Fotos
AMEA Gənclər Akademiyası beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir
İyl 04 , 2026 | 01:27 / Görüşlər
Oxunma ( 136 )

AMEA Gənclər Akademiyasında Qırğız Respublikası Milli Kitabxanasının direktoru Eldar Attokurov ilə görüş keçirilib.

Görüşdə Gənclər Akademiyasının sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəfa Əliyeva, Elmi-kütləvi tədbirlərin təşkili departamentinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev, Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə və Rəqəmsal Mobillik Mərkəzinin müdiri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova iştirak ediblər.

Görüş zamanı qonağa Gənclər Akademiyasının fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq əlaqələri, gənc alim və tədqiqatçıların elmi potensialının inkişafına yönəlmiş təşəbbüslər barədə ətraflı məlumat verilib. Tərəflər Azərbaycan və Qırğızıstan arasında elmi, mədəni və akademik əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılan və fəaliyyət dairəsini genişləndirən Gənclər Akademiyası son illərdə gənc alim və tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası istiqamətində mühüm layihələr həyata keçirir. Akademiyanın sədri Elmir Babayevin rəhbərliyi ilə reallaşdırılan bu təşəbbüslər gənclərin beynəlxalq elmi platformalarda təmsilçiliyinin gücləndirilməsinə və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət edir.

Çıxış edən Eldar Attokurov Azərbaycan və Qırğızıstan xalqları arasında mövcud olan tarixi və mədəni bağların elm sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. O qeyd edib ki, Qırğızıstanda da gəncləri birləşdirən elmi platformalar fəaliyyət göstərir və bu baxımdan iki ölkənin gənclər təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Eldar Attokurovun sözlərinə görə, Gənclər Akademiyası ilə Qırğızıstandakı gənclər qurumları arasında qurulacaq əlaqələr iki ölkə arasında elmi və mədəni əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. O vurğulayıb ki, keçmişdən gələcəyə uzanan ən etibarlı körpülərdən biri məhz gənclərdir və Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın gələcək inkişafında əsas rolu gənc tədqiqatçılar oynayacaqlar.

Görüş zamanı qonaq Gənclər Akademiyasının təşkilatçılığı ilə nəşr olunan “Gənc tədqiqatçı” elmi jurnalı, eləcə də “I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Azərbaycan türkologiya elmi: sələflər və xələflər” adlı gənc alimlərin respublika elmi konfransının materialları” toplusu ilə tanış olub. Eldar Attokurov nəşrlərin elmi əhəmiyyətini yüksək qiymətləndirərək onların türk dünyasında elmi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.

Daha sonra “Gənc tədqiqatçı” elmi jurnalının son sayı və sözügedən konfransın materiallar toplusu qonağa hədiyyə edilib. Bununla yanaşı, Gənclər Akademiyasının nümayəndələri Şəfa Əliyeva və Arzu İsgəndərzadə müəllifi olduqları monoqrafiyaları Eldar Attokurova təqdim ediblər. Hədiyyə olunan nəşrlərin Azərbaycan elminin beynəlxalq elmi ictimaiyyət arasında tanıdılmasına xidmət etdiyi vurğulanıb.

AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində Eldar Attokurov AMEA-nın bir sıra elmi müəssisələri ilə də tanış olub. Qonaq əvvəlcə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub. Burada institutun elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli ilə görüş keçirilib. Görüş zamanı qonağa institutun elmi fəaliyyəti, beynəlxalq əlaqələri və rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Daha sonra Eldar Attokurov AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olub. Burada keçirilən görüşdə kitabxananın direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov və MEK-in elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev iştirak ediblər. Qonağa kitabxananın fəaliyyəti, beynəlxalq əlaqələri, elektron xidmətləri və müasir informasiya resursları barədə ətraflı məlumat verilib. Eldar Attokurov kitabxananın sərgi salonları, oxu zalları, fondları və digər struktur bölmələri ilə yaxından tanış olub, burada yaradılmış şəraiti yüksək qiymətləndirib.

Sonda tərəflər elmi nəşrlərin mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili, eləcə də Azərbaycan və Qırğızıstan arasında elmi-mədəni əlaqələrin daha da genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.