Fev 11 , 2016 | 04:54 / ELMİN TƏBLİĞİ
Fevralın 11-də AMEA Mərkəzi Elmi Kitabxanasında "Sabahın alimləri" V Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.
Müsabiqə AR Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə reallaşdırılır.
Müvafiq qurumların nümayəndələrinin, tanınmış alimlərin, ali məktəb rektorlarının, məktəb direktorlarının, təhsil işçilərinin, mütəxəssislərin, məktəblilərin iştirak etdikləri tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov müsabiqə və onun əhəmiyyətindən söz açıb, ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsi, intellektual potensialın möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Müasir dünyada elmin, təhsilin önəmli rolundan danışan nazir qeyd edib ki, ölkənin ümumi təhsil müəssisələrində həyata keçirilən islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi xüsusi yer tutur.
M.Cabbarov bildirib ki, “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsinin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq, onlara elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişləri aşılanmasından ibarətdir. Nazir innovativ fikir yarışması olan bu müsabiqənin gənclərə müxtəlif problemlərin elmi həlli yollarını axtarıb tapmağa kömək edəcəyini xatırladıb.
Sonra çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısının yürütdüyü siyasətin uğurlu nəticələrindən danışıb. AMEA rəhbəri bu gün Azərbaycanın dinamik inkişaf etdiyini və dünya ölkələri arasında özünə layiqli yer tutduğunu vurğulayıb.
AMEA-da elmin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən söz açan akademik A.Əlizadə elm, təhsil üzrə keçirilən müsabiqələrin bu sahəyə yeni töhfələr verəcəyinə inamını ifadə edib. AMEA rəhbəri “Sabahın alimləri” V Respublika müsabiqəsinin məktəblilərdə elmə, təhsilə xüsusi maraq doğuracağına əminliyini bildirib, iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə AR Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsilimizin inkişafında mühüm rolunu vurğulayıb. İ.Babayev Azərbaycan məktəblilərinin beynəlxalq elm yarışlarında iştirakının önəmli olduğunu qeyd edib.
İntel Korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana NanayevaBeynəlxalq Elm və Mühəndislik Sərgisinin şagirdlərin elmə və yeni biliklərə maraqlarının artmasında rolunu diqqətə çatdırıb.
Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edir. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir.
Müsabiqə fevralın 13-də başa çatacaq. Müsabiqənin ikinci günündə münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılacaq, eyni zamanda müsabiqənin Təlim Akademiyası fəaliyyət göstərəcək. Sonuncu gün “Açıq qapı” saatı keçiriləcək, şagirdlər və müəllimlərə layihələrlə tanış olmaq imkanı yaradılacaq.
Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplom, medal və digər mükafatlar təqdim olunacaq.
Münsiflər heyəti tərəfindən seçilmiş 3 layihənin müəllifi cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək Intel ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək imkanı qazanacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.