İyl 21 , 2015 | 01:00 / Mühüm hadisələr
İyulun 21-də Heydər Əliyev Mərkəzində 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimi olub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən Olimpiadanın açılış mərasimində 75 ölkədən 292 olimpiadaçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Əvvəlcə Olimpiada haqqında videoçarx nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Olimpiada iştirakçılarını salamlayaraq, əhəmiyyətli tədbirin prezidenti olmaqdan məmnunluq və şərəf hissi duyduğunu bildirib. Qeyd edib ki, Olimpiadanın Təşkilat Komitəsi müsabiqənin obyektiv, möhtəşəm, yarış məkanının, şəraitin tam uyğun olması üçün əlindən gələni əsirgəməyib. Hər kəsə planetimizin o qədər də böyük olmadığının məlum olduğunu deyən Təşkilat Komitəsinin sədri məhz bu səbəbdən Bakı Olimpiadası üçün “Həyat sanki böyük bir kimya laboratoriyasıdır” şüarının seçildiyini bildirib.
Olimpiadada 75 ölkənin təmsil olunduğunu deyən professor Nərgiz Paşayeva bütün iştirakçıları bir araya gətirən amilin elm, təhsil və mədəniyyət olduğunu bildirərək, onlara uğurlar arzulayıb və 47-ci Beynəlxalq Kimya Olimpiadasını açıq elan edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini İsmət Abasov tarix boyu Azərbaycanın dünyada neft ölkəsi kimi tanındığını, bu gün ölkəmizdə həyata keçirilən bütün işlərin dövlətmizin başçısının hələ 2003-cü ildə irəli sürdüyü “Ölkənin qara qızılını insan kapitalına çevirək” tarixi çağırışı əsasında aparıldığını bildirib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsilin, elmin, mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərildiyini deyən Baş nazirin müavini həyata keçirilən layihələrin ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb. İyulun 21-nin Azərbaycan tarixinə gənclərin intellektual yarışı kimi daxil olacağını söyləyən İsmət Abasov Olimpiada iştirakçılarına uğurlar arzulayıb.
Beynəlxalq Kimya Olimpiadasının Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li çıxışında Olimpiadanın yüksək səviyyədə təşkilinə görə Moskva Dövlət Universitetinin Bakı filialına və universitetin rektoru, 47-ci Olimpiadanın prezidenti, professor Nərgiz Paşayevaya dərin minnətdarlığını bildirib.
Daha sonra dünyanın tanınmış alimləri Olimpiada iştirakçılarına təbriklərini çatdırıblar.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademikViktor Sadovniçi təbrik məktubunda rəhbərlik etdiyi ali təhsil ocağında Beynəlxalq Kimya Olimpiadasının 3 dəfə təşkil olunduğunu diqqətə çatdırıb. “Bu il Olimpiada ilk dəfə olaraq Azərbaycan Respublikasının paytaxtı gözəl Bakı şəhərində keçirilir. Bizim Universitet yenə də bu tədbirdə yaxından iştirak edir. Ona görə ki, tədbirin ev sahibi MDU-nun Bakı filialıdır”, - deyə akademik vurğulayıb.
1992-ci ilin kimya üzrə Nobel mükafatçısı Rudolf Artur Markus video-müraciətində Beynəlxalq Kimya Olimpiadasının müxtəlif mədəniyyətlərlə tanış olmaq və kimya haqqında daha çox bilik əldə etmək üçün gözəl bir fürsət olduğunu bildirib.
Kimya üzrə 1999-cu ilin Nobel mükafatı laureatı, professor Əhməd Zevayl Olimpiadanın Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib: “Beynəlxalq Kimya Olimpiadası parlaq zəkaya malik gənclərlə birlikdə kimyanın gözəlliyini və zənginliyini bayram etmək üçün nüfuzlu bir yarışmadır. Onlar dünyanın müxtəlif ölkələrindən həmyaşıdları ilə intellektual birliyə daxil olaraq gələcəyin elmi ictimaiyyətini formalaşdırırlar. Əminəm ki, siz Bakını özünüz üçün füsunkar bir şəhər kimi kəşf edəcək və Azərbaycan xalqının qonaqpərvərliyindən zövq alacaqsınız”.
Dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə də bu möhtəşəm bilik yarışmasında məktəblilərə müraciət edib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirdiyini diqqətə çatdıran alim 47-ci Beynəlxalq Kimya Olimpiadasının bu ölkədə keçirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın elm, texnologiya və mədəniyyət sahələrində əldə etdiyi inkişaf və nailiyyətlərinin mühüm göstəricisi olduğunu bildirib.
“Bu Olimpiadanın Bakıda keçirilməsi heç də təəccüblü deyil, çünki Bakı elm və təhsilə böyük qayğı göstərən, çox sürətlə inkişaf edən şəhərdir”, - deyə Merilənd Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü və ABŞ Milli Elmlər Akademiyasının üzvü Roald Saqdeyev tədbir iştirakçılarına videomüraciətində qeyd edib. Vurğulayıb ki, bəşəriyyətin gələcəyi gənc tədqiqatçıların kimya elminin insan həyatına, sənayeyə, ətraf mühitə təsiri məsələlərinə necə yanaşmasından asılı olacaq.
Tədbirdə gənc tarzən Cavanşir Rüstəmbəyli, xalq artisti Azər Zeynalov, müğənni Aqşin Abdullayev, eləcə də istedadlı gənclərin ifasında Azərbaycan musiqisi və mahnıları təqdim olunub.
İyulun 29-dək davam edəcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilər kimya üzrə nəzəri və praktik biliklərini Moskva Dövlət Universitetinin Bakı filialında sınayacaqlar. Son illər elm və tədris bazasını gücləndirən bu təhsil ocağında ən müasir avadanlıqla təchiz edilmiş kimya laboratoriyaları yaradılıb. Hazırda Bakı filialının kimya fakültəsi ölkədə bu sahə üzrə ən güclü tədris mərkəzlərindən biridir.
47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda, Moskva Dövlət Universitetinin Bakı filialında keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Vaşinqtonda 44-cü Olimpiadanın Beynəlxalq Münsiflər Heyəti tərəfindən qəbul edilib. 2014-cü ildə Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən 46-cı Beynəlxalq Kimya Olimpiadasının bağlanış mərasimində müsabiqənin bayrağı Azərbaycana – 47-ci Olimpiadanın təşkilatçısı olan Moskva Dövlət Universitetinin Bakı filialına verilib. Azərbaycan MDB məkanında Rusiyadan sonra məktəblilərin Beynəlxalq Kimya Olimpiadasını keçirmək hüququ qazanan ikinci ölkədir.
Hazırda Olimpiadada iştirak edən Azərbaycan komandasına “İstək” liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, “İstək” liseyini və 160 nömrəli klassik gimnaziyanın X sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov daxildirlər. Komandanın rəhbəri isə 2009-cu ildə Böyük Britaniyada keçirilmiş 41-ci Beynəlxalq Kimya Olimpiadasının bürünc mükafatçısı, Qafqaz Universitetində üzvi kimya laboratoriyasının elmi işçisi Mehman Bünyadovdur.
47-ci Olimpiada AR Təhsil Nazirliyi, İdman və Gənclər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir.
Olimpiadanın ingilis və Azərbaycan dillərində fəaliyyət göstərənhttp://icho2015.msu.az/ veb-səhifəsi yaradılıb. Həmçinin yarış müddətində iştirakçıları məlumatlandırmaq üçün gündəlik “Katalayzer” jurnalı dərc edilir.
Qeyd edək ki, ilk Beynəlxalq Kimya Olimpiadası 1968-ci il iyunun 18-21-də Çexoslovakiya Respublikasının (indiki Çex Respublikası) paytaxtı Praqada keçirilib. Üç ölkədən - Çexoslovakiya, Macarıstan və Polşadan 18 şagirdin iştirakı ilə keçirilmiş bu bilik yarışması həmin dövrdən etibarən hər il (1971-ci il istisna olmaqla) bir ölkədə təşkil olunur. Ötən əsrin 80-ci illərindən başlayaraq Olimpiadada iştirakçı ölkələrin sayı artıb. 1998-ci ildə Olimpiadada artıq dünyanın bütün qitələrini əhatə edən 47 ölkənin təmsilçiləri yarışıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən gencalimler.az saytına istinad zəruridir