AMEA Azərbaycan iqtisadiyyatında
Fev 09 , 2016 | 03:13 /
Oxunma ( 6604 )

Fətəli Abdullayev

AMEA İşlər idarəsinin müdiri, s.e.f.d. 

Tarixən təbii resurs ehtiyatları ilə zəngin olan Azərbaycanın son illər ölkə rəhbərliyinin qarşıya qoyduğu strateji hədəflərdən biri kimi qeyri-neft sektorunda ixrac potensialının artırılmasına xüsusi diqqət ayrılır. İstər “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında, istərsə də ayrı-ayrı dövlət proqramlarında sənayenin inkişafı, ixrac yönümlü əmtəə və xidmətlərin stimullaşdırılması, o cümlədən sahibkarlığın inkişafı kimi məqsədyönlü fəaliyyətlər xüsusi vurğulanır.

“Qara qızılı insan kapitalına çevirmək” tapşırığının reallaşdırılması üçün elm, tədqiqat və təhsilin iştirakı olmadan, insan kapitalını gücləndirmək, ixrac zamanı rəqabətqabiliyyətli məhsulların istehsalını artırmaq daha çətinləşir. Belə amilləri və qarşıya qoyulmuş konkret tələbləri nəzərə alaraq, AMEA ölkəmizin qeyri-neft sektorunun inkişafına verə biləcəyi töhfələri daha da artırmaq üçün genişmiqyaslı fəaliyyət istiqamətləri müəyyənləşdirmişdir. Belə ki, AMEA yalnız elmi-tədqiqat institutlarının cəmləşdiyi ali elm qurumu kimi deyil, həm də istehsal və sənayenin inkişafında birbaşa tərəfdaş kimi çıxış edə bilən iqtisadi bir subyekt kimi rol oynayaraq hazırki iqtisadi konyukturun inkişafına töhfə vermək iqtidarındadır. Akademiyanın büdcədən asılılığının azaldılması ilə yanaşı, neftlə əlaqəli və qeyri-neft sektorlarında ixraca dəstək imkanlarımızı, o cümlədən milli iqtisadiyyatımızda baş verən son trendləri nəzərə alsaq, rəqabətqabiliyyətli, ixrac yönümlü iqtisadiyyatın qurulmasında birbaşa iştirak etməlidir. AMEA-nın sənaye ilə əlaqələrinin gücləndirilməsi, sahibkarlıq subyektləri ilə birgə layihələrin icra edilməsi, o cümlədən öz elmi-tədqiqat, təcrübə-konstruktor işləri əsasında öz istehsal prosesinin təşkili büdcədən-kənar bir fond formalaşdırmaqla, həm büdcə yükünü azaltmış, həm də ölkəmizin qeyri-neft sektorunun ixrac potensialını artırmış olacaq.

Dəqiq elmlər istiqaməti üzrə fəaliyyət göstərən AMEA-nın elmi-tədqiqat institutları və təcrübə-konstruktor bürolarında çalışan alim və mütəxəssislərimiz fizika, kimya, geologiya, biologiya, kibernetika və İKT kimi sahələr üzrə elmi potensiala və maddi-texniki bazaya malikdir. Bu institutların yaratdığı bilik potensialının Azərbaycan sənayesinin inkişafında iştirak etməsi üçün mühüm işlər görülməkdədir. İnnovasiya fəaliyyətinin gücləndirilməsi məqsədilə aşağıdakı işlər görülmüşdür:

- İnnovasiya şöbəsi, Elm və Texnologiya Parkı yaradılmış, beynəlxalq əlaqələr zənginləşdirilmiş və innovasiya fəaliyyətinin bütün mərhələlərini reallaşdırmaq üçün AMEA Təcrübə-Sənaye Zavodunda əlverişli imkanlar təmin edilmişdir. Hazırda 31 adda məhsul istehsal edən həmin zavodun 20 hektarlıq ərazisində yeni istehsal zonaları təsis edilmiş, avadanlıq və işçi bazası gücləndirilmiş, müasir infrastruktur yaradılmışdır. Zavodun məhsulları artıq yerli və xarici bazarlarda rəğbətlə qarşılanmaqdadır;

- ölkəmizin müxtəlif rayonlarında yerləşən AMEA-nın təxminən 3000 hektarlıq kənd təsərrüfatı təyinatlı əkinəyararlı torpaqlarında aqrar elm istiqamətinə çalışan alim və mütəxəssislərimizin multidissiplinar elmi-praktiki layihələri, yeni təsərrüfatçılıq növlərinin inkişafı üçün yaradılmış Təcrübə Dayaq Məntəqələri texniki avadanlıq və aqreqatlarla təchiz edilmişdir. Ərzaq təhlükəsizliyi, ekoloji təmiz kənd təsərrüfatı və fermer təsərrüfatının inkişafı baxımından mikroorqanizmlər vasitəsilə zənginləşdirilmiş üzvi və üzvi mineral gübrə istehsalı layihəsi xüsusi diqqət çəkməkdədir;

