Fotos
AMEA MƏRKƏZİ NƏBATAT BAĞINDA “QIZILGÜL” SƏRGİSİ KEÇİRİLDİ
May 25 , 2015 | 05:00 /
Oxunma ( 2522 )

AMEA Mərkəzi Nəbatat Bağında “Qızılgül” sərgisinin açılış mərasimi keçirildi. Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsindən verilən məlumata görə, mərasimdə AMEA Rəyasət Heyəti, respublika və müxtəlif beynəlxalq təşkilatlardan olan nümayəndələr iştirak etdilər. Sərginin təşkilində əsas məqsəd Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, gənclərə təbiətə sevgi və diqqət hisslərini aşılamaq, o cümlədən, qızılgül həvəskarlarını yeni sortlarla tanış etmək idi.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq sərginin əhəmiyyətindən danışdı. Qızılgül sortları ilə bağlı məlumat verərək bildirdi ki, yeni araşdırmalar, elmi-tədqiqat işləri nəticəsində qızılgüllərin tərkibi müxtəlif seleksiyalar üzrə təzələnir, yeni növlər əldə olunur. Cənubi Qafqazda ən böyük qızılgül kolleksiyalarından birinin də məhz Mərkəzi Nəbatat Bağında yerləşdiyini vurğulayan AMEA rəhbəri bu kimi sərgilərin mütəmadi olaraq keçirilməsinin zəruriliyini vurğuladı. Qeyd etdi ki, qızılgül növlərinin yetişdirilməsi sahəsində təbliğat işləri genişləndirilməli, ictimaiyyət bu barədə ətraflı məlumatlandırılmalıdır.
Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə çıxış edərək Mərkəzi Nəbatat Bağında 35 il ərzində dünyanın müxtəlif ölkələrindən qızılgüllərin introduksiyası, yerli sortlarla hibridləşdirilməsi və seleksiyası üsulları ilə bağlı elmi-tədqiqat işlərinin aparıldığından danışdı. V.Əlizadə bu istiqamətdə aparılan işlərin nəticəsində Bağın qızılgül sahəsində müxtəlif qruplardan olan bağ qızılgüllərinin 1000-ə qədər növ, sort və formalarının toplandığını dedi. Mərkəzi Nəbatat Bağının qızılgül növlərinin öyrənilməsi sahəsində çoxillik və zəngin təcrübəyə malik olduğunu qeyd etdi. Bildirdi ki, Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru Asəf İsgəndərovdur. O, A.İsgəndərovun uzun illərdir ki, qızılgül sortlarının yetişdirilməsi ilə məşğul olduğunu və bu istiqamətdə müsbət nəticələr əldə etdiyini diqqətə çatdırdı.
Sərgidə, həmçinin, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi çıxış etdi. Nümayiş etdirilən qızılgül sortlarını böyük maraqla qarşılayan səfir, sərgidə iştirak etməkdən məmnun olduğunu dilə gətirdi. O, Azərbaycanda bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, qızılgüllərin yetişdirilməsi ilə məşğul olan tədqiqatçılara fəaliyyətlərində uğurlar arzuladı.
Sonda qızılgül kolleksiyasının kuratoru Asəf İsgəndərov çıxış etdi. O, bu sahədə introduksiya işlərinə 1970-ci ildən, qızılgüllərin seleksiya və hibridləşdirilməsinə isə 2006-cı ildən başladığını qeyd edərək, uzunmüddətli araşdırmalardan sonra qızılgülün yeni növlərinin əldə olunmasına nail olduğunu bildirdi. Seleksiya üsulu ilə yetişdirilmiş yeni qızılgül sortlarının regional və beynəlxalq gül sərgilərində nümayiş etdirilməsinin zəruriliyini vurğuladı. A.İsgəndərov AMEA Mərkəzi Nəbatat Bağının qızılgül kolleksiyasında toplanmış müxtəlif bağ qruplarına mənsub olan qızılgül sortları haqqında da məlumat verdi. Onun sözlərinə görə, bu sortlar əsasən seleksiya və hibridləşdirmə üsulu ilə yetişdirilmişdir.
Qeyd edək ki, beynəlxalq standartlara uyğun 350-dən artıq qızılgül sortlarından ibarət sərgi Nəbatat Bağının 900 m2 xüsusi ayrılmış ərazisində nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.gov.az saytına istinad zəruridir

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.