Xeyirxahlıq simvolu
Yan 26 , 2016 | 11:55 / Müsahibələr, çıxışlar
Oxunma ( 8492 )

Aynurə Niyaz qızı Paşayeva
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi

“Kasıb olduqlarından ata-anam mənə sevgi, məhəbbət, nəvazişdən başqa heç nə verə bilməyiblər, məndə olan bütün yaxşı cəhətlər üçün onlara - məhəbbət və nəvazişlərinə borcluyam. Şübhəsiz, bu da Allah-təalanın iradəsi ilə olub. Bütün işlərimlə yanaşı, fikrim-zikrim xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna görə gecə-gündüz əlləşirəm. Məqsədə çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib, hər yerə - uzaq kəndlərə də göndərilməlidir”.

H.Z.Tağıyev, “Təzə həyat” qəzeti, 12.02.1908

Xeyirxahlıq nəciblik, mərhəmət, şəfqət və alicənablıq deyil, xeyirxahlıq hər şeydən birinci mayası insa-na məhəbbətlə yoğrulamuş humanizmdir. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər.
Həzrət Əlidən (ə.s.) də bir iqtibas gətirmək yerinə düşərdi: “Dörd şeydən ikisini yadda saxla-yın, ikisini unudun” - deyib əleyhüssəlam: “Sizə olunan yaxşılığı unutmayın, etdiyiniz yaxşılığı yad-dan çıxarın. Sizə olunmuş pisliyi unudun, etdiyinizi yaddan çıxarmayın”.

Əgər birinci halda xeyirxahlıq bir nəticə, nəcib sosial akt kimi təbliğ olunursa, ikinci nöqteyi-nə-zər daha çox bu hərəkətin dərin mənəvi-fəlsəfi saxlanclarından xəbər verir, təvazökarlıq, alicənablıq kimi məziyyət cizgilərini, ümumbəşəri əxlaq, etika və nəzakət normalarını təşviq edir.

Xeyirxahlıq barədə dünya mütəfəkkirlərinin çox qiymətli fikirləri var. Məşhur ispan dramaturqu Migel de Servantesin bu barədə fikri daha çox diqqət çəkir: “Xeyirxahlıq - artığı ziyan verməyən bir əməldir”.

Azərbaycan tarixində xeyirxah əməlləri ilə böyük iftixar sahibi olan Hacı Zeynalabdin Tağıyev (25.01.1823-01.09.1924) cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsində misilsiz xidmətləri ilə dövrünün başqa kapitalist və milyonçularından fərqlənirdi. Məşhur azərbaycanlı maarifpərvər milyonçu, Rusiya imperiyasının dövlət müşaviri, Şərqdə ilk qızlar məktəbinin yaradıcısı, sərvətini xalqın gələcək rifahı üçün sərf edən böyük səxavət sahibi Hacı Zeynalabdin Tağıyevin adını uzun illər təsiri altında olduğumuz sovet rejimi bizə unutdurmağa çalışsa da, böyük xeyriyyəçilik fəaliyyəti ilə hafizələrdə yaşayan bu böyük şəxsiyyəti yaddaşlardan silə bilmədi. “Onun zəkası iki qayə üçün çalışmışdır: I - zəngin olmaq, II - milli qayəmizə xidmət etmək, milli inkişafımızı və yüksəlişimizi dəstəkləmək“ (Nağı Şeyxzamanlı).

Onun fəaliyyətində elə hallar olmuşdur ki, xalqın ehtiyacı öz şəxsi mənafe və qazancından qat-qat yüksək olmuşdu. Tağıyevin təşəbbüsləri çox vaxt çətinliklə həyata keçirdi. Əcnəbi və erməni kapitalistləri, yerli çar məmurları Hacı Zeynalabdin Tağıyevin hər bir təşəbbüsündən qorxuya düşərək, hər vasitə ilə ona mane olmağa çalışırdılar. Ancaq bütün mürəkkəbliklər qarşısında Hacı Zeynalabdin Tağıyev öz əməlləri ilə xalqın əbədi rəğbətini, hörmətini qazanmağa nail olur.

