərək olduğum xarici ölkələrdə məkan və zaman amilini nəzərə almaqla Azərbaycan haqqında xoş təəssüratlar yaratmaq üçün bacarığımı səfərbər edir, vətəndaşlıq borcumu yerinə-yetirməyə cəhd göstərirəm.

 

İlkin AĞAYEV

Palitra.-2014.-13 avqust.-S.5.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.