- müharibə şəraitində yaşayan ölkəmizin müdafiə potensialının gücləndirilməsi məqsədilə peşəkar alim və gənc mütəxəssislərimiz müvafiq dövlət strukturları ilə əməkdaşlıq edərək ən müasir texnoloji və innovativ üstünlüklərə malik hərbi təyinatlı cihaz və texnikaların inkişaf etdirilməsi üzrə layihələr həyata keçirirlər;

- bütün bu fəaliyyətlərin daha effektiv tətbiq edilməsi üzrə AMEA bir çox dövlət qurumları, yerli və  beynəlxalq təşkilatlarla, eləcə də ayrı-ayrı elm və texnologiya mərkəzləri ilə sıx əməkdaşlıq etməkdədir. Sənayemizin sahibkarlıq subyektlərinə və xarici investorlara maraqlı ola biləcək yeni innovativ texnologiya və biliklərin transferi imkanlarımız bu sahənin ekspertləri tərəfindən də qəbul edilir. AMEA mərkəzi icra hakimiyyəti orqanları, iri özəl müəssisələr və maliyyə təsisatları ilə razılaşmalar və birgə layihələr haqqında əməkdaşlıq imkanları əldə etmişdir.

Bütün bunlara baxmayaraq, AMEA-nın Azərbaycan iqtisadiyyatında rolunun gücləndirilməsi istiqamətində müəyyən işlər görülməli, qarşıya çıxan bəzi çətinliklərin həlli üzrə müvafiq təkliflər irəli sürülməlidir. Bu məqsədlə:

(a) milli iqtisadiyyatımızın inhisarçı maraqlardan qorunaraq rəqabətədavamlı məhsul və xidmətlər yarada bilməsi üçün də vacib olan qanunvericilik bazasının təkmilləşdirilməsinə ciddi ehtiyac vardır. Belə ki, elm, innovasiya və vençur kapital haqqında qanun layihələrinin, rəqabət haqqında məcəllənin, eləcə də texnoparkların yaradılması üçün müvafiq qanunvericilik bazasının təmin edilməməsi yalnız AMEA-nın deyil, bütövlükdə iqtisadi sistemin səmərəli fəaliyyətinə çətinliklər yaradır;

(b) İqtisadi ədəbiyyatlarda daxili bazarın inkişaf etdirilməsi üçün istifadə edilən “yerli tərkib” və “körpə sənaye” kimi dövlət dəstəyi siyasətlərinin dünyanın müxtəlif ölkələrində uğurla tətbiq edildiyini nəzərə alaraq, belə siyasətlərin daxili resurslara əsaslanaraq hazırlanan məhsullarımızın ilkin mərhələdə dövlət tərəfindən qorunması kimi iqtisadi siyasət məqsədəuyğun hesab edilir. Bu baxımdan, oxşar dəstək mexanizmləri və dövlət satınalmalarında Akademiyanın innovativ məhsullarının iştirakının təşviq edilməsinə ehtiyac var. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi elmi cihaz və avadanlıqların idxal gömrük rüsumundan azad edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli, №232 nömrəli Qərarının müddətinin 2016-cı ildən sonrakı tarixlərə qədər uzadılması kimi ciddi addımlar atılması faydalı ola bilər;

(c) Ölkə rəhbərliyinin sənayenin inkişafına göstərdiyi diqqət və qayğısını nəzərə alaraq, AMEA-nın Elm və Texnologiya Parkının müvafiq fiskal və qanuni güzəştlərdən faydalana bilməsi üçün elmi texnopark statusunun verilməsi də ümumi işin sürətləndirilməsinə kömək etmiş olacaqdır;

(ç) Bunlarla yanaşı, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası kimi ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertləri ilə birgə Azərbaycanda innovasiya fəaliyyətinin kompleks təhlili və inkişaf strategiyalarının hazırlanması üçün addımların atılmasını da təklif edirik. Belarusiya, Ukrayna, Moldova kimi qonşu ölkələrdə aparılan belə araşdırmalar həmin ölkələrdə innovasiya fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynamışdır.

Cənab prezident İlham Əliyevin son çıxışlarında, o cümlədən AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirdəki nitqində də vurğulandığı kimi, bu baş verən proseslərə cavab olaraq ölkəmizdə innovativ layihələrə və yeni elm tutumlu istehsal təşəbbüslərinə üstünlük vermək, sahibkarlıq mühitini daha da yaxşılaşdırmaq, dəqiq və aqrar elm sahələrinə xüsusi diqqət yetirmək tapşırığına əməl etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin insan və təbii resurslarından maksimum səmərəli faydalanmaq, qeyri-neft sektorunun inkişafına töhfə vermək, eləcə də milli iqtisadiyyatımızın dünya bazarlarında rəqabət gücünü artırmaq üçün özünün bütün imkanlarını səfərbər edərək əməli fəaliyyətini sürətləndirəcəkdir.

www.science.az

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.