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində dünyaya göz açmışdı. 10 yaşında olarkən anası Ümmü xanımı (bəzi mənbələrdə bilgəhli Anaxanım) itirir. Əvvəlcə atasının yanında əmək fəaliyyətinə başlayan balaca Zeynalabdin daha sonra 12 yaşında bənna yanında daşyonma sənətini öyrənir. 15 yaşında bənnalığı öyrənmiş, Bakıda bir çox binaların inşa olunmasında iştirak etmişdi. 1873-cü ildə 50 yaşında olan zaman qazdırdığı neft quyusu fontan vurur və həyatındakı böyük dönüş o zamandan başlayır. Hacı Zeynalabdin Tağıyev tək dövrünün məşhur neftxudası deyil, eyni zamanda Kür-Xəzər dənizi kənarında böyük balıq vətəgələri, dəyirmanı, iri toxuculuq fabriki, Quba, Yevlax ətrafında, Ənzəli, Rəştdə geniş meşə sahələri, ticarət, yük, sərnişin gəmiləri, Bakıda, Moskvada böyük imarətlər sahibi idi.

O, 1894-cü ildə Mərdəkanda Kənd təsərrüfatı məktəbinin, 1896-cı il Peterburq müsəlman xeyriyyə cəmiyyətinin, 1901-ci ildə Bakıda ilk qız məktəbinin, 1883-cü ildə ilk teatr binasının, 1905-ci ildə ilk “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin əsasını qoymuşdu. O, 1898-ci ildə “Kaspi” mətbəəsini alaraq həmin adla Azərbaycan ziyalılarının ixtiyarına verir. Tehranda Rüşdiyyə və “Səadət” məktəbini açdırmış, Abşeronda fəhlələr üçün ilk qəsəbə saldırmışdı. “Kaspi” nəşriyyatında çap olunan ilk “Quran”ı Azərbaycan dilinə tərcümə etdirmişdi. Məhəmməd Hadinin ilk kitabı “Firdövsülhamat”ı öz xərcinə “Kaspi” mətbəəsində çap etdirmişdi.

Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları İsmayıl, Sadıq və qızı Xanım. İkinci həyat yoldaşı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın həyat yoldaşı idi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları Leyla (sonralar Şəmsi Əsədullayevin oğlu ilə ailə qurmuşdu), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd "Dikaya diviziya"nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq dünyadan köçmüşdür. Hacı Zeynalabdinin ömrünün son günlərinə kimi onun yanında olan ancaq Sara xanım olmuşdu. Sara xanım son nəfəsinədək atasına görə itirilmiş hüquqlarının bərpasına, atasına qarşı yanlış yanaşmaları, münasibəti aradan qaldırmağa çalışmışdır.

Milyonçu Hacı Zeynalabdin Tağıyevi xeyriyyəçilik fəaliyyətinə görə Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özlərinə fəxri sədr seçmişdilər. O, tək Azərbaycanda deyil, Rusiyada və bütün müsəlman aləmində tanınmış sərmayədar idi.
Nəyə görə dövrünün çoxlu sayda milyonçuları içərisində ən çox yaddaqalan, adı çəkilən Hacı Zeynalabdin Tağıyev idi? Çünki Bakı sərmayədarları içərisində heç bir milyonçu xalqa, camaata Tağıyev qədər yaxın olmamışdı. Çünki o, özü xalqın içərisindən çıxmışdı, adi palçıq daşıyan fəhlədən adlı-sanlı, qüdrətli sərmayədar dərəcəsinə qədər yüksəlmişdi. Xalqımızın yaddaşında xeyriyyəçilik mücəssəməsi kimi özünə əbədi heykəl ucaltmış “millət atası” adını da ilk dəfə o aldı.

Hacı Zeynalabdin Tağıyevin maarifpərvər fəaliyyətləri içərisində ən çox yaddaqalanı Şərqdə ilk qız məktəbinin (indiki AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun binasında yerləşib) əsasını qoyması oldu. O dövrün hadisələrinin şahidi və iştirakçısı olan Nağı Şeyxzamanlı (Türkiyəyə getdikdən sonra Naki Keykurun adı ilə tanındı) “Azərbaycan istiqlal mücadiləsi tarixi (1905-1920)” adlı xatirələrində Tağıyevin Avropaya təhsil aımaq üçün gedən tələbələrin qarşısına qoyduğu şərtləri ardıcıllıqla sadalayır:

1. Hər tələbəyə təhsilinin davamı müddətincə 50 rublə veriləcəkdir.Yaz tətillərində Qafqaza gəliş və dönüş xərcləri də ayrıca ödənəcəkdir.
2. Tələbə yüksək təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək, məmləkətinə xidmət edəcəkdir.
3. Tələbə qeyri-türk ilə evlənməyəcəkdir.
4. Tələbə təhsilini bitirib həyata daxil olduqdan sonra təhsil müddətində Hacı Zeynalabdinin aldığı pulu Cəmiyyəti- Xeyriyyəyə tam, yaxud da ödəyə biləcəyi məbləğdə hissə-hissə ödəyəcəkdir.

Bir gün yaz tətilinə gələn tələbələr Hacıya qeyri-türk qızı ilə evlənməməklə bağlı imza aldığı təqdirdə, məmləkətlərində savadlı türk qızlarının olmaması ilə bağlı təəssüflənib şikayətlənirlər. Hacı Zeynalabdin Tağıyev bu söhbətdən sonra Bakıda qız məktəbi açmağı qərarlaşdırır. Nəriman Həsənəliyev Sara xanımla apardığı müsahibəsində Sara xanım həmin qız məktəbi ilə bağlı söhbətində qeyd edirdi: “Azərbaycanda həm məktəblər, həm də yetimxanalar açmağa həmişə səxavətlə vəsait buraxırdı. Amma onun qız məktəbi açmağı nələrin, nələrin bahasına başa gəldi, onu yalnız tanrım bilir...”. Hacı Zeynalabdin Tağıyev qız məktəbini açmaqdan ötrü dəfələrlə II Nikolaydan xahiş etmiş, bundan ötrü onun həyat yoldaşı Aleksandr Fyodorovnaya çox qiymətli hədiyyələr göndərmişdi. Amma qarşılaşdığı problemlər məktəbin açılışı ilə başa çatmır. Mövhumatın hökm sürdüyü cəmiyyətdə qız uşaqlarının məktəbə təhsil üçün göndərilməsi o dövrdə “abır-həya” pərdəsinin götürülməsi hesab olunurdu. Hətta o dövrdə Tağıyevin bu addımına görə onu öldürmək üçün cani də sifariş etmişdilər. Tağıyev bir sıra din xadimlərinə pul verib Məkkə, Mədinə, Kərbəla, Dəməşq kimi ən müqəddəs şəhərlərdən möhürlü sənədlər gətizdirərək şəhərdə əhaliyə oxutdurub, qadınlara fiziki təzyiqlər göstərən qoçulara, din xadimlərinə qadınların kişilərlə bərabər hüquqa malik olduqlarını sübuta yetirməyə çalışırdı.

H.Z.Tağıyev barədə həqiqətləri oxucuya çatdıran publisistik yazılar sırasında Nağı Şeyxzamanlının (Naki Keykurun) Türkiyədə çap olunan “Azərbaycan Aylıq Kültür dərgisi”nin 1957-ci il 14-cü sayında “Böyük bir xeyirsevər Hacı Zeynalabdin Tağızadə”, “Odlar yurdu” qəzetinin 1989-cu ilin iyul ayında 14-cü sayında Mövsüm Əliyevin “Maarifçi H.Z.Tağıyev”, “Ədəbiyyat” qəzetinin 1995-ci il 14 aprel tarixli sayında akademik Ziya Bünyadovun “Allah sənə rəhmət eləsin, Hacı!”, “Azərbaycan” jurnalının 1989-cu il tarixli 12-ci sayında Nəriman Həsənəliyevin “Əsrin yaşıdı ilə görüş”, 1999-cu il tarixli 9-cu sayında Teyyub Qurbanın “Hacı Zeynalabdin Tağıyev: Ömür boyu və yubiley yaşında” adlı məqalələri dayanır. Doğrudur, bu böyük şəxsiyyət barədə N. Nərimanovun “Hacı Zeynalabdin Tağıyevin 50 illik məişəti və cəmaətə xidmətləri” (1900), Hüseyn Nəcəfovun “Balaxanı mayı” (1986), Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” (1987), “Azərbaycan milyonçuları: Hacı Zeynalabdin Tağıyev” (1996), Əşir Bəşiroğlunun “Hamının sevimlisi (H.Z.Tağıyev haqqında)” (2012) kitabları da yazılmışdır. Ancaq mən bu yazımda “Azərbaycan” jurnalında nəşr olunan məqalələr barəsində fikir bildirmək istərdim.

Jurnalist Nəriman Həsənəliyevin “Əsrin yaşıdı ilə görüş” müsahibəsindəki respondent Hacı Zeynalabdin Tağıyevin son dəqiqələrinə kimi yanında olan, onun qızı olduğuna görə sürgünlər, məhrumiyyətlər, məhbəslər taleyi yaşamış, gözləri dünya işığından məhrum olan, ömrünün qoca çağlarını soyuq, təmirsiz mənzilində keçirən, qohumları, övladları tərəfindən biganəliklə qarşılanan, yüksək mədəniyyətli, ziyalı qadın Sara xanım haqsız yerə itirilmiş vətəndaşlıq hüquqlarının bərpasını tələb edirdi. Atasının ölümündən sonra kimisi az və ya çox dərəcədə onun xeyirxahlığını qiymətləndirmək təşəbbüsündə oldu. Ancaq heç kim öz qədirşünaslıq aktını Sara xanım kimi sona qədər yerinə yetirə bilmədi. Məruz qaldığı ictimai ədalətsizliklərə qarşı ömür boyu mübarizə aparan, bir kapitalist qızı olduğuna görə həyatı boyu göz dustağı olan Sara xanımın mətanəti, yüksək dözümü reportyoru inanılmaz dərəcədə heyran qoyur. Müsahibədə Tağıyevin şəxsiyyəti onun ömür yoluna canlı şahidlik etmiş Sara xanımın şəxsi retrospeksiyası (keçmişə qayıdış) ilə aydınlaşır. Bu müsahibədə reportyor respondentlə heç bir konfliktə girmədən məntiqi suallarla onun söylədiklərini doğru qəbul edir, ilk savadlı azərbaycanlı qadınına, xalqımızın böyük iftixar sahibinin qızına göstərilən biganəliyə görə təəssüflənir, bəzən qarşı tərəfin halına acıyaraq öz emosional münasibətini də bildirməkdən çəkinmir.: “Onun bircə arzusu var: nahaq yerə, heç bir sənədsiz-sübutsuz işdən götürülməsini lazımı idarələrin nəzər-diqqətinə çatdırmaq və ədalətin təntənəsinə nail olmaq”.

H.Z.Tağıyevin itirilmiş adının bərpası uğrunda böyük əzmkarlıqla mübarizə aparan Sara xanım müsahibəsində atası haqqında elə məntiqi ardıcıllıqla, ürəkdolusu bəhs açır ki, sanki müsahibə oxucunun nəzərində vahid süjet ətrafında cərəyan edən milyonçu, mesenat Hacı Zeynalbdin Tağıyev romanını xatırladır.

Hacı Zeynalabdin Tağıyev şəxsiyyətini ictimaiyyətin diqqətinə çatdıran, onun barəsində yazılanları saf-çürük edib analitik təhlil süzgəcindən keçirən Teyyub Qurbanın “Hacı Zeynalabdin Tağıyev: Ömür boyu və yubiley yaşında” məqaləsində isə publisistin ədalətin xilafına çıxanlara qarşı əsaslı dəlillər gətirərək Hacı Zeynalabdin Tağıyev barədə yazılan çirkin iftiraları təkzib etməsi, hətta onlara qarşı münasibətdə haqlı qəzəb və hiddəti də duyulmaqdadır.

1999-cu ildə Teyyub Qurban Tağıyev barədə yazırdı: “Azərbaycan tarixşünaslığında bu günədək H.Z.Tağıyevdən ancaq birtərəfli bəhs edilmiş, o, istismarçı sinfin nümayəndəsi, əməkçi xalqın qanını soran kapitalist, milyoner kimi tənqid edilmişdir. Cüzi istisnalar olmaqla, Tağıyevin maarifpərvərlik və mesenatlıq fəaliyyətindən danışılmamışdır”.

Vaxtilə qızı Sara xanım Tağıyevin maarifçilik görüşləri ilə bağlı dissertasiya yazsa da, məlum səbəblərdən o dövrdə müdafiə edə bilməmiş, üstəlik bu təşəbbüsünə görə çalışdığı M.F.Axundov adına Rus dili və Ədəbiyyat İnstitutunun kitabxanasından qovulmuşdur.
Əslində Tağıyevin həyat və fəaliyyəti daha geniş tədqiqat mövzusudur. Ancaq zəngin mənəvi dəyərlərə malik xalqımız mesenat Hacı ZeynalabdinTağıyevin adını hər zaman yaşadacaq, onun kimi uzaqgörən, xeyirsevər, mütərəqqi şəxsiyyətlər yetişdirməkdə davam edəcək.
http://www.kaspi.az/news.php?id=26661#.VqcqFkSPqxw.facebook

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.